Gözdən linzaları çıxarmadan yatdıqda nə baş verə bilər? - Rusiyalı həkimdən AÇIQLAMA

Görmə problemi olan insanların əksəriyyəti həyatlarını asanlaşdırmaq üçün kontakt linzalardan istifadə edirlər. Lakin, hər kəs bu linzalardan istifadə edərkən gigiyena qaydalarına riayət etmir. Hətta bəzən insanlar yorğun olduqları üçün yatmazdan əvvəl linzaları çıxarmağı unudurlar. Bu da nəticədə allergiya, infeksiyalar, mikrotravmalar və hətta buynuz qişasının hipoksiyası kimi ciddi problemlərə səbəb ola bilər.

Lim10.az-ın Uznay.ru-ya istinadən xəbərinə görə, bu barədə rusiyalı oftalmoloq Kirill Svetlakov danışıb. Ekspertin sözlərinə görə, hər bir şəxs ən azı həftədə bir dəfə bütün gigiyena qaydalarına riayət edərək, kontakt linzalardan imtina etməlidir.

"Linzaları taxarkən bütün gigiyena qaydalarına riayət edilməlidir: saxlanma üçün məhlul düzgün seçilməli, linzaları dəyişdirərkən əllər təmiz olmalı və heç bir halda linzalar çox uzun müddət taxılmamalıdır. Həftədə ən azı bir gün kontakt linzalardan imtina etmək lazımdır ki, gözün səthində başqa yad cisim olmasın", - deyə mütəxəssis vurğulayıb.

Kontakt linzalar iki növdür: sərt və yumşaq. Sərt linzalar səhər taxılmalı və axşam saatlarında çıxarılmalıdır. Yumşaq linzalar isə təkrar istifadə edilə bilənlərdir və daha çox risk daşıyır. Yumşaq linzaların materialı kifayət qədər qalındır və bu səbəbdən oksigenin gözlərə çatmasına mane olur.

Kirill Svetlakovun sözlərinə görə, əgər linzalarla yuxuya getmisinizsə, onları dərhal çıxarmamalısınız. İlk olaraq, buynuz qişanıza istirahət verməli və sonra istifadə etdiyiniz göz damcıları ilə gözlərinizi nəmləndirməlisiniz. Daha sonra kontakt linzaları təmiz əllərlə ehtiyatla çıxarın. Ən yaxşısı isə gözlərinizi 12 saat və ya daha uzun müddət ərzində oksigenlə təmin etməkdir.

Əgər linzalarla yatdıqdan sonra gözlərinizdə ağrı, qaşınma və ya qızartı yaranarsa, təxirə salmamalı və dərhal oftalmoloqa müraciət etməlisiniz.