Qusarda vətəndaşlara VAXTI KEÇMİŞ dərmanlar verilir?

Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanların verildiyi iddia olunur.

Lim10.az xəbər verir ki, məlumatı "Şimal xəbərləri"nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb.

O qeyd edib ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır - red.) tibb işçilərinin "WhatsApp" qrupuna bu cür mesaj göndərib:

"Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq".

"Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu "WhatsApp" yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq", - deyə M.Mehdiyev əlavə edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən Lim10.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, sözügedən məsələ araşdırılır.

Məhərrəm Əliyev