"Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılır
![](https://lim10.az/images/article/big/1739352543.1537.webp)
LGBT və azlıqlar "Disney" filmlərindən yox olacaq.
Lim10.az-ın "Azxios"a istinadla verdiyi məlumata görə, buna səbəb şirkətin öz müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətinə yenidən baxmasıdır.
"Disney"in hesabatından "Reimagine Tomorrow" proqramının qeydləri səssiz-səmirsiz çıxarılıb. Bu proqram 2021-ci ildə azlıqların karyera yüksəlişini təşviq etmək üçün başladılmışdı.
Bildirilib ki, şirkətin kadr üzrə direktoru Soni Koulman daxili memorandum göndərib və gələcək dəyişikliklərin bəzi təfərrüatını açıqlayıb. Beləliklə, şirkət mövcud "Müxtəliflik və inklüzivlik" effektivlik əmsalını yeni "İstedadların cəlb edilməsi strategiyası" ilə əvəz etməyi planlaşdırır. Yeni effektivlik göstəricisində "Müxtəliflik və inklüzivlik" göstəricisinin bəzi elementləri saxlanılsa da, o, daha çox dəyərlərin uğura necə töhfə verdiyinə fokuslanır.
Dəyişikliklər "Dambo" və "Piter Pen" kimi "Disney"in klassik filmlərinə də təsir edəcək. Hazırda cizgi filmlərindən əvvəl tamaşaçıları xalqların və mədəniyyətlərin mənfi təsvirləri barədə xəbərdar edirlər. Lakin daxili mənbələrə görə, yenilənmiş tövsiyədə daha ümumi xəbərdarlıq olacaq: "Bu proqram əvvəlcə yaradıldığı şəkildə təqdim olunur, stereotiplər və ya mənfi təsvirlər ehtiva edə bilər".
Şirkətin DEI siyasətini yenidən nəzərdən keçirmək qərarı "Google", "Amazon", "Walmart" və "Target" kimi digər iri korporasiyaların oxşar addımları ilə üst-üstə düşüb. Bu trend Prezident Donald Trampın vəzifəyə başlamasından sonra güclənib - o, DEI siyasətini ayrı-seçkilik adlandırıb və inklüzivliyin vətəndaş hüquqlarını poza biləcəyini bildirərək onu ABŞ hökumətində ləğv edib.