"Netflix"in Paris və Amsterdam ofislərində axtarış aparılıb

Vergilərdən yayınma işi ilə əlaqədar "Netflix" striminq xidmətinin Paris və Amsterdam ofislərində axtarış aparılıb.

Lim10.az-ın məlumatına görə, bu barədə Fransanın "Le Parisen" qəzeti məhkəmə mənbəyinə istinadən məlumat yayıb.

Axtarışlar Milli Maliyyə Prokurorluğu və Korrupsiyaya qarşı Mübarizə üzrə Mərkəzi İdarənin müstəntiqləri tərəfindən aparılıb. Həmçinin məlum olub ki, iki il əvvəl prokurorluq vergi fırıldaqçılığı və çirkli pulların yuyulması ilə bağlı ilkin istintaqa başlayıb. İstintaq şirkətin Fransadakı baş ofislərinə yönəlib.

"Biz dünya üzrə fəaliyyət göstərdiyimiz bütün ölkələrin vergi qaydalarına riayət edirik", - qəzet "Netflix" nümayəndəsinin 2023-cü ilin yayında, Fransada vergi yoxlaması barədə məlumatlar ortaya çıxdıqdan sonra söylədiyi sözləri sitat gətirib.