“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”
KİTABDAN HİSSƏLƏR- 10
...Daha sonra 19 yanvardan 20 yanvara keçən gecə “ermənilərə ağlayan dünyanın göz yaşlarını qurutmaq üçün” təpədən-dırnağa silahlanmış sovet ordusu havadan, dənizdən və quru yollardan Bakıya girdi. SSRİ tarixində ilk dəfə sovet ordusu sovet dövlətinin bir şəhərinə silahlı hücuma keçdi.
Kreml rəsmi açıqlamasına görə, qoşunlar erməni qırğınlarının qarşısını almaq üçün Bakıya daxil olub. 6 gün sonra, 1990-cı ilin yanvar ayının 26-da SSRİ müdafiə naziri D. Yazov “İzvestiya” qəzetinə müsahibəsində bildirdi ki, qoşunlar Bakıda hakimiyyətin Azərbaycan Xalq Cəbhəsinə keçməməsi üçün gətirilib.
Hər iki açıqlama tam olaraq yanlış idi. Məntiqə isnad edərək sadə dildə bu yanlışlığı sübut eymək o qədər də çətin deyil. Kremlin açıqlaması həqiqəti əks etdirmirdi. Diqqət edin, Bakıda baş vermiş hadisələr yanvarın 16-da artıq bitmişdi və şəhərdə demək olar ki, sakitlik hökm sürürdü. Əgər gerçəkdən Krem dediyi kimi “”erməni qırğınlarının” qarşısını almaq üçün ordu yeriidilibsə, nəyə görə ordu hadisələrin gerçəkləşdiyi tarixlərdə, yəni, 12-16 yanvarda deyil, münaqişə dayandıqdan 3 gün sonra şəhərə daxil oldu sualının yaranması məntiqli deyilmi?
SSRİ müdafiə naziri “İzvestiya”ya müsahibəsində qeyd edir ki, ordu Azərbaycanda hakimiyyətin Xalq Cəbhəsinə keçməsinin qarşısını almaq üçün yeridilib. D. Yazov onu da deyib ki, Müdafiə Şurasının Bakıda 40 min silahlı dəstəsinin olduğu üçün istifadə olunub. Həqiqət necə idi? Müdafiə Şurasının iki yüzə yaxın silahlı dəstəsinin və müsadirə olunan avtomat silahların sayının cəmi 84 ədəd olduğu bəlli oldu. Özü də bu faktları Moskva ortaya qoydu. 84 avtomat silahı olan 200 nəfərlik Müdafiə Şurasına qarşı Kreml 50 min nəfərlik ordunu Bakıya göndərdi. Nədir bunun adı? İkinci bir sual da var. Müdafiə naziri deyirdi ki, Azərbaycanda sovet hakimiyyətinin Xalq Cəbhəsinin əlinə keçməməsi üçün qoşunlar Bakıya gəlib. Elədirsə, nədən sovet hakimiyyətini Bakıda devirməyə cəhd edən Xalq Cəbhəsinin rəhbərlərindən kimsə yox, hadisələrlə heç bir ilgisi olmayan 136 nəfər Azərbaycan vətəndaşı qətlə yetirildi. Minə yaxın mülki vətəndaş yaralandı.
SSRİ Müdafiə nazirinin bu müsahibəsi əslində M. Qorbaçovun və Kremlin erməni mafiyasının birgə yazdığı ssenaridə Bakının işğalında “erməni izinin” ört-basdır edilməsi üçün hesablanmışdı. İstintaq sənədləri də təsdiq edirdi ki, Azərbaycana qoşun yeridilməsi Bakı hadisələrindən əvvəl planlaşdırılmışdı.
Bizim xalqı heç bir zaman Azərbaycan ərazində yaşayan digər millətlərə qarşı düşmən münasibətdə olmayıb. Bakıdan köçüb getmiş ermənilər də digər xalqların nümayəndələri də dəfələrlə bunu etiraf edib. Heç kim Bakıda və yaxud Azərbaycanın digər yaşayış məntəqələrində azərbaycanlıların ermənilərlə, ləzgilərlə, ruslarla, yəhudilərlə, kürdlərlə, talışlarla və digər xalqların nümayəndələri ilə millətçilik zəminində adicə bir dava-dalaşının belə olduğunu deyə bilməz. Torpaqlarımızda yaşayan digər xalqların nümayəndələrinə qarşı anormal münasibət bu xalqın ağlının ucundan belə keçməyib. Doğulduğum kənddə bir erməni, İrandan köç etmiş 4 tat və 5 kürd ailəsi vardı. Onlardan birinə belə kiminsə “gözünün üstündə qaşın var” deyən olmadı. Ola da bilməzdi. Nədən ki, xalqımızın qanına çökmüş tolerantlıq buna imkan vermir. Azərbaycan xalqı hər zaman digər xalqların nümayəndələrini özündən biri saydı. Çünki onlar da bizim kimi Azərbaycan vətəndaşlarıdı.
Son 40 ildə Azərbaycandan təxminən 70 min yəhudi İsrailə və başqa ölkələrə köçdü. Tam əminliklə deyirəm, köç edən 70 min yəhidinin hər biri bu gün belə Azərbaycanı özünün vətəni hesab edir, onu minnətlə xatırlayır. Təsadüfi deyil ki, yəhudilər Azərbaycandan söhbət düşəndə belə deyir: “İsraildən sonra yəhudilərin tam olaraq qorxusuz, hüzur içində yaşadığı tək dövlət Azərbaycandır.” Bu deyimlə onlar Azərbaycan xalqının nə qədər yüksək mənəvi dəyərlərə sahib və sadiq olduğunu ortaya qoyub.
Bizim ermənilərə göstərdiyimiz sayğı və mehribanlıq əsla yəhudilərdən az deyildi. Hətta, xalqmız ermənilərə bir az daha isti münasibət bəsləyirdi. Eyni coğrafiyada yaşamağımız, müəyyən adətlərimiz və məişət tərzimiz bizi onlarla daha yaxın edirdi. Biz ermənilərə qarşı ifrat tolerant idik. O qədər tolerant idik ki, 1948-1953-cü illərdə Ermənistandan yüzminlərlə soydaşımızın deportasiyasını və bu deportasiylar zamanı minlərlə yox, onminlərlə qan-qardaşımızın dünyasını dəyişməsini 1960-cı llərin əvvələrindən unudaraq erməni qızlarını evlərimizə gəlin gətirdik.
Ermənistanda xalqımıza qarşı münasibət necə idi? Türkün düşmən olduğu və “Böyük Ermənistan” varlığı orta məktblərdə mütəmadi olaraq uşaqların beyninə yeridilirdi. Məhz bu düşmənçiliyin nəticəsi idi ki, Yanvar hadisələrinə qədər artıq Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdı.
1990-cı ilin yanvarındakı hadisələrdən, o dəhşətli faciədən sonra belə Azərbaycanda ermənilər yaşayırdı. Ermənistanda bir azərbaycanlı qalmadığı halda Azərbaycanda 30 min erməni millətinə mənsub olan insan yaşamaqdaydı və bu gün də yaşamaqda davam edir.
Gerçəkdən, buna ifrat tolerantlıqdan başqa ad vermək mümkün deyil.
Sovet Ordusu Bakını işğal etdi. O şəhəri ki, 2-ci Dünya müharibəsində Sovet Ordusunun alman-faşizmi üzərində qələbəsində fövqəladə rol oynamışdı. Tarixə nəzər saldıqda Bakının SSRİ üçün nə qədər strateji əhəmiyyətli bir şəhər olduğunu görmək olur. Bəzi statistik rəqəmlər Bakının önəminə tam ayna tutur. 2-ci dünya müharibəsində Bakı ildə 23 milyon ton neft istehsal edirdi. Azərbaycan neftçiləri 24 saat-dörd növbə gecə-gündüz çalışaraq, müharibənin sonuna qədər ordunu fasiləsiz olaraq yanacaqla təmin etdi. 5 il müddətində təxminən 100 milyon ton yanacaq göndərdi Sovet Ordusuna Azərbaycan neftçiləri. Ümumiyyətlə, 2-ci dünya müharibəsində cəbhənin ehtiyacları üçün zəruri olan neftin 75 faizdən çoxunu, benzinin 80, motor yağlarının 90 faizini Bakı göndərirdi.
Bu gün belə çoxları bilmir ki, alman-faşistlərini lərzəyə salan məşhur “Katyuşa”nın mərmiləri Bakıda hazırlanırdı.
2-ci dünya müharibəsindən sonra SSRİ-də 12 şəhərə və bir qala-şəhərə: Leninqrad, Odessa, Sevastopol, Stalinqrad, Kiyev, Kerç, Moskva, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk şəhərlərinə və Brest qalasına “Qəhrəman Şəhər” fəxri adı verildi. Azərbaycan xalqı ümid edirdi ki, Sovet İttifaqının Almaniya üzərində qələbəsində Bakı neftinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan neftçilərinin qəhrəmanlığı yalnız Bakı şəhəri “Qəhrəman Şəhər” adına layiq görüldüyü halda öz layiqli qiymətini alacaq. 700 min nəfər Azərbaycan vətəndaşı 2-ci dünya müharibəsində cəbhəyə getdi. Onlardan 300 mini müharibədə həlak oldu. Bütün Azərbaycan xalqı arxa cəbhədə yarımac vəziyyətdə gecə-gündüz işlədi. Əvəzində Kreml Bakını gözardı etdi. Azərbaycanın rəhbəri M. Bağırov dəfələrlə Bakıya münasibətdə ədaləti bərpa etməyə çalışsa da, bütün cəhdləri uğursuz alındı. Kremlin cavabı belə oldu: “Bakı cəbhə şəhəri deyildi və onun ərazisinə bir dənə də olsun alman bombası düşməyib.” Belə bir cavabı qəbul etmək məntiq xaricindədir. Bakıya bombalar atılsaydı və neft quyuları yandırılsaydı, o “Qəhrəman” elan olunan şəhərlərin və bütövlükdə SSRİ dövlətinin taleyi necə olacaqdı? O vaxt bu sualları ortaya qoymaq cəsarətində deyildi Azərbaycanın başında dayanan şəxs.
Bakının “Qəhrəman Şəhər” elan olunması Azərbaycanın neft və digər sənaye müəssisələrinin inkişafı üçün geniş perspektivlər açacaqdı. 5 il müddətində 100 milyon ton neft istehsal edən neftayırma zavodlarımızın yenidən qurulmasına böyük ehtiyac vardı. Kreml Bakıya SSRİ-nin faşizm üzərində qələbəsində layiq olduğu dəyəri vermədi.
Bu Kremlin sahibi İosif Stalinin və əlaltısı Anastas Mikoyanın Azərbaycana olan düşmən münasibətindən irəli gəlirdi.
ABŞ-ın məşhur generalı Corc Smitt Patton 1945-ci ilin iyun ayında «The New York Times» qəzetinə verdiyi müsahibədə 2-ci dünya müharibəsində alman-faşizmi üzərində qələbədə 3 əsas faktor olaraq bunları göstərirdi: 1. Sovet xalqının döyüşkən ruhu 2. Bakının nefti. 3. ABŞ-ın Lend-Liz proqramı.
“Lend-Liz” 11 mart 1941-ci ildə Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş proqram idi. Bu proqrama əsasən ABŞ müttəfiqlərini hərbi sursat, avadanlıq, ərzaq, tibbi ləvazimat və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin edirdi. II Dünya savaşı başladıqdan sonra ABŞ Sovet İttifaqı ilə də bu proqram çərçivəsində müqavilə bağladı. Müharibə ərzində ABŞ Sovet İttifaqına “lend liz” proqramı əsasında bunları verdi: 14795 təyyarə, 7056 tank, 5000-dən çox tank əleyhinə silah; 130 mindən çox avtomatik silah, 345 735 ton partlayıcı maddə 127.000 ton barıt; 35,800 ədəd radiostansiya; 2074 radar cihazı; 105 sualtı qayıq əleyhinə gəmi; 202 torpedo qayığı; 90 yük gəmisi; qayıqlar və gəmilər üçün 7784 mühərrik; 11 075 yük vaqonu; 8071 ədəd traktor; 2 milyon yarım telefon aparatı; 4.478.000 ton ərzaq və s.
Bakı müharibə illərində ABŞ-ın bu yardımının gerçəkləşməsində platformaya çevrilmişdi. Belə ki, göndərilən yardımların əhəmiyyətli bir hissəsi İrandan Bakıya gətirilir və sonra da cəbhə xəttinə göndərilirdi.
II Dünya müharibəsində Bakı neftinin həlledici rollardan biri olacağını Hitler hələ savaş başlamazdan öncə deyirdi. Odur ki, Hitler nəyin bahasına olursa-olsun, Bakının ələ keçirilməsini planlaşdırmışdı. 1939-cu ildə müttəfiqləri olan Polşanı almanlar işğal etdikdən sonra Fransa və İngiltərə Bakı neftinin Hitlerin əlinə keçməməsi üçün Abşerondakı neft quyularnı bombalamağı qərara almışdı. Sadəcə, faşistlərin Fransanı işğal etməsi bu bombardmanın gerçəkləşməsinə mane oldu.
1942-ci ilin iyul ayında Neft Sənayesi Xalq Komissarının müavini və Bakıda doğulub-ərsəyə çatmış Nikolay Baybakov Kremlə çağırıldı. İosif Stalin N. Baybakova Hitlerin Qafqaza tələsdiyini bildirdi. Dedi ki, bir damcı neft almanların əlinə keçməməlidir və keçərsə, sən güllələnəcəksən. N. Baybakov çıxmaq istərkən İ. Stalin onu saxlayıb dedi: Unutma, neft quyularını vaxtından əvvəl partlatsan, biz yanacaqsız qalacağıq və o zaman səni güllələyərik.
Göründüyü kimi Bakı neftinin fövqəladənin üstündəki önəmini II Dünya müharibəsində faşizmə qarşı səf tutan iştirak edən dövlətlərin hamısı anlayırdı. Anlayırdılar ki, Bakı nefti olmasa, SSRİ-nin üçüncü reyx tərəfindən işğalı qaçılmaz olacaq. Anlayırdılar ki, Bakı nefti olmasa, təkcə SSRİ deyil, bütün Avropa faşistlərin qarşısında diz çökəcək. Əsl həqiqət budur!
Bakı müharibədən sonrakı illərdə Sovet İttifaqının iqtisadiyyatının güclənməsində çox mühüm rol oynadı.
Əvəzində Kreml 1990-cı ilin yanvar ayımnın 20-də 50 min nəfərlik Sovet Ordusunu Bakıya soxaraq şəhəri qan gölünə çevirdi.
33 il əvvəl də bu gün də o fikirdəyəm ki, Bakıda erməni-azərbaycanlı qarşıdurmasının və Qanlı Yanvar faciəsinin əsas baiskarı M. Qorbaçov, Kremlin erməni mafiyası, ABŞ və Qərbdəki erməni lobbisi, və “Daşnaksütün” partiyasıdır..
Qanlı Yanvar faciəsinin əsas səbəbkarlarından biri də təbii ki, faciənin baş verdiyi gün yoxa çıxan Azərbaycan Kommunist Partiyasının brinci katibi Ə. Vəzirov idi.
Bu gün bəzi siyasətbazlar Ə. Vəzirovun günahsız obrazını yaratmağa səy göstərir, onun təpədən-dırnağa demokratik adam olduğunu dilə gətirir. Ömrünü Kremlə nökərçiliklə keçirmiş, vətənin və dövlətin mühafizəsinə mükəlləf olan birinin xalqa yaşatdığı acılar, faciələr ortada durarkən, onu qəhrəmana çevirmək istəyənlərin varlığı içimizdə hələ də tarixin dərslərindən ibrət götürməyən psevdoziyalıların varlığının göstəricisidir.
Ə. Vəzirov Azərbaycana M. Qorbaçovun kuklası kimi gəldi, Kremlə nökərçilik etdi və xalq düşməni olaraq yoxa çıxdı. Daha dürüstü Ə. Vəzirov Kremlin boynuna yüklədiyi missiyanı müvəffəqiyyətlə yerinə yetirdikdən sonra Moskvaya qayıtdı...
20 Yanvar faciəsi erməni millətçilərini ruhlandırmışdı. Artıq hədəfdə Dağlıq Qarabağın etnik təmizlənməsi vardı. M. Qorbaçov ermənilərin ruhunu daha da yüksəltmək üçün bir addım da atdı. 1990-cı ilin yanvar ayının 25-də Azərbaycan xalqının oyanışına əngəl olacaq yeni bir beynəlmiləlçi tapıb Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə qoydu.
Ayaz Mütəllibovu M. Qorbaçov Ə. Vəzirov kimi Moskvadan göndərməmişdi. O, 1989-cu ilin yanvar ayından Azərbaycan hökumətinin başında dayanırdı, başqa sözlə Azərbaycan SSR Nazirlər Sovetinin sədri idi. Yəni Azərbaycanda cərəyan edən proseslərdən tam xəbərdardı. Ermənistanda yaşayan soydaşlarımızın deportasiyasından və onlara qarşı törədilən cinayətlər barəsində də müfəssəl məlumata malik idi. Azərbaycanın faktiki olaraq ikinci adamı sayılan Ayaz Mütəllibov təpədən dırnağa bir partokrat idi və eynən Ə. Vəzirov kimi Kremlin göğstərişlərini can-başla yerinə yetirirdi. A. Mütəllibov Nazirlər Sovetinin sədri işlədiyi bir il müddətində demək olar ki, münaqişə ilə ilgili heç bir mövqeyə sahib deyildi. O, Ə. Vəzirovun nə qədər bacarıqsız kadr olduğunu gözəl bilirdi və onun kreslosunda oturmaq ən böyük arzusu idi. Azərbaycan xalqının faciəyə düçar olması A. Mütəllibovun arzusunu gerçkləşdirdi. 90-cı illəri yaşayanlar yaxşı bilir, A. Mütəllibov yüzdəyüz Kremlin təlimatları ilə fəaliyyət göstərir, çıxışlarında Kommunist Partiyasının “atalıq qayğısından” danışır, “xalqlar dostluğunun” önəmindən söhbət açırdı. Ə. Vəzirov kimi o da Azərbaycanın başının üstünü almış fəlakət buludlarını görmürdü. Qanlı 20 Yanvar faciəsindən sonra belə Ayaz Mütəllibov Azərbaycan xalqını düçar olduğu faciəvi durumdan M. Qorbaçov başında dayandığı Kommunist Partiyasının xilas edəcəyini düşünürdü.
M. Qorbaçovun Kremldə Kommunist Partiyasını demontaj etməsini, SSRİ-nin təməllərini dağıtmasını dünya gördüyü halda Azərbaycanın başında dayanan şəxs proseslərdən xəbərsiz idi. Görünən o idi ki, A. Mütəllibov SSRİ-nin dağılacağını, Kommunist Partiyasının iflas olacağını təsəvvür belə etmək iqtidarında olmayıb.
Olsaydı, Ermənistanın başında dayananlar kimi xalqının önündə gedərdi. A. Mütəllibovun vəzifə kreslosuna-Birinci katib vəzifəsinə olan məhəbbəti Ə. Vəzirovovdan qat-qat çox idi. Odur ki, xalqın mübtəla olduğu dərdləri bir kənara qoyub vəzifəsini qorumaq üçün ciddi səylər göstərirdi. Kreslonu qorumağın əsas şərti də Kremlin qarşısında “farağat” dayanmaq, onun nişan verdiyi hədəflərə qarşı mübarizə aparmaq idi. Əgər Ə. Vəzirov vəzifəsini qorumaq üçün Azərbaycan Xalq Cəbhəsi ilə savaşırdısa, A. Mütəllibov həm, Xalq Cəbhəsi, həm də, Moskvadan Naxçıvana qayıdan və oradan da Azərbaycan Ali Sovetinə deputat seçilən Heydər Əliyevlə “müharibə” aparırdı.
Ermənistandan soydaşlarımızın deportasiyası, Dağlıq Qarabağda başlanmış etnik təmizləmə A. Mütəllibovun fəaliyyətində arxa plana keçmişdi. Yanvar faciəsindən sonra erməni millətçiləri Dağlıq Qarabağ ərazisində terrora keçib, yollara və körpülərə partladıcılar qoyurdu. Diqqət edin, Bakıda Yanvar facəsindən bir ay keçməmiş 1990-cı il 18 fevralda ermənilər Şuşa-Bakı avtobusunu partladırlar, 13 nəfər yaralanır.
1990-cı il iyulun 11-də Tərtərdən Kəlbəcərə gedən maşın karvanına ermənilər silahlı hücum edirlər. 14 nəfər həlak olur, 35 nəfər yaralanır.
1990-cı il 10 avqustda Tiflis-Ağdam avtobusu erməni terrorçuları tərəfindən partladılır. 20 nəfər ölür, 30 nəfər yaralanır. 1990-cı il 10 avqustda Ermənistan terrorçuları tərəfindən Şəmkir-Gəncə avtomobil yolunda avtobus partladılır. 17 nəfər həlak olur, 26 nəfər yaralanır. 1990-cı il 20 avqustda Ermənistan silahlı qüvvələri Qazax rayonun Bağanis Ayrım kəndini işğal edirlər. 5 nəfər kənd sakini öz evlərində diri-diri yandırılır.
1990-cı il 30 noyabrda Ermənistan terrorçuları tərəfindən Xankəndi yaxınlığında sərnişin avtobusu partladılır. 2 nəfər həlak olur, 11 nəfər yaralanır. 1990-cı il 15 dekabrda terror qrupu Əsgəranda 3 nəfər azərbaycanlını qətlə yetirir.
1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunda 5 nəfərlik erməni terror qrupu "Molodyoj Azərbaycana" qəzetinin müxbiri Salatın Əsgərovanı və 2 nəfər hərbçini qətlə yetirir. 14 yanvarda Azərbaycan Ali Soveti Şaumyan (kənd) rayonunun ləğvi haqqında qərar qəbul edir.
1991-ci il aprelin 18-də erməni terrorçusu Q.Sarkisyan Xocavənd rayonunda 3 azərbaycanlı milis işçisini öldürür.
1991-ci il 30 mayda erməni terrorçuları Moskva-Bakı qatarını partladırlar. 11 nəfər ölür, 22 nəfər yaralanır.
1991-ci il 19 iyunda erməni terrorçuları Yevlax-Laçın yolunda avtomaşını partladırlar. 11 nəfər həlak olur, 3 nəfər yaralanır. 27 iyunda "Qarabağ" adlı erməni terror təşkilatı Dağlıq Qarabağın Qaradağlı kəndinə hücum edir, 6 nəfər azərbaycanlı öldürülür.
1991-ci il iyulun 31-də erməni terrorçuları tərəfindən Moskva-Bakı sərnişin qatarı partladılır, 16 nəfər ölür, 20 nəfər yaralanır.
1991-ci il avqustun 2-də Dağlıq Qarabağın Hadrut rayonunun Dolanlar kəndində ermənilər tərəfindən avtomaşın partladılır, 4 nəfər həlak olur, 8 nəfər yaralanır. Avqustun 8-də Ermənistan hakimiyyəti tərəfindən orada azərbaycanlıların yaşadıqları sonuncu Nüvədi kəndi boşaldılır, əhalisi döyülərək Ermənistandan qovulur. Avqustun 21-də Dağlıq Qarabağın Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında avtobus partladılır, 2 nəfər həlak olur, 10 nəfər yaralanır. Avqustun 23-də Şuşa-Cəmilli yolunda avtobus erməni terrorçuları tərəfindən atəşə tutulur, 4 nəfər həlak olur, 13 nəfər yaralanır.
Ayaz Mütəllibov isə hələ də ümid edir ki, Kreml bütün bu terror hadisələrinin və qətllərin qarşısını alacaq. Azərbaycan ermənilərin vəhşiliyi qarşısında aciz durumda. Moskvada Azərbaycanın sözünü deyən yox, Qərbdə Azərbaycan lobbisi yox və Azərbaycan başına gələn faciələrlə qarşı-qarşıya qalıb. Ayaz Mütəllibov 1990-ci ilin iyun ayından həm də Azərbaycanın prezidenti kimi fəaliyyət göstərirdi. SSRİ-nin tarixin arxivinə atılmasına bir ildən az vaxt qalıb, Azərbaycan prezidenti Kremlin əmrinə rəğmən bütün gücünü Azərbaycan Xalq Cəbhəsinin Sovet hakimiyyəti üçün təhlükəli addımlarının neytrallaşdırmağa qoyub. Azərbaycan çox ağır və faciəli günlərini yaşamaq məcburiyyətində qalmışdı. Xalqın səsini nə Moskvada, nə də, Bakıda eşidən vardı. Azərbaycan torpaqları işğal olunmaq təhlükəsi altında idi. 1991-ci ilin Avqust ayının 30-da müstəqilliyinin bərpasını elan etdikdən sonra belə ölkə daxilində birlik yaratmaq mümkün olmadı. Siyasi böhran gündən-günə dərinləşirdi. Qüvvələri səfərbər edib ermənilərə müqavimət göstərmək əvəzinə daxili didişmələr artmaqda idi. Əgər ermənilərlə müharibə vəziyyətində olmasaydıq, hakimiyyət uğrunda mübarizə edən güclər ölkədə vətəndaş müharibəsi törədəcəkdi.
Görünən o idi ki, biz xalq olaraq 1990-cı ilin Qanlı yanvarından nəticə çıxarmamışdıq.
Sovet İttifaqı Kommunist Partiyasının, sosializmin iflasa uğradığını, SSRİ-nin dağıldığını Azərbaycanın başında dayanan adam sanki görmür, onun yaşaması üçün cəhd olunan addımları dəstəkləyirdi. Bu, tam olaraq bir siyasi korluq idi. Vəzifə hərisliyi Azərbaycanı bərbad duruma salmışdı.
1991-ci ilin dekabr ayının 25-də M. Qorbaçov vəzifəsindən istefa etdikdən və ertəsi gün SSRİ-nin bir dövlət olaraq tarixin arxivinə atıldığından sonra Azərbaycandakı durumu təsəvvür etmək belə çox acınacaqlı idi.
SSRİ-dən Azərbaycana nə miras qaldı?
Daxildə dərin siyasi böhran, məhv olmağa doğru gedən iqtisadiyyat, xalqın ürəyinə çəkilmiş qanlı yanvar dağı, 350 min azərbaycanlının doğma yurd-yuvasından deportasiyası, saysız-hesabsız soydaşımızın qətli, Azərbaycan dövlətinin məhv olma təhlükəsi miras qaldı SSRİ-dən. Və bir də qarşıda bir çox faciələrimizin başında dayanacaq 4 –cü rus ordusu miras qaldı...