Hollivud ulduzunun mafiya üçün killer olan atası - Xüsusi təhlükəli Harrelson

Hollivud ulduzu Vudi Harrelsonun atası Çarlz mafiya üçün killer olub. O, "Dağ Alkatrası" kimi tanınan məşhur "ADX Florence" həbsxanasında cəza çəkib.

Lim10.az bu barədə aif.ru-ya istinadla xəbər verir.

Bildirilir ki, Çarlz Harrelson oğlu aktyorluq şöhrəti qazanmamışdan çox-çox əvvəl bütün Amerika Birləşmiş Ştatlarında ad salmışdı. Texasda doğulmuş, donanmada xidmət etmiş Çarlz Harrelson əvvəllər tibbi avadanlıqların təmiri ilə məşğul olub, lakin sonradan bu işin cinayətkarlıq qədər gəlirli olmadığı qərarına gəlib. İlk olaraq narkotik alveri ilə məşğul olur, lakin bir uğursuz əməliyyatdan sonra bossuna borclu qalır. Çarlza problemi rəqibi aradan qaldırmaqla həll etmək təklif olunur, o da razılaşır.

Onun ilk qurbanı biznesmen Alan Berq olub. Harrelson həbs olunsa da, vəkili onun bəraət almasını təmin edir.

Lakin tezliklə Çarlz yenidən - bu dəfə taxıl taciri Sem Degeliyanın sifarişli qətlinə görə mühakimə olunub. Həbsxanada o, rahat şəraitdə qalırdı, çünki onun qatil bacarıqları mafiya bossları tərəfindən yüksək qiymətləndirilirdi. Bu cinayətə görə Harrelsona 15 il həbs cəzası verilib, lakin yaxşı davranışına görə o, beş ildən sonra azad edilib.

1979-cu ilin baharında Çarlz Harrelson ən məşhur cinayətini törədir - "Maksimum Con" ləqəbli federal hakim Con Vudu qətlə yetirir. Sözügedən hakim xüsusi təhlükəli cinayətkarların iştirak etdiyi prosesləri apararaq sərt hökm çıxarması ilə məşhur idi, həmin ərəfədə isə hakim narkobaron Cəmil Çağrının işinə baxmalı idi. O, San-Antonio şəhərindəki evinin yaxınlığında arxadan açılan atəşlə öldürülür.

ABŞ-də federal hakimlər artıq 100 ildən artıqdır ki, öldürülmürdü, buna görə də bu cinayət FTB üçün ciddi sınaq oldu.

Harrelson 1980-ci ildə həbs olundu. Onun əleyhinə birbaşa dəlil olmayıb. Nəticədə əsas sübut həbsxanada gizli şəkildə yazılmış mafiya başçılarının söhbətləri olub. Daha sonra Çağrı da istintaqla əməkdaşlıq edərək Harrelsonu killer adlandırıb.

Lakin Çarlz hər şeyi inkar edirdi. O, dələduzluqla məşğul olduğunu iddia edib - mafiozdan pul almaq üçün hakimlə "məsələni həll etməyə" razılaşmış, sonra isə tapşırığı yerinə yetirmədən qaçmışdı. O, Vudun kimin tərəfindən vurulduğunu bilmədiyini deyirdi.

Ən maraqlısı odur ki, dindirmələr zamanı Çarlz Harrelson qeyd etmişdi ki, kriminal karyerasının əvvəlində "Dallas işi" ilə əlaqəsi olub, yəni Con Kennedinin qətlini həyata keçirmək tapşırığı alan atıcılardan biri olub. Lakin sonradan bunun uydurma olduğunu bildiribi. Buna baxmayaraq, konspirologiyaya inananlar hələ də Harrelsonun Kennediyə qarşı sui-qəsddə iştirakını istisna etmirlər - onun atıcılıq bacarıqları Li Harvi Osvalddan qat-qat üstün olub. Bundan başqa, Çarlz Osvaldı öldürən Cek Rubi ilə də tanış idi.

Hər halda, Çarlz Harrelson federal hakimin qətlinə görə iki ömürlük həbs cəzasına məhkum edildi. Bu, onun yetkin övladlarının, o cümlədən Vudinin onu həbsxanada ziyarət etməsinə mane olmayıb.

Kinoda çoxlu yaramaz obrazlar canlandıran Vudi Harrelson heç vaxt atasının müqəddəs olduğunu deməyib. Bununla belə, o, federal hakimin qətli işində atasının sadəcə "günah keçisi" elan edildiyinə inanır. Aktyor etiraf edirdi ki, atasının işinin yenidən baxılması və azad edilməsi üçün böyük pullar xərcləyib.

1990-cı illərin ikinci yarısında, uğursuz qaçış cəhdindən sonra Çarlz Harrelson yeni açılmış "ADX Florence" həbsxanasına köçürülür, ancaq oradan artıq çıxa bilmir - 2007-ci ilin martında o, kamerasında ölü tapılır. Cəsədində zorakılıq izləri olmayan 67 yaşlı qatilin təbii səbəblərdən vəfat etdiyi qənaətinə gəlinir.

2023-cü ildə isə Vudi Harrelson atasını ən gözlənilməz şəkildə xatırladıb. O bildirdi ki, həmkarı Metyu Makkonahinin anasının Çarlz Harrelsonla qısa bir romanı olub; Bu təxminən Metyunun doğulmasından doqquz ay əvvəl baş verib. Makkonahi də məşhur qatilin onun bioloji atası ola biləcəyini təsdiqləyib. Bununla belə o, DNT testi etdirmək istəməyib.