Oxunmayan qəzetlər, oxunan yazarlar
Azərbacan oxucusu nə üçün qəzet oxumur?
Dünya mediasında həyatımızın bütün sahələrində, ələlxüsus da televiziyalarda və idmanda olduğu kimi, peşəkarların transferi prosesi geniş vüsət alıb. Jurnalistlər də, idmançılar kimi yüksək məbləğdə ödənişlər müqabilində bir kanadan digərinə, yaxud bir qəzetdən başqasına keçirlər. Bu da həmin kanallara və qəzetlərə oxucu və tamaşaçı qazanmaq şansı verir. Azərbaycanda isə jurnalistin peşəkarlığını hansısa qurumlar- MŞ (Mətbuat Şurası), eks KİVDF (Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu), indiki MİA (Medianın İnkişafı Agentliyi)- müəyyəiləşdirir. Amma nə yazıqlar ki, bu qurumların peşəkar elan etdiyi, mükafatlandırdığı jurnalistlərin yazdıqlarını oxucular oxumur. Belə olduğu təqdirdə isə medianın dövlət dəstəyinə ehtiyacı yaranır.
Bildiyiniz kimi, bütün dünyada media demokratik cəmiyyətin formalaşmasında 4-cü hakimiyyət rolunu oynayır. Soruşuram, belə olduğu təqdirdə dövlət, yaxud hakimiyyət medianın inkişafını nə üçün dəstəkləməlidir? Buradan belə bir nəticə hasil olur ki, hakimiyyət medianı dəstəkləməklə, onun hakimiyyətə qarşı çıxışlarını zəiflətməyə çalışır. Azərbaycan kimi yenicə müstəqilliyə qovuşan ölkələrdə isə bu kimi dəstəklə media məmurların köləsinə çevrilir. KİVDF-nin müsabiqələrini xatırlayın, yaxud MŞ-nın "qara siyahı"sına diqqət edin. Burada hər şey açıq-açığına ortadadır.
Bu səbəbdən də oxucuların mediaya inamı yox dərəcəsinə çatıb. Eyni vəziyyət həm də telekanallarda müşahidə olunur. Mən həmin kanalların özlərinin keçirdiyi sorğulara diqqət etmişəm. Burada vətəndaşların böyük əksəriyyəti etiraf edir ki, Azərbaycan telekanallarını izləmirlər. Mən son on ildə dəfələrlə həm oxucularla, həm də qəzet satışı və yayımı ilə məşğul olanlar arasında sorğular keçirmişəm və qəzetlərin nədən oxunmadığını aydınlaşdırmağa salışmışam.
Ən əsas səbəb bilirsiniz nədir? Azərbaycan oxucusu, tamaşaçısı oxumaq və görmək istədiklərini nə qəzetlərdə, nə də telekanallarda tara bilmirlər. Bu səbəb, tənqidi medianın olmamasıdır.
Heç kimə sirr deyil ki, Azərbaycan cəmiyyəti nöqsanlar içində boğulur, amma nə qəzetlər, nə də telekanallar buna heç bir reaksiya vermir. Qəzetlərə, yaxud telekanallara göndərilən vətəndaş şikayətləri isə həmin qurumların "gəlir " mənbəyinə çevrilir. Vətəndaşın isə bütün ümidləri puça çıxır. O andan da, o, nə qəzet alıb oxuyur, nə də telekanallara baxır.
MŞ-ı və KİVDF yarananda həm oxucular, həm də qəzetçilərdə belə bir ümid işartısı meydana gəlmişdi ki, bu qurumların yaranması ilə mediada ciddi dönüş baş verəcək. Prezident İlham Əliyevin «Jurnalistlərin dostu» elan edilməsi isə bu qığılcımın alovlanmasına, medianın inkişafına, onun həqiqətən də cəmiyyətin güzgüsünə çevrilməsinə səbəb olmalı idi. Əfsuslar olsun ki, olmadı.
Sən demə, bu qurumların yaradılmasında məqsəd medianın inkişafına dəstək yox, azad və müstəqil medianı susdurmaqdır. Ə.Amaşovun və V,Səfərlinin rəhbərləri olduqları qurumların kordinatorları olan Əli Həsənov və Ramiz Mehdiyev azad mediadan, müstəqil sozdən o qədər qorxurdular ki, bunun qarşısını almaq üçün xüsusi plan hazırladılar. Bununla da, məhz Prezident İlham Əliyevin təklifi ilə yaradılan bu qurumların fəaliyyətini təmamiylə başqa istiqamətə yönəldərək, medianı inkişaf etdirmək əvəzinə onu tənəzzül bataqlığında boğdular. Bununla da Azərbaycanda müstəqil və azad medianın yerini yaltaq, riyakar və ələbaxan media tutdu. Bu səbəbdən də az bir müddətdə 20-30 min tirajla nəşr olunan qəzetlərin tirajı 3-5 minə, daha sonra isə xala-xətrin qalması (yəni KİVDF-dən aldıqları pulun hesabatı üçün) az bir miqdarda nəşr olunmağa başladılar, oxucu isə qəzetlərdən üz çevirdi. Bu gün Azərbaycanda nəşr olunan müstəqil (onlara müstəqil demək olarsa) qəzetlərin maksimum tirajı min nüsxəni keçmir. Açıq demək lazım gələrsə, həmin min nüsxənin də 800-900-ü qayıdışdır (maklatura). Həmin qəzetlərə rəhbərlik edən media (karitanları sözü artıq dəbdən düşüb) "generalları", "admirallar" isə bunun səbəbini bilsələr də, aldıqları yardım və digər imtiyazlardan məhrum olacaqlarından qorxaraq, səbəb kimi sosial və elektron medianı bəhanə gətirərək vəziyyətdən çıxmağa salışırlar.
Medianı tənəzzülə aparan səbəblərdən biri də, oxucuların yazılarını oxumaq istədikləri bir çox yazarların mediadan uzaqlaşdırılmasıdır. Hamıya məlumdur ki, son on ildə tərif yaza bilməyən bütün yazarlar mediadan kənar düşdülar və müxtəlif sosial plotformalarda özlərinə sığınacaq tapdılar. Onların oxucuları da bu üzdən sosial şəbəkələrə transfer olundular. Bu səbəbdən də bu gün özünə hörmət qoyan jurnalistlər dövlətdən dəstək alan media qurumlarında çalışmaq istəmirlər.
Digər mühüm səbəblərdən biri də media üzərində məmur senzurasının güclənməsi və jurnalistlərin hökumət, qeyri-hökumət kateqoriyalarına bölünməsidir. Hazırda bu bölgü çox qabarıq şəkildə mediada özünü göstərməkdədir.
Üçüncü bir səbəb dövlət məmurlarının jurnalistlərə münasibətdə sərgilədikləri riyakarlıq və ikili stsndartlar. Müstəqil jurnalistlərə qarşı qərəzçilik, təhdidlər və şantaj halları. Bütün bunlar jurnalistləri yazmaqdan çəkindirdiyi kimi, oxucuları da mediadan uzaqlaşdırır. Çünki" elin gözü tərəzidir", oxucu görür ki, müasir mediamızın məqsədi heç də cəmiyyətin güzgüsü olmaq deyil, öz ciblərini doldurmaqdır. Ona görə ki, dövlət adından dəstək adı ilə verilən rüşvət və imtiyazlar onlar üçün söz azadlığından və medianın imicindən daha yüksəkdə durur.
Medianı oxucuların gözündən salan səbəblərdən biri də, Azərbaycan media cameəsində tənqidi medianın olmamasıdır. Razıyam, ölkəmiz inkişaf edir, məmurlarımız son 30 ildə görünməmiş zirvələr fəth ediblər, kimi dindirsən, dünyanın çeşidli yerlərində mülkləri, bizneslər, milyonlarla paraları var, bu çox böyük inkişafdır, biz bununla fəxr etməliyik və edirik də. Amma bütün bunların fonunda, milyonlarla məhz həmin məmurların əməllərindən əzab çəkən bir xalq da var. Onların taleyindən kim yazacaq, kim danışacaq? Həmin o məmurlara kim «dur» deməlidir? Cəmiyyətdəki reallıqları jurnalistlər görmürsə, kim görəcək? Bəlkə düşünürsünüz ki, MİA-nın reysterinə düşməklə gözünüzə nur gələcək? Yox, gəlməyəcək. Həmin nur məmurların cibində, dəstək adı ilə verilən rüşvətdə deyil, hər bir jurnalistin daxilində, ruhunda olmalıdı.
Son zamanlar imkan daxilində bütün qəzetləri nəzərdən keçirməyə çalışıram və sözün açığı inkişafa doğru atılan addımların işartısını görmək istəyirəm. Amma və lakin... Heç bir media orqanında bir tənqidi yazıya rast gəlmirəm, olanları da məişət mövzusundan kənara çıxmır.
Bununla belə, hər birimizə məlumdur ki, Azərbaycan səhiyyəsi, təhsili, sosial xidmət sektoru dərin bataqlıq içindədir və çıxış yolunu belə axtarmaq fikrində deyil. Çünki bulanıq suda balıq tutmaq daha asan olur. Ölkəmizin icra strukturlarında, bələdiyyələrdə, kommunal xidmət sahələrində baş verən özbaşınalıqları bəyəm görmürsünüz? Bunlardan yazmağı kim sizə qadağan edir?
Vallahi deməyə söz tapmıram, 100 il əvvəlin yazarları bizdən daha ağır durumda olublar və yazmaqdan çəkinməyiblər. O Zaman Sabir əfəndinin yazdığının bir cümləsini indi yazsan, ya səni qoduqluğa salarla, ya da heç əhəmiyyət verməzlər ki, "kimdir ey onun yazdığını oxuyan". Çünki məmur diktaturasının hökmüran olduğu bir cəmiyyətdə demokratiyadan, insan haqq və hüquqlarından, söz və mətbuat azadlığından danışmaq çətin məsələdir. Ələlxüsus da, medianı həmin məmurlar "dəstəkləyirsə".
Onu da qeyd edim ki, bütün bu çətinliklərə baxmayaraq, yazan, deyən jurnalistlər var və oxucular da həmin imzaları axtarır, tapır və oxuyurlar. Amma həmin imzaları müasir Azərbaycan mediasında çalışmaları mümkün deyil.
Məsələn, nə üçün Aydın CANın yazdıqlarını minlərlə insan oxuyur, amma heç bir media orqanı onun yazılarını çap etmir. Bu səbəbdən də, Aydın CANı həbs ediblər. Yaxud, Azərbaycanda çox az adam yerli telekanallara baxır, amma Xural tv-nin tamaşaçıları onlardan daha çoxdur. Çünki Xural tv ölkənin 15 telekanalının deməkdən çəkindiklərini deyir. Buna görə də Əvəz Zeynallını həbs ediblər. Onlara qarşı hansı ittihamları irəli sürüblər bu başqa bir məsələdir. Əsas məsələ odur ki, bu insanları reallığı olduğu kimi ictimaiyyətə təqdim etdikləri üçün zindana atıblar. Azərbaycanda onminlərlə, yüzminlərlə oxucu ölkənin real vəziyyətini əks etdirən yazılar axtarır mediada, onları oxumaq istəyir. Biz isə həmin yazıları yaza biləcək peşəkarları müxtəlif adlar altında zindana atıraq. Bu yazıları nəşr edə biləcək müstəqil qəzetlərin isə nəşrinə qadağa qoyuruq.
Və sonda. Bu gün Azərbaycanın media məkanında "at oynadan" media "generalları" kimdir? Qəzetləri cəmi min nüsxə nəşr olunan və onunda böyük qismi geri qayıdan (maklatura)qəzet rəhbərləri. Hər gün nəşr olunan və 5-10 tanış- bilişdən başqa kimsənin oxumadığı həmin qəzetlərə dövlət büdcəsindən verilən pullar heyif deyil?
Bu yaxınlarda "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli təklif etdi ki, oxunmayan qəzetlərə verilən vəsait dayandırılsın. Ölkəni bir çox media mənsubları da onunla həmrəydirlər və onu dəstəkləyirlər.
Bunu dəfələrlə yazmışam bir daha qeyd edirəm ki, Azərbaycan mediasına müstəqillik və azadlıq lazımdır, pul yox. İlk növbədə isə medianı məmur müdaxiləsindən azad etmək lazımdır.
MİA yarananda bir çoxları düşündü ki, nəhayət Ramiz Mehdiyev, Əli Həsənov erası sona çatdı, artıq media azad nəfəs alacaq. Görünəni isə odur ki...
Yusif Seyid