Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı var - Matəm elan edildi

Şimali Makedoniyanın Koçani şəhərində "Puls" gecə klubunda baş verən yanğın nəticəsində ən azı 59 nəfərin həyatını itirdiyi bildirilib.
Lim10.az "Sloboden Peçat"a istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Pançe Toşkovski mətbuat konfransında bu məlumatı açıqlayıb.
"Yaralıların sayı 155 nəfərdir. Onlar ölkənin müxtəlif xəstəxanalarında müalicə alırlar. Yenidən yanğın qurbanlarının ailələrinə səmimi başsağlığı verirəm", - deyə nazir əlavə edib.
Daxili işlər naziri həmçinin qeyd edib ki, həqiqəti aydınlaşdırmaq üçün Koçanidəki faciə ilə əlaqəli bütün şəxslər sorğulanacaq və bütün gecə klubları fövqəladə yoxlanışdan keçiriləcək.
Həmçinin nazir yanğınla əlaqədar dörd nəfərə qarşı həbs qərarları verildiyini bildirib, lakin onların kimliyini açıqlamayıb. Bildirilir ki, "Puls" klubunun sahibi artıq həbs edilib.
Xatırladaq ki, Koçani şəhərindəki faciə 16 mart gecəsi təxminən saat 03 radələrində baş verib. Yanğının ilkin səbəbi kimi pirotexnikadan istifadə göstərilib.
Şimali Makedoniya hökuməti yanğınla əlaqədar yeddi günlük matəm elan edib.
Şimali Makedoniyanın Koçani şəhərində konsertin keçirildiyi gecə klubunda baş vermiş yanğın zamanı 53 nəfər ölüb.
Bu barədə Lim10.az MIA dövlət agentliyinə istinadla xəbər verir.
İlkin məlumata görə, 100-dən çox yaralı var.
Ehtimal olunur ki, yanğın pirotexnika səbəbindən başlayıb. Ümumilikdə kllubda 1 500-ə yaxın insan olub.
Təsdiq edilməmiş məlumata görə, konsertin keçirildiyi gecə klubunun sahibi saxlanılıb.
Baş nazir və hökumət üzvləri hadisə yerinə gediblər.
Hadisə ilə bağlı digər təfərrüat verilmir.