İnsan alverində təqsirli bilinən Boliviyanin sabiq prezidentinin həbsinə order verildi

Boliviyanın Tarixa departamentinin məhkəməsi insan alverində şübhəli bilinən keçmiş prezident Evo Moralesin həbsinə order verilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Lim10.az xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hakim Moralesin vəkillərinin bütün vəsatətlərini rədd edib. Keçmiş prezident məhkəmə iclasında iştirak etməyib.

2024-cü ilin dekabrında Morales rəsmi olaraq insan alveri və qaçaqmalçılıq cinayətlərində ittiham olunub.

Ölkə prokurorluğu onun həbsinə order verib. Ona qarşı insan alveri ilə bağlı istintaq 2016-cı ildə başlayıb. Yalnız 2023-cü ilin oktyabrında Tarixa şəhər prokurorluğunun təşəbbüsü ilə dayandırılıb və sonra yenidən bərpa edilib. 2024-cü ilin dekabrında Tarixa prokurorluğu 65 yaşlı Moralesə qarşı yeni ittihamlar irəli sürdüyünü açıqlayıb. Müstəntiqlər hesab edirlər ki, 15 yaşlı qızın valideynləri dövlət sektorunda karyera qurmaq üçün qızlarını Moraleslə tanış edib. Bu tanışlıq nəticəsində azyaşlı hamilə qalıb. Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi xarakterli hərəkətlərə dair iş 2020-ci ildə açılsa da, heç vaxt yekunlaşmayıb.