FADMM-in beş illik yolu - orfoqrafiya anarxiyası yaradanlara və reklam mətnlərində dilimizi pozanlara qarşı...

 

Respublika Mərkəzi Elmi-Tibbi Kitabxanasında
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM) 5 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Ölkənin tanınmış elm, mədəniyyət xadimlərinin, ictimai simaların yığışdığı yubiley
tədbirini dilçi-tərcüməçi Aygün Əziz açdı və məruzə etməsi üçün sözü FADMM-ın qurumun sədr müavini Gülyaz Əliyevaya verdi.
G.Əliyeva bildirdi ki, 5 il əvvəl martın 11-də yaradılan Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi zərurətdən meydana gəldi.
Məruzdə mərkəzin yaranma zərurəti ilə bağlı qurumun rəhbəri Vasif Sadıqlının fikirlərini də diqqətə çatdırıldı. “Ədəbi dil normalarının pozulması ilə təkbaşına mübarizə çoxumuzun alnına çoxdan yazılıbmış. Amma Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin yaranması üçün bizə ciddi səbəb - stimul lazım imiş. Bu məsələdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun rolu danılmazdır. Hardasa 2012-2013-cü il olardı. Bakı küçələri və dövri mətbuatın geniş monitorinqini aparmışdıq. Mətbuatda bu barədə məlumat və müsahibəmiz gedəndən sonra institutun o vaxtkı direktoru mərhum akademik Tofiq Hacıyev bizi Dilçilik İnstitutuna dəvət etdi. Kollektivi topladı və və biz monitorinqin nəticələri barədə danışdıq. Bu diqqət və həssaslıq bizim üçün bir stimul oldu. İkinci böyük stimul isə 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərinə təsadüf edir. O vaxt yeni orfoqrafiya lüğəti hazırlanırdı. Orfoqrafiya normalarının layihəsi müzakirəyə çıxarılmışdı. Əvvəlki lüğətlərdə yol verilən bir sıra nöqsanlar, yazılışı çoxdan oturuşmuş sözlərin orfoqrafiyasının bu və ya digər istiqamətdə dəyişdirilərək orfoqrafiya anarxiyası yaradılması, 2013-cü ildə nəşr edilən lüğətə on minlərlə qondarma sözün daxil edilməsi ictimai məyusluq yaratmışdı. Birləşmək lazım idi. Biz elə bu müzakirələrin gedişində sosial şəbəkələrdə birləşdik. Əvvəlcə dörd nəfərlik qrup yaratdıq. Ona zarafatla “Möhtəşəm dördlük” deyirdik. Üzvlərimiz AMEA Şərqşünaslıq İnstitutundan dosent Səadət Şıxıyeva, mərhum ədəbi tənqidçi, dosent İradə Musayeva, professor Qulu Məhərrəmli və mən idim. Orfoqrafiya Komissiyasının qeyri-qənaətbəxş, nöqsanlarla dolu orfoqrafiya normalarını bir növ avral rejimində qəbul etmək istədiyi barədə məlumat alandan sonra Dövlət Dil Komissiyasına və nəhayət, Prezident İlham Əliyevə müraciət etdik. 165 nəfərin imzaladığı müraciətdə bildirilirdi ki, orfoqrafiya qaydalarında tez-tez dəyişiklik edilməsi, sözlərin ənənəvi yazılış şəklinin dəyişdirilərək naqis şəklə salınması, oturuşmuş sözlərin kortəbii və kütləvi şəkildə daxil olan alınmalarla əvəz olunması ədəbi dilə qarşı qəsddir və ölkədə orfoqrafik xaos yaratmağa xidmət edir, dilimizi dibsiz bir uçuruma sürükləyir. Müraciət öz nəticəsini verdi. Sentyabrın 13-də Elmlər Akademiyasında müzakirə keçirildi və akademik Rafael Hüseynovun da ciddi səyləri ilə etiraz etdiyimiz bəndlər layihədən çıxarıldı” –deyə V.Sadıqlının fikrində qeyd olunub.
G.Əliyeva bildirdi ki, 2020-ci il mart ayının 11-də Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin yaradıldığı elan edildi və ourumun ilk üzvləri Vasif Sadıqlı, Gülyaz Əliyeva, Aytən Əliyeva, Sima Cəfərova, Pərvanə Bayramqızı, Fizzə Heydərova, Bahar Ağayeva, Pərvanə Qədirli, mərhum İradə Qayıbova və Rəmzi Sadıqlı idi.
“FADMM-çiləri vahid bir amal birləşdirirdi: Azərbaycan ədəbi dilinin təmizliyini və saflığını qorumaq, onun ölkənin ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində maneəsiz işlədilməsi üçün səlahiyyəti çərçivəsində tədbirlər görmək. Mərkəz öz qarşısına geniş filoloji araşdırmalarla yanaşı, ədəbi dilimizin iştirak etdiyi bütün təzahürləri əhatə edən monitorinqlər aparmaqla ədəbi dil normalarının pozulması halları ilə mübarizə aparmaq vəzifəsi qoymuşdu. Bu amalla Mərkəz yarandığı gündən geniş fəaliyyətə başladı, tanındı və çox keçmədən dövlət dili ilə bağlı problemləri ictimailəşdirərək həll etməyə çalışan əsas intellektual mərkəzə çevrildi.
Öz işini bir neçə istiqamətdə aparan FADMM ilk gündən Bakının mərkəzi prospekt və küçələrində, müxtəlif ərazilərdə monitorinqlər keçirməklə fəaliyyətə başladı. Belə ki, Bakının müxtəlif yerlərində 500-ə yaxın foto çəkildi, sosial şəbəkələrdə paylaşıldı, ayrı-ayrı məqalələrə əlavə edilərək ictimailəşdirildi.
Monitorinqlərin nəticəsi araşdırılarkən aydın oldu ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini lazımi səviyyədə icra etmir. İlk müraciətimiz 2020-ci ilin aprel ayında Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə oldu. Sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya məktub yazdıq. Daha sonra - 26 iyun 2020-ci ildə 800-ə yaxın ziyalının imzaladığı müraciəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərdik. Gözlədiyimizin tam əksinə olaraq, Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini susmağa üstünlük verdi, cənab Eldar Əzizov isə pandemiyanın tüğyan etdiyi bir vaxtda məsələ ilə bağlı İcra Hakimiyətində kollegiya iclası keçirdi. Bakı küçələrinin əcnəbi dillər tərəfindən işğalı məsələsinin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradıldı. Bakı Şəhər İcra Hakimiyyətində bir qrup ziyalı ilə görüş keçirildi. Görüşdə FADMM-in sədri Vasif Sadıqlı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, professor Qulu Məhərrəmli, dosentlər İradə Musayeva, Nuridə Novruzova, hüquqşünas Səməd Vəkilov iştirak edirdi. 2 saatdan çox davam edən görüşdə problemin həlli yolları müzakirə edildi, bu məsələlərlə birbaşa məşğul olan səlahiyyətli şəxslər - Bakı Şəhər Reklam Agentliyinin rəisi Mehdi Ağayev, Bakı Reklam Fəaliyyətinə Nəzarət şöbəsinin rəisi Tacəddin Əliyev, Reklam Agentliyinin Hüquq şöbəsinin rəisi Ceyhun İsayev, İcarə və razılaşdırma şöbəsinin rəisi Zaur Qənbərov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Bakı Şəhər Ticarət Departamentinin sədri İntiqam Məmmədov deyilən problemin həllində qarşılaşdıqları çətinliklərdən danışdılar. İclasda qeyd olundu ki, sahibkarın kimliyindən asılı olmayaraq, qanun qarşısında cavabdehliyi məsələsi ciddi şəkildə nəzarətə alınmalıdır. Həmin şəxsləri cərimələmək işin ən asan tərəfidir. Onlara icazə verən qurumlar da cavabdehlik daşımalıdır”.
G.Əliyeva qeyd etdi ki, mərkəz təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları ölkələrdə də Azərbaycan dilinin təbliği ilə bağlı işlər görüb. G.Əliyeva vurğuladı ki, dövlət dilinə olan təhdidlərlə bağlı mətbuatla çox ciddi iş aparılıb, yerli mətbuata çoxlu müsahibə və açıqlamalar verilmiş, tanınmış ziyalılardan onlarla müsahibə alınıb. Məruzçə vurğuladı ki, FADMM-in səyi nəticəsində Bakı küçələrinin bir çoxunda aşkarlanmış lövhələrdə ədəbi dil normalarının pozulması ilə bağlı səhvlər düzəldilir, əcnəbi dildə yazılan və ya ədəbi dil normaları pozulan lövhələr sökülərək yenisi ilə əvəz olunur, FADMM-ə cavab məktubları ünvanlanır: “Bakının Məhəmməd Hadi küçəsindəki "Ley-pey" adlı restoranın adı ilə bağlı lövhə də Əqli Mülkiyyət Agentliyinə və Azərbaycan Dövlət Reklam Agentliyinə edilən müraciətdən sonra qısa müddətə demontaj edildi. Belə nümunələr çoxdur və onların hamısını sadalamağa ehtiyac duymuruq. Amma bütün bunlar heç də hər zaman asanlıqla başa gəlmir. Belə ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adındakı səhv ən fəal əməkdaşlarımızdan olan Aygün Əzizin Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciətindən sonra aradan qaldırıldı. Eləcə də, yol piyada nişanlarında yol verilən məzmun və orfoqrafik xətaların düzəldilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciətlər nəticə vermədikdə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevə yazdıq və problem nazirliyin operativ müdaxiləsi ilə həllini tapdı, həmin piyada məlumat lövhələri demontaj edildi.
Səhvləri düzəltməməkdə ən inadkar qurumlar kimi “Azərbaycan Dəmir Yolları” və Bakı Metropolitenini göstərmək olar. “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları quruma məxsus obyektlərin adındakı orta məktəb şagirdlərinin belə tuta biləcəyi səhvlərin düzəldilməməsi üçün hər cür ənənəvi bürokratik üsullara əl atırdılar. Haradasa bir il sonra – yenə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevin müdaxiləsi ilə düzəldildi, səhv tərtib edilmiş lövhələr söküldü, rəqəmsal platformalardakı səhvlər düzəldildi”.
G.Əliyeva qeyd etdi ki, FADMM beş il müddətində çox işlər görüb və maliyyə qrantları almadan çalışıb.
Tədbirdə professorlar Qulu Məhərrəmli, Zümrüd Dadaşzadə, dinşünas Nəriman Qasımoğlu, Həcər Paşayeva, Sima Cəfərova, Pərvanə Bayramqızı çıxış edərək FADMM-ın beş ildə keçdiyi yol barədə danışdılar. Sonra bədii hissə oldu. Ağdam rayon 38 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Suna Rzayeva və 9-cu sinif şagirdi Ləman Əlizadə çıxış etdilər, “Ana dilim” şeirini söylədilər, “Şirindir” mahnısını oxudular, Ləman “Leyli və Məcnun” bir parçanı təqdim etdi. Pərvanə Bayramqızı “Məhəbbət” mahnısını oxudu, Gülyaz Əliyeva isə Famil Mehdinin “Tanıda biləydik” şeirini səsləndirdi Ana dilinin saflığının qorunmasında fəal iştirakına Zümrüd Dadaşzadə və Fuad İslamzadə FADMM-in təşəkkürnaməsinə layiq görüldülər.
Tədbirin sonunda "Füzuli. Divan, izahlar və şərhlər Vasıf Sadıqlınlndır", Vasif Sadıqlının Qars Universitetinin dosenti Afina Barmanbayla birlikdə yazdığı 440 səhifəlik dialektoloji lüğət - “Gürcüstandan Azərbaycana ağız sözlüyü" kitabı təqdim olundu.


İradə SARIYEVA