Kobaxidze postundan getmək istəməyən Zurabişvilini "hədələdi": İqamətgahdan zorla çıxaracaqlar?
"Ümid edirəm ki, Prezident Salome Zurabişvilini zorla prezident iqamətgahından çıxarmağa ehtiyac qalmayacaq və o, dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra binanı müstəqil şəkildə tərk edəcək".
Lim10.az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində Zurabişvilinin hakimiyyətdən getmək istəməməsi ilə bağlı fikir bildirərkən deyib.
O, həmçinin xəbərdarlıq edib ki, zorla çıxarılma ssenarisi cinayət əməlinin törədilməsi deməkdir və istənilən şəxs üçün çoxillik həbs cəzası ilə nəticələnə bilər.
"Onu iqamətgahdan zorla çıxarmağa məcbur olsaq və cəzaçəkmə müəssisəsinə köçürsək, bu, xoşagələn mənzərə olmayacaq", - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, ötən gün müxalif Gürcüstan Naminə Partiyasının lideri, ölkənin keçmiş baş naziri Georgi Qaxariya dekabrın 29-dan sonra Zurabişvili tərəfindən prezident sarayının işğalını dəstəkləməyib.
Daha əvvəl isə müxalifət Zurabişviliyə səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayından çıxmamağı təklif etmişdi. Zurabişvili isə hakim Gürcü Arzusu Partiyasının yeni parlament seçkisi ilə bağlı müxalifətlə razılıq əldə etməyəcəyi halda, "rejimi devirməklə" hədələmişdi.
Xatırladaq ki, dekabrın 14-də Gürcüstanda yeni sistemlə prezident seçkisi keçirilib və ilk dəfə olaraq dövlət başçısını vətəndaşlar deyil, 300 nəfərdən ibarət seçki kollegiyası seçib. Yeganə namizəd olan Gürcü Arzusundan Mixail Kavelaşvili seçkidə qələbə qazanıb.