Bakıda serial çəkilişi və pulla bağlı narazılıq: "WhatsApp" qrupu üçün 20 manat tələb olunub?
Bakıda film çəkilişləri ilə məşğul olduğu bildirilən "Devin Medya Akademi"nin insanların etibarından sui-istifadə etməsi ilə bağlı iddialar yayılıb.
Lim10.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunub ki, "Devin Medya Akademi" öz sosial şəbəkə hesablarında film çəkilişləri üçün həvəskar şəxslərin axtarıldığına dair elan paylaşıb. Bu elanı görüb müraciət edən şəxslərdən "WhatsApp" qrupuna əlavə olunmaları üçün 20 manat tələb olunub.
Film çəkilişi üçün kastinqdən keçən şəxslərə isə üçaylıq kurs keçməli və buna görə hər ay üçün 200 AZN ödəməli olduqları bildirilib.
Eyni zamanda, kastinqdən keçənlərə həftədə bir dəfə olmaqla Həmidə Ömərova kimi ustadlardan dərs alacaqları da bildirilib.
Lim10.az "Devin Medya Akademi"nin rəhbəri Recep Kadırla əlaqə saxlayıb.
O, ilk olaraq, Bakıda "Dar küçələr" adında serial çəkdiklərini təsdiqləyib və indiyə kimi altı bölümünün çəkildiyini qeyd edib.
"Üçaylıq kurs məsələsinə gəlincə, bildirirəm ki, kastinqdən keçən şəxslərə müəyyən dərslər keçilməlidir. Kastinqdən keçən hər kəs birbaşa filmə çəkilmir. Bu gənclərin yetişməsinə ehtiyac var. Onların hazırlanması üçün isə müəyyən dərslər keçilir və təbii ki, bu da pulsuz deyil. Bu layihədə Türkiyədən olan heç bir aktyor yer almayacaq. Bütün aktyorlar buradan seçiləcəyi üçün çalışırıq ki, işə ciddi yanaşaq, çünki bu, bizim ilk işimizdir", - deyə R.Kadır bildirib.
Kastinqdən keçənlərin "WhatsApp" qrupuna əlavə olunmaları üçün 20 AZN tələbinə gəlincə, R.Kadır vurğulayıb ki, burada məsələ, sadəcə, qrupa daxil olmaq deyil.
"Biz bütün namizədlərlə danışmaq üçün onları ofisimizə dəvət edirik. Tərtib olunan anketi doldurduqdan sonra menecerimiz onlara işin detallarını və sistemi izah edir. Müraciət edən şəxslərin şəkil və videoları kastinq sisteminə əlavə olunur ki, bu, sadəcə, bizim şirkətlə məhdudlaşmasın, başqa şirkətlər də onları görüb, tanısınlar. Yəni biz onların tədqimatını edirik. Bunun da 20 AZN-lik bir ödənişi olduğunu onlara bildiririk. Bu ödənişi etmək, yaxud etməmək isə hər kəsin şəxsi istək və iradəsinə bağlı məsələdir. Bir daha bildirmək istəyirəm ki, 20 AZN-i hər kəs ödəmir, yalnız sistemə daxil olmaq istəyənlər ödəyirlər".
Seçilən heyətə dərslərin kimlər tərəfindən keçildiyi məsələsinə isə R.Kadırın cavabı belə olub:
"Akademiyada hazırda dərs keçən tanınmış aktyorlardan biri Pərviz Məmmədrzayevin adını çəkə bilərəm. Tələbələrimizi daha ideal vəziyyətə gətirmək üçün o, müəllim kimi bizimlə işləməyə razılaşıb. Hazırda dərslərimizi aparır. Hətta sosial media hesablarımızda da Pərviz bəyin keçdiyi dərslərimizlə bağlı şəkillər yer alıb. O, aktiv şəkildə, həftədə dörd-beş gün dərslər keçir. Bundan başqa, Sevinc Əliyeva adlı müəllimimiz var, o da dərslər keçir.
Xalq artisti Həmidə Ömərovanın bizim tələbələrə dərs deməsi ilə bağlı isə onu deyə bilərəm ki, o bizdə təlim keçmir və keçməyib. Biz Həmidə xanımla görüşmüşük, amma o, çəkilişlərinin çox olması səbəbindən dərslərimizə qatıla bilməyəcəyini bildirib və qeyd edib ki, əgər boş vaxtı olsa, dərslərimizə qatıla bilər. İndiki halda isə buna vaxtı yoxdur.
Bundan başqa, sağ olsun, tanınmış aktyorunuz Nurəddin Mehdixanlı da 44 günlük müharibə ilə əlaqəli məsələlərdə bizə çox yardımçı olur. Yeri gəlmişkən, bir məsələni də deyim, sabah, yəni dekabrın 5-də, sizin Müdafiə Nazirliyində Mətbuat Xidməti ilə görüşümüz var. Onlarla 44 günlük müharibə ilə əlaqəli çəkmək istədiyimiz filmlə bağlı söhbət edəcəyik", - deyə R.Kadır vurğulayıb.
Məsələ ilə bağlı Lim10.az Xalq artisti Həmidə Ömərova ilə də əlaqə saxlayıb.
Həmidə xanım adıçəkilən şirkətdən onunla əlaqə saxlanıldığını təsdiqləyib.
"Mənimlə danışıblar. Amma bu günlərdə yox, yayda. Mənə dedilər ki, belə bir kurs açılır və mənim orada dərs deməyimi istəyirlər. Mən də bildirdim ki, bu ilk yaydır ki, mənim istirahətim yoxdur. Çəkilişlərim çox olduğu üçün istirahətə belə vaxtım yoxdur. Sağollaşdıq. O vaxtdan sonra mənimlə əlaqə yaradan olmadı, doğrusu. Adımın niyə hallandığını da tam olaraq başa düşə bilmədim", - deyə H.Ömərova qeyd edib.
Əzizə İsmayılova