Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi

Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən şirkətin rəhbərliyi komandanın qurulması təlimi çərçivəsində əməkdaşlarına təhlükəli tapşırıq verdiyi üçün tənqid atəşinə tutulub.

Lim10.az-ın xəbərinə görə, bu barədə "South China Morning Post" nəşri yazıb.

Məlumata görə, qeyd edilən şirkət təhsil sahəsi üzrə fəaliyyət göstərən təşkilatdır. Öz vəzifəsində bir ildən az müddət işləyən keçmiş əməkdaş sosial şəbəkədə bununla bağlı paylaşım edib. Paylaşımda bildirib ki, şirkət rəhbərliyi onun həmkarlarını alov udmağa məcbur edib və bunun qorxuların öhdəsindən gəlməyə, özünəinamı artırmağa kömək edəcəyini iddia edib.

Timbildinq (komandanın qurulması) zamanı əməkdaşlar yanan pambıq çubuqlarını ağızlarına soxaraq söndürməli imişlər. Qadın da bu təlimdə iştirak edib və üzərində təzyiq hiss etdiyi, həmçinin işini itirməkdən qorxduğu üçün risk etmək qərarına gəlib.

"Məqsəd ondan ibarət idi ki, şirkət rəhbərliyinə əzmkarlığımızı göstərməli idik. Qalib gəlmək və pul qazanmaq istədiyimizi nümayiş etdirməli idik", - deyə o bildirib.

Onun paylaşımına edilən şərhlərdə istifadəçilər qeyd ediblər ki, yalnız təlim keçmiş peşəkarlar özlərinə zərər vermədən belə bir fəndin öhdəsindən gələ bilərlər. Digərləri bu cür təlimlərin keçirilməsini vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndiriblər.

Paylaşımın müəllifi bu tədbiri alçaldıcı hesab etdiyini etiraf edib. İndi o, keçmiş işəgötürənə qarşı səlahiyyətli orqanlara şikayət etmək niyyətindədir.

Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi