“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”
Səxavət Əlisoy
Kitabdan hissələr-17
QONDARMA TALIŞ-MUĞAN MUXTAR RESPUBLİKASI
BİŞKEK SAZİŞİ VƏ “ƏSRİN MÜQAVİLƏSİ”
Qiyamçı “Milli Qəhrəman”ın qoşunları Bakıya doğru istiqamət götürərkən, Kreml paralel olaraq separatizm planını da dövriyyəyə soxdu.
Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin keçmiş üzvü, “Şuşa gedərsə, başıma güllə vuraram” aforizminin müəllifi olan keçmiş müdafiə nazirinin və Gəncə qiyamının memarı-“Milli Qəhraman”ın yaxın dostu, Ayaz Mütəllibovun dəstəkçisi olan Lənkəran batalyonunun komandiri 21 iyun 1993-cü ildə yerli televiziyada çıxış edərək xalqa müraciətində Azərbaycanın cənub-şərqində Talış-Muğan Muxtar Respublikasını (TMMR) yaratdığını elan etdi. Bu ad 1919-cu ilin martından iyun ayına kimi mövcud olmuş və Azərbaycan Xalq Cümhuriyyətinə qarşı vuruşmuş bolşevikpərəst Muğan Sovet Respublikasından gəlirdi. Lənkəran batalyonunun komandiri Gəncədə qiyam zamanı açıq-aşkar “Milli Qəhrəman”ı dəstəkləmişdi. Bu separatçı addımını atan zaman da bir neçə gündən sonra Baş nazir təyin olunacaq dostuna güvənirdi. Kreml iki istiqamətdən Bakıda mərkəzi hakimiyyəti atəş altında qalmağa məhkum etmişdi.
“Lənkəran batalyonunun komandiri qondarma Muxtar Respublikasını Azərbaycanın 7 rayonunun-Lənkəran, Astara,Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar ərazisində 704-cü hərbi hissənin köməyi ilə yartmağı planlamşdı. Onun əsas prinsipial tələbi muxtariyyət və Azərbaycanın federal bir ölkə kimi yenidən strukturlaşdırılması idi. Separatçı batalyon komandiri alternativ olaraq İranın tərkibinə daxil olmağı da düşünürdü.
Heydər Əliyev çox çətin durumda qalmışdı. Bir tərəfdən Gəncədən Bakıya doğru irəlilyən “Milli Qəhrəman”ın silahlı qüvvələri və digər tərəfdən 704-cü hərbi hissəyə arxalanmış batalyon komandirinin silahlı qüvvələri Dövlət üçün real təhlükə mənbəyi idi. Belə bir durumda H. Əliyev çox dürüst bir taktiki gediş etdi. O, əvvəlcə muxtariyyətlə bağlı qeyri-müəyyən mövqe tutdu. H. Əliyev cənub bölgəsində yeni bir “cəbhənin” açılmasının dövlət üçün ciddi problem yaradacağını yaxşı bilirdi. Odur ki, 1993-cü ilin iyul ayının 10-da batalyon komandiri ilə görüşdü. Dörd saat sürən bu görüşdə Heydər Əliyev batalyon komandirinə yüksək vəzifə vəd edərək, ondan muxtariyyət fikrindən əl çəkməsini istədi. Batalyon komandiri isə Heydər Əliyevdən hakimiyyətin Talış-Muğan Muxtar Respublikasının tanınmasını tələb etdi. Məhz bu tələbdən sonra Heydər Əliyev batalyon komandiri barəsində qəti qərarını verdi. Nəzərdə tutduğu əməliyyatın gerçkləşməsi üçün öncə “Milli Qəhrəman”-Baş naziri dostu olan batalyon komandiri ilə görüşüb “başına ağıl qoyması” üçün Lənkərana göndərdi. Avqustun əvvəlində Lənkəranda gerçəkləşən görüşdə batalyon komandiri Bakıda səsləndirdiyi tələbinə H. Əliyevin istefasını və eks-prezident Ayaz Mütəllibovun vəzifəsinə bərpa olunmasını da əlavə etdi. Məhz iki “vətənsevər” dostun görüşündən sonra-avqustun 7-də batalyon komandiri Lənkəranda Talış-Muğan Muxtar Respublikası Xalq Məclisinin təsis yığıncağı keçirdi və respublikanın yaradılmasını bəyan etdi. “Xalq Məclisi”ndə konstitusiya, eləcə də dövlət himni, bayraq və digər dövlət rəmzləri qəbul edildi. Azərbaycan hakimiyyətindən TMMR-nin rəsmi səviyyədə elan edilməsi üçün səsvermə keçirmək məqsədilə Ali Sovetdən növbədənkənar iclas çağırmaq tələbi ilə batalyon komandiri Bakıya nota göndərdi. Bu artıq Dövlətə meydan oxumaq idi.
Yeni “hökuməti” dəstəkləmək üçün 704-cü briqada daxilində 3 min nəfərlik “Milli Qvardiya” yaradıldı. TMMR hakimiyyəti Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarında kütləvi repressiyalar həyata keçirməyə başladı. “Milli Qvardiya” Cəlilabad rayon prokurorluğunun binasını mühasirəyə aldı, Astara rayon prokuroru və polis idarəsinin rəisi girov götürüldü. Batalyon komandiri avqustun 11-də ikinci dəfə rəsmi Bakıya Talış-Muğan Muxtar Respublikasının tanınması üçün ultimatum göndərdi.
Heydər Əliyev avqustun 12-də batalyon komandirini Bakıya çağırıb təkrarən onun bu yoldan çəkinməsini, bu həssas dönəmdə vətəndaş həmrəyliyinə zərbə vurmamasını tələb etdi. Kremlin cızdığı planla hərəkət edən batalyon komandiri bu təklifi qəbul etməyib Lənkərana qayıtdı.
Vəziyyətin daha da gərginləşəcəyini təxmin edən Heydər Əliyev avqust ayının 16-da Azərbaycan Milli Məclisinin növbədənkənar iclasını çağırdı və iki gün davam edən parlament iclası üç gün ərzində "Cənub bölgəsində ictimai asayişin bərpası" haqqında qərar qəbul etdi. Dövlətin belə bir durumda qətiyyətli addım atmaqdan başqa yolu yox idi. Avqustun 23-də Heydər Əliyev televiziya ilə yeddi rayonun əhalisinə və oradakı silahlı qüvvələrə müraciət etdi. Batalyon komandirinin hərəkətlərinə xalqın qiymət verməsini istədi. Heydər Əliyevin bu çıxışından 1 gün sonra batalyon komandirinə qarşı Lənkəranda 10 min nəfərdən çox insanın iştirak etdiyi mitinq keçirildi. Separatçı batolyon komandirinin silahlıları mitinq iştirakçılarına atəş açmasına baxmayaraq, əhali geri çəkilməyib “xalq məclisinin” binasına daxil oldu. Mitinq iştirakçıları ilə batolyon komandirinin “milli qvardiya”sı arasında baş verən toqquşmalarda 3 nəfər həlak oldu, 7 nəfər isə yaralandı.
Xalq müqavimətini görən batalyon komandiri Lənkərandan qaçıb əvvəlcə Talış dağlarında gizləndi, sonra oradan İrana keçdi. Azərbaycan dövlətinin region üzərində nəzarəti bərpa edildi.
HAŞİYƏ- Əsrlərlə Azərbaycan torpaqlarında yaşamış iki xalqın-azərbaycanlıların və talışların arasında heç bir münaqişə baş verməyib. Məhz bu amil iki xalqın arasındakı qardaşlıq münasibətlərinə bariz nümunədir. Hətta Kremlin və erməni mafiyasının kuklası olan Lənkəran batalyonunun komandiri bu regionda özünü “prezident” elan edırkən orada yaşayan talışlar və azərbaycanlılar arasında cüzi bir qarşıdurma qeydə alınmadı. Talış xalqı dövlətə olan sayğısını Azərbaycanın ən ağır günlərində ortaya qoyub. Birinci və ikinci Qarabağ savaşında bu xalqın qəhrəman oğulları eynən azərbaycanlılar, kürdlər, ləzgilər və digər xalqların oğulları kimi vətəni düşməndən qoruyub, torpaqların işğaldan azad olunması üçün qanından və canından keçib. Batalyon komandiri nə qədər səy göstərsə də məğrur talış xalqını Azərbaycan dövlətinə qarşı qoya bilmədi. Bu iki xalq biri-birinə qaynayıb-qarışmış xalqdır. 100 batalyon komandiri belə bu xalqların arasına nifaq sala bilməzdi. Hər bir xalqın içərisində separatizmə meyllənmiş fərdlər var. Belə fərdlər kürdlərin də, ləzgilərin də arasında vardır. Lakin Azərbaycanda hökm sürən tolerantlıq heç bir vaxt xalqların qarşıdurmasına imkan vermədi. Bunu Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri təsdiq edər. Lənkəran batolyonunun komandiri Kremlin və erməni mafiyasının oyuncağı olduğundan təzəcə doğulmuş Azərbaycan dövlətinin parçalanması üçün onların diqtə etdikləri yolla getdi. Onun bu qüvvələrlə eyni səfdə dayanıb Azərbaycan dövlətinə qarşı müharibə etmək fikrinə düşməsini talış xalqının mənəviyyatı qəbul edə bilməzdi. Məhz buna görə də xalq separatçı batalyon komandirinin layiqli cavabını verdi. Bir nüansı da xatırlatmaqda fayda var. Separatçı batalyon komandiri 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarıldıqdan sonra sığınacaq tapdığı Hollandiyada var gücü ilə Azərbaycan dövlətinin əleyhinə təbliğat apardı. Hətta, 2013-cü il sentyabrın 24-də Ermənistana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək, İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını gerçəkləşdirdi. Daha sonra işğal altında olan Dağlıq Qarabağa gedərək Xankəndində yerləşən universitetlərin birində çıxış etdi. Adam son nəfəsinədək Kremlə və ermənilərə xidmət etməklə adını Azərbaycan tarixinin qara siyahısına yazdırmış oldu...
Bakıda hakimiyyət böhranının nisbətən çözülsməsi sayəsində nisbi sakitlik təmin olunsada cəbhədə vəziyyət ağır olaraq qalırdı. Qısa zaman kəsimində Ermənistanın silahlı qüvvələri Azərbaycanın daha 5 rayonunu işğal etdi. Azərbaycan ordusu düşmənə müqavimət göstərəcək gücə sahib deyildi. Ayrı-ayrı adamların formalaşdırdığı batolyonlar və nizamsız ordu ilə torpaqların qorunması qeyri-mümkün. Ordu quruculuğuna etinasız və məsuliyyətsiz yanaşma nəticəsində işğalı dayandırmaq mümkün olmadı. O beş rayonun işğalı zamanı ordunun başında Napoleon, Suvorov, Jukov kimi sərkərdələr də dayansaydı, məğlubiyyət qaçılmaz idi. Son illər Bakıda gedən hakimiyyət uğrunda amansız savaşın bədəli ödənirdi...
H. Əliyev Azərbaycanda sabitliyin təmin edilməsi ilə bərabər ordunun güclənməsinə xüsusi önəm verirdi. Az da olsa toparlanan Azərbaycan ordusu 1993-cü ilin dekabr ayında cəbhə xəttində hücum əməliyyatlarına başladı. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad etməyə müvəffəq oldu. Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları isə istənilən nəticəni vermədi. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırdı. Ancaq Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edildi. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verildi. Atəşkəs Azərbaycana hava və su kimi lazım idi. Fürsətdən istifadə edib həm, ölkə daxilində sabitliyin dayanıqlı olmasına, dünya bazarına çıxarılması üçün neft müqavilələrinin hazırlanmasına, həm də nizami ordu quruculuğuna nail olmaq lazım idi.
Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış etdi. Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə vermədi. Və heç bir sənəd imzalanmadı. O iclasda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Ali Sovetin sədr müavini protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılmasına qəti etiraz edərək sənədi imzalamaqdan imtina etdi.
Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədrinin iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri imzaladı. Rusiyanın planına görə, Ermənistan və Azərbaycanın dövlət başçıları atəşkəs sazişindən sonra “Böyük sülh sazişi”nə imza atmalı idi.
1994-cü il may ayının 19-da atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradıldı.
Bişkək protokolunun imzalanması onsuz da arzuolunmaz vəziyyətdə olan iqtidar-müxalifət münasibətlərininin daha da gərginləşməsinə səbəb oldu. Müxalifət bu sazişişin imzalanmasını təslimçilik aktı kimi dəyərləndirir, əhalini dirəniş göstərməyə çağırırdı. Milli Məclisdə təmsil olunan müxalifətçi deputatlar “Milli Müqavimət” adında bir qurum da yaratdı. Ancaq onların fəaliyyəti bağlanmış sazişə heç bir təsir etmədi.
Gücün qeyri-bərabər olduğu bir durumda gəncləri ölümə göndərmək cinayətə bərabər bir hərəkət idi. 1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi dünyasını dəyişdi. Çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlarda- Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında oldu.
Münaqişənin sülh yolu həll etmək üçün ATƏT-in səyləri heç bir nəticə vermirdi. Azərbaycan bu təşkilata 1992-ci ildən üzv oldu. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün ATƏT-in (əvvəlki adı ATƏM) Minsk qrupu yaradıldı. Bu qrupun 1992-ci ildən Dağlıq Qarabağ münaqqişənin həllində tutduğu ermənipərəst mövqe bütün Azərbaycan xalqına məlumdur. Kremlin və erməni lobbisinin nəzarətində olan Minsk qrupunun fəaliyyətindən nəsə gözləmək sadəlövhlük idi. Amma buna baxmayaraq, dünya ictimaiyyətində Dağlıq Qarabağda cərəyan edən proseslər barəsində obyektiv fikir yaratmaq üçün bu qrupla Azərbaycanın əməkdaşlığı zəruri idi. Xatırladaq ki, Minsk qrupu¬nun yarandığı vaxtdan etibarən münaqişənin tənzimlənməsi sahəsində göstərdiyi səylər gözlənilən nəticəni vermirdi. Bu isə Ermənistanın işğalçılıq siyasətinin daha da genişlənməsinə yol açdı. Minsk qrupunun “fəaliyyətindən” bəhrələnən Ermənistan onların gözü qarşısında 1993-cü ilin payızına qədər Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonu işğal etdi. Düşmən ölkənin bu addımı ATƏT-in Minsk qrupu üzvləri tərəfindən təşkilatın prinsiplərinin pozulması kimi qiymətləndirilsə də, təcavüzkardan işğal olunmuş əraziləri boşaltmaq tələb olunsa da, Ermənistan onlara əsla mahal qoymurdu. Çünki ermənilər havadarlarının Minsk qrupu üzərindəki təsir gücündən xəbərdar idi. ATƏT bəyanatlarında Ermənistanı qınamaqla Azərbaycanın “könlünü almaq” yolunu tutmuşdu. Onların sərgilədiyi ikili standartdan H. Əliyev çapında bir siyasətçinin xəbərsiz olması, başqa sözlə onun Minsk qrupuna inanması mümkün deyildi. Dağlıq Qarabağ ətrafında qurulmuş oyunlardan, xüsusilə Kremlin Azərbaycana qarşı məkrli siyasətindən və Qərbdəki erməni lobbisinin hansı gücə sahib olduğundan tam xəbəri olan H. Əliyev çıxış yolunu müvəqqəti də olsa atəşkəsə nail olmaqda görürdü. Əslində, ATƏT-in Minsk qrupu fəaliyyətində münaqişəni həll etməkdən daha çox onu mürəkkəbləşdirmək özünü biruzə verirdi. Minsk Qrupu Azərbaycan xalqını torpaqların işğalı ilə barışmağa və acınacaqlı durumda yaşamağa adaptasiya edirdi. Ən ilginci o idi ki, Minsk Qrupunda təmsil olunan dövlətlərdən heç biri Ermənistanı işğalçı dövlət kimi tanımaq bir yana, hətta onun işğalçı siyasətini pisləyən bir bəyanat belə vermirdi. Minsk Qrupu işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymadığı halda münaqişənin sülh-danışıqlar yolu ilə həllindən danışırdı. Təbii ki, bu Azərbaycanın yuxudan oyanmaması üçün uydurulan bir nağıl idi.
HAŞİYƏ- Əslində, ATƏT- in Minsk qrupunun yardılmasına heç bir ehtiyac yox idi. Nədən ki, 1993- cü ildə Azərbaycan torpaqları ardıcıl şəkildə işğal olunanda, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası işğalla bağlı 4 qətnamə qəbul etmişdi. Və bu qətnamələr o dövr üçün kifayət qədər mühüm qərarlar idi. Sadəcə, BMT bu qərarların icrasını təmin etməkdə aciz idi. BMT-nin aciz durumda olduğu bir problemin ATƏT tərəfindən çözüləcəyi məntiqlə inandırıcı deyildi. Nədən ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində ərazi bütövlüyü ilə ilgili münaqişələrin çoxuna BMT və ATƏT aktiv şəkildə müdaxilə etsələr də, nəticə hasil olmurdu. Digər tərəfdən Rusiya faktoru vardı. BMT və ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün regiona sülhməramlı qüvvələrin göndərilməsinə Rusiya əsla razı olmazdı. Beynəlxalq qurumların münaqişəyə müdaxilə etməsi Azərbaycanın Rusiyanın təsirindən xilası anlamına gəlirdi. Rusiya Azərbaycanın Kremldən üz çevirdiyinin fərqində idi. Hələ 1992-ci ilin martında Dağlıq Qarabağdakı münaqişənin həlli üçün Minsk Qrupu yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə etsə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşmasından Kremlin narahatlığı açıq-aşkar sezilirdi. Hər vəchlə Kreml münaqişənin dinc vasitələrlə həlli prosesində təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqeyini möhkəmləndirməyə cəhd göstərirdi.
Rusiyanın məqsədi Azərbaycana təzyiq göstərərək, öz qoşunlarını "sülhməramlı qüvvələr" adı altında münaqişə bölgəsinə - Dağlıq Qarabağ ərazisinə gətirmək idi. Məhz onun bu istəyi Azərbaycan rəhbərliyi tərəfindən qəbul edilmədikdən sonra Rusiya Ermənistanı gizli və açıq şəkildə silahlandıraraq, Azərbaycan ərazilərinin işğal olunmasına imkan yaratdı. Elə buradaca bir məsələyə aydınlıq gətirmək yerinə düşər. Əgər H. Əliyev Dağlıq Qarabağ probleminin həlli üçün rəsmi şəkildə Rusiyaya müraciət etsəydi və Rusiya “sülhməramlıları” Dağlıq Qarabağa təşrif buyursaydı, hadisələrin sonrakı gediş tamamən fərqli ola bilərdi. Azərbaycandakı durum nə qədər acınacaqlı olsa da, H. Əliyev bu addımı atmadı. Tam tərsinə, o, Dağlıq Qarabağ probleminin beynəlxalq müstəvidə həllinə üstünlük verdi.
Azərbaycanın həm BMT-dən, həm də ATƏT- dən gözləntiləri özünü doğrultmasa da, H. Əliyev həm ATƏT-in Minsk qrupu formatında, həm də, BMT müstəvisində Qarabağ probleminin həlli üçün yollar axtarmaq zorundaydı. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmalıydı. Paralel olaraq Müstəqil Dövlətlər Birliyi çərçivəsində danışıqlar apararaq tərəflər arasında atəşkəsə nail olmaq lazım gəlirdi. Tarixinin mürəkkəb və ziddiyətli bir mərhələsini yaşayırdı Azərbaycan. Bu gün yaşı əllidən aşağı olanlar o günlər Azərbaycanda cərəyan edən proseslərin nə qədər dəhşətli olduğu barədə səhih məlumata malik ola bilər. Lakin o günlərin ağrısını-acısını yaşayanlar təsdiqləyər ki, Azərbaycan dövləti sürətlə çökməyə doğru gedirdi. Dövlətin hərbi gücünün hansı səviyyədə olduğunu o dövlətin başında dayanandan yaxşı bilən olmaz. 1990-cı illərdə Azərbaycan hərbi gücünə görə Ermənistanla müqayisədə çox zəif görünürdü. Belə bir vəziyyətdə müharibənin davam etdirilməsi digər ərazilərin itirilməsi və çoxsaylı insan tələfatı ilə sonuclanacaqdı. Rusiyanın cəbbəxanalarının qapıları Ermənistanın üzünə açıq idi. Rusiya təkcə silah-sursatla kömək etmirdi Ermənistana. Ermənistanda dislokasiya olunmuş rus ordusu lazım gəldiyi zaman ermənilərlə bir səfdə dayanırdı. Azərbaycana isə nə silah-sursat, nə də, canlı qüvvə dəstəyi vardı. Belə bir vəziyyətdə Azərbaycanın güclənmək naminə geri çəkilməsindən başqa yolu qalmırdı.
Bişkekdə bağlanan saziş Ermənistanda qələbə sənədi kimi qəbul edildi və ümummili eyforiyaya səbəb oldu. Hətta sazişin hazırlanmasında “böyük zəhmət” çəkdiyinə görə Kremlin erməni mafiyasının “kadrı” olan Rusiyanın təmsilçisinin yaxasına Ermənistan dövləti “Şərəf” ordeni də taxdı.
Saziş bütün parametrlərdən Ermənistana sərf edirdi. Dağlıq Qarabağ ərazisini və ətrafdakı altı rayonu ələ keçirən ermənilər Bişkek protokolundan tam məmnun qalmışdı. İşğal edilmiş Azərbaycan torpaqları sayəsində qurmaq istədikləri “Böyük Ermənistan”a daha bir addım yaxınlaşdıqları üçün İrəvanda çal-çağır idi. Sazişdən sonra Azərbaycandan işğal etdikləri ərazilərin yalnız danışıq yolu ilə geri qaytarılmasının mümkün olduğunu anlayan ermənilər xaricdəki erməni lobbisinin hesabına diplomatik sferada da qələbə qazanacaqlarına ümid edirdi.
Bu saziş sayına görə ermənilərdən 3 dəfə çox olan azərbaycanlıların gerçəkdən, qüruruna, heysiyyatına toxunurdu. Amma Dövlətin başqa yolu da yox idi. Ona nəfəs almaq lazım idi. Rusiyanın “ağuşunda qalmaqla” onun cəbbəxanası sayəsində mütəşəkkil ordu yaratmağa nail olmuş ermənilərin başı “hakimiyyət uğrunda müharibələrə” qarışışmış azərbaycanlıların torpaqlarını ələ keçirməsində qeyri-adi bir şey axtarmağa gərək yoxdur.
Bizim torpaqlarımızı vəzifə ehtirasımızın qurbanı oldu. Və 30 il düşmən tapdağı altında inlədi, fəryad etdi. O başıboş başçıların vəzifə hərisliyinə rəğmən Azərbaycan kişisi 30 il qürursuz yaşadı, başını dik tuta bilmədi. Yurdundan qovulan 1 milyona yaxın soydaşımız min məşəqqətə düçar oldu. Zamanında dövlət və vətən naminə ata bilmədiyimiz addımların ağrısını-acısını yaşamağa məhkum oldu xalq...
Təkrar-təkrar yazıram, nə qədər ağır olsa da, Azərbaycan bu sazişi bağlamaq məcburiyyətində idi. Çünki gücümüz yetərli deyildi. Arxasında heç bir gücün dayanmadığı və meydanda yalnız qalan, eləcə də xalqa ağızdolusu demokratiya vəd edən Qərbin sərgilədiyi ikili standartlara rəğmən Azərbaycan Bişkekdə bağlanan sazişdən faydalanmaq zorundaydı.
Və faydalandı da. Bişkekdə imzalanan müqavilədən 4 ay sonra Azərbaycan ən əsas təbii sərvəti olan neftin dünya bazarına çıxması üçün transmilli şirkətlərlə saziş bağladı. Bu müqavilənin bağlanmasında Qərbin də xüsusi marağı vardı. Nədən ki, Qərb şirkətləri Azərbaycan neftinin istehsalı və sonrakı ixracı üçün xeyli miqdarda investisiya yatırmalı idi. Lakin heç bir şirkət müharibə gedən bir ölkəyə investisiya yatırmaq barədə düşünmək belə istəmirdi. Bişkek sazişinin əleyhdarlarının bu faktora önəm verməməsi əslində qərəzliliyin, düşüncə məhdudluğunun təzahürü idi...