Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...
Eçmiədzin kilsəsi mahiyyətcə dini deyil, siyasi təşkilatdır
Hazırda erməni müxalifəti ilə hakimiyyətinin həm erməni cəmiyyətinə, həm də Azərbaycana munasibəti tamamilə fərqlidir. Ermənilər hakimiyyəti erməni cəmiyyətini qəflət yuxusundan ayıldıb reallıqlarla düşünməyə, öz gələcəyini qurmağa dəvət edir.
Erməni müxalifəti isə cəmiyyətin "böyük Ermənistan", "erməni soyqırımı", "Qərbi Ermənistan", "dənizdən dənizə dövlət" və s. bu kimi boş xəyallarla düşünməkdə davam etməsini və bu ideyalarla qonşularına düşmən kəsilməsini istəyir. Müxalifətin əsas məqsədi isə ölkəni yenidən Rusiyanın nəzarətinə qaytarmaqdir. Onsuz da hələ Ermənistan tam olaraq Rusiyanın nəzarətindən çıxa bilməyib. Ölkə iqtisadi cəhətdən Rusiyadan ciddi asılılığa malikdir. Amma Paşinyan hakimiyyəti siyasi cəhətdən sürətlə ölkəni Rusiyadan uzaqlaşdırıb Qərbə doğru yönəldir.
Ermənistanın hazırki müxalifəti keçmiş rusyönümlu hakimiyyətdir. Onlar hakimiyyətləri dövründə erməni cəmiyyətini elə məhrumiyyətlərə dücar ediblər ki, cəmiyyət artıq onlara nifrət edir. Bu səbəbdən də Rusiyanın erməni müxalifətinə dəstəyi hec bir fayda vermir. Son bir ildə isə erməni katolikosu və keşisləri erməni müxalifətinə dəstək verməyə başlayıb. Lakin onların da dəstəyi bir fayda vermir. Bu ilin yazında iflasa uğrayan Baqrat Qalstanyan hərəkatı buna bariz nümunədir.
Lakin bütün bunlara baxmayaraq, kilsənin erməni müxalifətinə dəstəyi davam edir. Ermənilərin katolikosu II Qareginin bu günlərdə verdiyi təxribatçı və böhtan xarakterli bəyanatı da məhz buna hesablanıb.
Azərbaycan öz təhdidlərini gizlətmir və Ermənistana təzyiq edir - bütün ermənilərin katolikosu II Qaregin çərşənbə axşamı İtaliyanın Bolzano şəhərinin meri Renzo Karamaçi ilə görüşdə bildirib. Bu barədə Eçmiədzinin mətbuat xidməti məlumat yayıb.
Katolikos Ermənistanın üzləşdiyi təhlükəsizlik problemlərindən narahatlığını ifadə edərək, beynəlxalq ictimaiyyətin və dost ölkələrin erməni xalqına dəstəyini vacib adlandırıb.
O, erməni xalqının həyatında xristianlığın mühüm rolunu vurğulamış, erməni və Roma katolik kilsələri arasında sıx əlaqələr və əməkdaşlıqdan danışmışdır.
Göründüyü kimi, ermənilərin katolikosu II Qaregin ağ yalan danışır. Azərbaycanın məqsədi beynəlxalq hüququn tanıdığı ərazilərini azad etmək idi, artıq buna nail olub. Bundan sonrakı problemlərin həlli isə diplomatik danışıqların mövzusudur. Bütün dünyada din adamları insanları sülhə və barışa çağırır, imana, inanca dəvət edir. Ermənilərin katolikosu II Qaregin isə erməniləri Azərbaycanla döyüşə çağırır. Məqsəd Ermənistanı zəiflətmək və başqa dövlətlərin (əsasən Rusiyanın) himayəsinə məhkum etməkdir. Əslində ermənilərin katolikosu II Qareginin biət etdiyi Eçmiədzin kilsəsinin nə katoliklərə, nə də pravoslavlara heç bir dəxli yoxdur. Çunki 8 oktyabr 451-ci ildə başlayan və 1 noyabrda sona çatan Qərb Pravoslavları, Roma Katoliklərinin və digər bir çox Qərb xristianlarının 4-cü ekumenik məclisi hesab edilən Xalkidon Şurası və ya Kadıköy (İstanbul yaxınlığında) Şurasının toplantısında erməni Eçmiədzin kilsəsi ümumidünya Xristian kilsəsindən qovulub. Bu tarixdən sonra Eçmiədzin kilsəsini nə pravoslavlar, nə də kotoliklər qəbul edir. Ona görə də bu gün Eçmiədzin kilsəsi mahiyyətinə görə dini deyil, siyasi təşkilat sayılır. Bu səbəbdən də Eçmiədzin kilsəsi həmişə siyasi bəyanatlar verir, siyasi cərəyanlar arasında tərəf tutur.
Akif NƏSİRLİ