"Kanalizasiya dolur, ətrafa qanlı su axır" - SƏBƏB NƏDİR?

Bakı şəhəri, Masazır kəndi, Əliağa Vahid küçəsinin sakinləri kanalizasiya suyunun ətrafa axması nəticəsində yaranan antisanitar vəziyyətdən şikayətçidirlər.
Bu barədə Lim10.az-a şikayət ünvanlayan sakinlər qeyd edirlər ki, bir müddət əvvəl baş verən vəziyyət yenidən təkrarlanıb.
Onların sözlərinə görə, hazırda küçəyə qanlı su axır:
"Əvvəl də kanalizasiya dolmuşdu, qanlı su ətrafa axırdı. Yenə eyni vəziyyət baş verir. Hazırda yağış yağmasa da, kanalizasiyadan su sanki qaynayıb küçəyə axır. Suyun rənginin qırmızı olması hamının narahatlığına səbəb olur. Qanlı suyun axma səbəbi də heç kimə məlum deyil. Bilmirik ora nə atılır ki, bu vəziyyətdədir. Biz bu yerdə antisanitar vəziyyətdə uşaq böyüdürük".
Məsələ ilə bağlı Lim10.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvandakı bu vəziyyət tullantı su xəttinə heyvan hissələrinin atılması nəticəsində müşahidə edilir:
"Şəbəkəyə atılan heyvan qalıqları xətti tutur və ətrafa qanlı tullantı suyu axır. Nəzərə çatdıraq ki, bu hal bir neçə müddət öncə də baş verib, müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək xəttin fəaliyyətini bərpa ediblər. Vətəndaşların diqqətinə xüsusilə çatdırırıq ki, tullantı su şəbəkəsi yalnız tullantı suyunu axıtmaq funsksiyasını daşıyır".
Aygün Mirakif