Qazaxıstan ordusu Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrini əldə edəcək
Qazaxıstanda nəinki ordunun Türkiyə PUA-ları ilə təchiz edilməsi, həmçinin onların ölkədə istehsalına başlanması da planlaşdırılır.
Lim10.az-ın xəbərinə görə, bu barədə "Orda.kz" nəşri Qazaxıstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, İstanbulda keçirilən "Saha Expo-2024" sərgisi zamanı Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov və "Baykar Defence" şirkətinin baş direktoru Haluk Bayraktar arasında baş tutan danışıqlar zamanı bu məsələ müzakirə edilib.
"Tərəflər ölkəmizin ərazisində taktiki pilotsuz aviasistemlərin və idarə olunan sursatların istehsalının lokallaşdırılması məsələsi üzrə yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər", - deyə Qazaxıstan Müdafiə Nazirliyindən danışıqların yekunlarına dair bildirilib.
Sərgidə Qazaxıstan nümayəndə heyətinə "Bayraktar TB2", "Bayraktar TB3", "Bayraktar AKICI", "Bayraktar Kalkan" pilotsuz uçan aparatları və "Mosquito-X" idarə olunan sursatları nümayiş etdirilib.
"Danışıqların yekunlarına əsasən, Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə "Baykar" şirkəti arasında işçi görüşünün protokolu imzalanıb ki, burada Türkiyə tərəfinin Qazaxıstan Silahlı Qüvvələrini hərbi sınaqların keçirilməsi üçün təmənnasız olaraq "Bayraktar Kalkan", "Bayraktar Mini" pilotsuz uçuş sistemləri və "Mosquito-X" döyüş sursatı ilə təmin etmək niyyəti təsdiq edilir", - deyə qurumdan qeyd edilib.