Rusiya və İran Xəzər dənizinin sülh zonası kimi qorunub saxlanması üçün əməkdaşlıq edəcəklər
Rusiya və İran Xəzər dənizinin sülh zonası kimi qorunub saxlanılması və orada digər dövlətlərin silahlı qüvvələrinin mövcud olmaması prinsipi ilə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Lim10.az TASS-a istinadən xəbər verir ki, belə bir müddəa iki ölkə prezidentinin imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilədə yer alıb.
"Razılığa gələn tərəflər Xəzər dənizində sahilyanı dövlətlərə aid olmayan ölkələrin silahlı qüvvələrinin mövcud olmaması prinsipinə əsaslanaraq, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq zonası kimi qorunub saxlanılması, habelə Xəzər regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əməkdaşlıq edəcəklər", - sənəddə qeyd olunub.
Bundan əlavə, Rusiya və İran Xəzər dənizinin iqtisadi potensialından davamlı istifadə sahəsində birgə layihə fəaliyyətləri çərçivəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, bioloji müxtəlifliyin qorunması, su bioloji resursları və dəniz mühitinin rasional istifadəsi sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.