Şəhidləri tək-tək ziyarət edin!
Yusif Seyid
Şəhidlər xiyabanına tək-tək gedin. Artıq bir neçə ildir ki, mən 20 yanvar günü Şəhidlər xiyabanına getmirəm. Bunu mənə irad tutanlar da olur. Səbəbini deyim. Şəhidlər xiyabanı ruhlar məkanıdır, onlar yalanı, riyakarlığı daha tez hiss edirlər. İldə bir dəfə keçirilən kütləvi ziyarət heç də şəhidlərin ruhuna hörmət deyil, sadəcə bir tədbirdir, Ona görə də şəhidləri ürəyinizin səsini dinləyərək tək-tək ziyarət edin. Onda onların narahat ruhlarının səsini eşidə bilərsiniz və bu heç də sizlərdə xoş ovqat yaratmayacaq . O məkana hər ziyarətində onların narahat ruhlarının iradlarını, tənələrini, hayqirtilarinı eşidirəm.
"Biz canımızi, qanimizi xalqımızın səfalət, məmurların səadəti üçünmu fəda etdik, rus imperiyasınin caynagından qurtardığımız sərvətimizin məmurlar və harınlar tərəfindən talanmasına niyə yol verirsiniz?" - bunları eşitmək çox çətin, amma mütləq lazım. Bunun üçün də Şəhidlər xiyabanını tək-tək ziyarət edin. Kütləvi ziyarət zamanı bunları eşitməyəcəksiniz, çünki yalançı və riyakar simaları görmək istəməyən ruhlar belə ziyarət zamanı gizlənirlər. Onlar buraya məcburən gətirilən, boğazdan yuxarı söz danışan riyakarları görmək, eşitmək istəmirlər. Sözün qisası, şəhid ruhlarının səsini eşitmək istəyirsinizsə Şəhidlər Xiyabanını ürəyinizin səsi ilə tək-tək ziyarət edin! Əminəm ki o səsləri siz də eşidəcəksiniz. Allah butün şəhidlərimizə rəhmət eləsin!