Eyyub Hüseynov ictimai şuraları tənqid etdi

“Bir çox qurumlar saxta şuralar yaratmaqla cənab Prezidentin ictimai nəzarətə dair çağırışlarına kölgə salır və aldadırlar”.

Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, ilyarımdan artıqdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şura yaradılıb, rəhbəri olduğum Azad İstehlakçılar Birliyi də həmin Şuranın üzvüdür. Bununla belə, AİB sədri AQTA yanında İctimai Şuranı ən effektsiz işləyən şuralardan biri kimi dəyərləndirir.

"Demək olar ki, Şuranın AQTA-nın mətbəxində gedən işlərdən, kollegiyanın qəbul etdiyi qərarlardan xəbəri yoxdur. Son dönəmlərdə heç Şuranın iclası da keçirilmir" deyən Eyyub Hüseynov əlavə edib ki, ümumiyyətlə, bəzi qurumlar saxta şuralar yaratmaqla dövlət başçısının ictimai nəzarətə dair çağırışlarına kölgə salır və aldadırlar.

"Biz Azad İstehlakçılar Birliyi olaraq bu vəziyyətə etiraz edirik”, - deyə Eyyub Hüseynov vurğulayıb.