Qırğızıstan təyyarə qəzası ilə əlaqədar Qazaxıstana nümayəndə heyəti göndərəcək
Dekabrın 28-də Qırğızıstan Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan ölkə vətəndaşlarının vəziyyəti ilə tanış olmaq üçün mütəxəssislərini Qazaxıstana göndərəcək.
Lim10.az xəbər verir ki, bu barədə Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeyev "AKIpress"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Qırğızıstanın üç vətəndaşı xəstəxanadadır, onlardan biri reanimasiyadadır.
"İki nəfərin vəziyyəti yaxşılaşıb, onlardan birinin onurğa sütunu ağır zədələnib. Prezident Sadır Nurqojoyeviç vətəndaşlarımıza qısa zamanda köməklik göstərilməsi və onların təxliyəsi prosesində Fövqəladə Hallar Nazirliyinin maksimum iştirakının təmin edilməsi ilə bağlı birbaşa göstərişlər verib", - Qırğızıstan FHN rəhbəri deyib.
O qeyd edib ki, dekabrın 28-də FHN-in hərbi həkimi, şöbə müdiri və Əmək Nazirliyinin əməkdaşı Qazaxıstana yollanacaq.