Çində müharibələrin xarakterini dəyişə biləcək saat yaradılıb

Çin Milli Metrologiya İnstitutu gələcək hərbi münaqişələrin gedişinə əhəmiyyətli təsir göstərə biləcək innovativ "NIM-TF3" sezium atom saatını təqdim edib.

Lim10.az-ın məlumatına görə, bu barədə "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.

Müasir müharibələr yüksəkdəqiqlikli xronometraj sisteminə əsaslanır və bu texnologiya bir-birindən minlərlə kilometr məsafədə yerləşən radarların sinxron işləməsini təmin edir. Bu isə görünməz təyyarələri səmərəli şəkildə aşkar etməyə və izləməyə imkan verir.

Qeyd olunur ki, bu mexanizmi asanlıqla hərəkət etdirmək və hətta döyüş meydanında istifadə etmək mümkündür.

NIM-TF3 sezium atom saatının hündürlüyü 1.5 metr olub, kiçik soyuducu ölçüsündədir. Onu hərbi yük maşınına quraşdırmaq olar, nahamar yollarla və çətin şəraitdə uzunmüddətli daşınmadan sonra belə dəqiq qalır, saniyənin kvadrilyonda birindən az xronometraj qeyri-müəyyənliyi nümayiş etdirir.

Əvvəllər bu cür yüksək dəqiqliyə malik atom saatının yaradılması qeyri-mümkün hesab edilirdi, çünki onlar ətraf mühitin təsirindən qorunan otaqlarda yerləşdirilməli idi. Bu cür qurğular, həmçinin radioelektron mübarizə siqnallarının keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və böyük həcmdə məlumatın ötürülməsini asanlaşdırır.

Çin Milli Metrologiya İnstitutu tərəfindən hazırlanan atom saatı peşəkar xidmət tələb etmədən uzun müddət müstəqil şəkildə işləyə bilir.