"Zəfər Qaçış Klubu" COP29-a həsr edilmiş qaçış marafonu keçirdi


Bu gün 16 noyabr 2024-cü il tarixdə Bakı Bulvarında "Zəfər Qaçış Klubu"nun təşkilatçılığı ilə Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində COP29-a həsr olunmuş 29 kilometrlik kütləvi qaçış keçirildi. Tədbiri giriş sözü ilə klubun direktoru Elşən Quliyev açdı. O, öz çıxışında ölkəmizdə hal-hazırda keçirilən mötəbər tədbirin əhəmiyyətindən danışdı. Bundan əlavə o, qeyd etdi ki, COP29-a həsr olunmuş 29 kilometrlik bu qaçış eyni zamanda bu ilin dekabr ayının 22-də ölkəmizin idman paytaxtı olan Quba şəhərində təşkil olunacaq "Prezident Kuboku" uğrunda 100 kilometr məsafəyə qaçış məşqlərinin bir hissəsidir.
Qubada keçiriləcək 100 kilometrə qaçış yarışını bitirən atletlər gələn il keçirilməsi planlaşdırılan Bakı-Xankəndi 380 kilometrlik "Ultra Marafonun/"a vəsiqə qazanacaqlar. O, çıxışında qeyd etdi ki, "Zəfər Qaçış Klubu"nun Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində təşkil etdiyi həftə sonları kütləvi məşqlərimiz mətbuata açıq olacaq. Giriş sərbəstdir.
Atletlər 29 kilometrlik startdan əvvəl Klubun baş məşqçisi Namiq Əsədovun təlimatlarına əsasən isinmə hərəkətləri etdilər. Qaçışa Bakı Bulvarındakı "7 Gözəl Fəvvarəsi"nin önündən start verildi. İdmançılar Baku Cristall Hall-un qarşısındakı daiərini keçməklə bulvar boyu 3 dairə qaçaraq 29 kilometr məsafəni finiş etdilər.
Dəniz NƏSİRLİ