İran parlamentinin Milli təhlükəsizlik komissiyası İsrailin oktyabrın 26-da ölkəyə hücumuna hərbi cavab vermək barədə qərar qəbul edib.
Lim10.az İran KİV-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İsmail Kosari deyib.
"Bəzi hökumət məmurları və digər şəxslər İsrailə cavab verməyəcəyimizi deyə bilərlər, lakin qərarı hökumətdə təmsil olunan və ya olunmayan şəxslər vermirlər. İsrailə hərbi cavabla bağlı qərar artıq Milli Təhlükəsizlik üzrə Ali Şura tərəfindən verilib", - deyə İ.Kosari qeyd edib.
Onun sözlərinə görə, İranın İsrailin zərbəsinə qarşı hərbi cavabı əvvəlkilərdən daha güclü olacaq:
"Yaxın Şərq bölgəsindəki müqavimət qrupları İsrailə cavab vermək üçün Silahlı Qüvvələrimizlə birləşəcək. Ola bilsin ki, əməliyyatdan əvvəl "Müqavimət oxu"nun üzvlərinin əməliyyatın aparılması ilə bağlı öz fikirləri var, yekun qərar verməmişdən əvvəl onlar bunu bildirsinlər. Beləliklə, İranın İsrailə hərbi cavabı mütləq şəkildə müqavimət qüvvələri ilə birgə həyata keçiriləcək".