300 manata necə gün yaşamaq olar?


Rəsmi işçilərin 40 faizi 300 manata maaş alır

Azərbaycanda əmək müqaviləsi ilə işə girənlərin 40 faizi minimum əmək haqqı ilə çalışır. 

Bu barədə Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin KİV nümayəndələri üçün keçirdiyi birgə təlimdə bildirilib. Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən etibarən minimum əməkhaqqının məbləği 300 manat müəyyən olunub. Onu da vurğulayaq ki, rəsmi qurumlar bu rəqəmləri təsdiqləməklə bir daha ölkə əhalisinin həyat səviyyəsini ortaya çıxarır. Belə ki, 40 faiz az rəqəm deyil və əgər bir ölkənin bu sayda əhalisi 300 manat əmək haqqı alırsa, mövcud bazar qiymətlərini nəzərə aldıqda çox acınacaqlı bir vəziyyət müşahidə etmək mümkündür.

Digər tərəfdən, işçilərin əmək müqaviləsi ilə bağlı adətən “qara mühasibatlığın” mövcud olduğu deyilir, halbuki vergi yükünü azaltmaqla dövlət özü bu problemin həllinə nail ola bilər.

Bu gün hökumətə vətəndaşların 300 manat əmək haqqı alması, yoxsa “qara mühasibatlıq” sərf edir? 

İqtisadçı-ekspert Razi Abbasbəyli bildirdi ki, əsasən minimum əmək haqqının yazılması faktı özəl sektorda özünü biruzə verir:

“Özəl sektorda çalışanlar 300 manata işləmirlər. Lakin vergi yükünün ağır olması sahibkarları buna məcbur edir ki, əmək haqlarını rəsmi qaydada 300 manat göstərsinlər, qalan məbləğləri ilsə nağd şəkildə versinlər. Burada dövlət düşünməlidir ki, vergi yükünü azaltmaq lazımdır. Azərbaycanda əmək haqlarına tətbiq edilən vergilər kifayət qədər çoxdur və təxminən 20 faizdən yuxarıdır. Heç bir sahibkar və yaxud çalışan istəməz ki, əmək haqqından bu qədər vergi ödəsin. Xüsusilə də kiçik və orta sahibkarlıq subyektləri üçün fərqli vergi kateqoriyaları tətbiq edilməlidir ki, bu dünya təcrübəsində var. Həmin kiçik və orta sahibkarlıq subyektlərinin vergi yükünü azaltmaq lazımdır ki, həm vətəndaşlar əmək haqlarını real göstərə bilsinlər, həm də öz gəlirlərinin böyük bir qismini vergiyə ödəməsinlər. Əslində Azərbaycanda 300 manat əmək haqqı alan vətəndaşlar çoxdur. Bu, əsasən dövlət sektorundadır. Məsələn, DOST mərkəzlərində 60-70 min vətəndaşa, dövlət təşkilatlarının xidmət sektorunda minimum əmək haqqı tətbiq olunur. Bu da həm dünyada, həm də Azərbaycanda inflyasiya həddinə görə kifayət qədər aşağı məbləğdir. Ölkəmizdə kommunal xərclər çox yüksəkdir, vətəndaşların kommunal yükləri həddindən artıq çoxdur. Son 6 ayda ölkədə 40 faizə yaxın inflyasiya gedib, bahalaşma var. Azərbaycan manatı daxili bazarda kəskin şəkildə dəyər itirib. Bu itirilən dəyər təqribən 40-45 faiz həcmindədir. Təqdim olunan əmək haqları, büdcədən maliyyələşən pensiya və digər sosial təminat sektorlarında verilən pensiya və istehlak minimumu 205 manat götürülüb ki, bununla Azərbaycanda bir vətəndaşın normal 1 ay ərzində yaşaması üçün cəmi 1 həftə bəs edir. Qalan 3 həftə isə vətəndaşlar çox ağır şəraitdə yaşayırlar”. 

 

Nigar Abdullayeva