Azad olunmuş ərazilərdə yeni tarixi, memarlıq və arxeoloji obyektlər tapılıb

İşğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən 402 tarixi, memarlıq və ya arxeoloji əlamətləri olan yeni obyekt aşkar edilib.

Lim10.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, aşkarlanan tarixi-mədəni abidələrin qeydiyyatı, inventarlaşdırılması, bərpa və konservasiyası istiqamətində sistemli iş aparılır:

"Mədəniyyət Nazirliyi tərəfindən 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. İnventarlaşdırma işləri zamanı sahə tədqiqatı aparılıb, abidələrin elektron xəritələri hazırlanıb, keyfiyyətli fotofiksasiya və dron çəkilişləri həyata keçirilib, arxiv sənədləri və digər mənbələr araşdırılıb".

Məlumatda azad olunmuş ərazilər üzrə dövlət mühafizəsindəki 705 abidənin bir qismində inventarlaşdırma işlərinin mina təhlükəsi səbəbindən istənilən səviyyədə aparılmadığı da qeyd olunub:

"Ərazilər minalardan təmizləndikcə, arxeoloji abidələrə dair arxiv materialları əsasında inventarlaşdırma da davam etdirilir".

Sorğuya cavabda o da vurğulanıb ki, inventarlaşdırılma əsasında işğaldan azad edilmiş ərazilərdə yerləşən daşınmaz tarix-mədəniyyət abidələrinin "Google Earth" proqramı əsasında elektron xəritələri tərtib olunub:

"Əldə olunmuş məlumatlar dövlət qurumlarının məlumatlarının inteqrasiyası əsasında işğaldan azad olunmuş ərazilərdə informasiyaların vahid rəqəmsal məkanda toplanılması, emalı və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yaradılmış Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə daxil edilib".