DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy
Kitabdan hissələr - 31
DÖVLƏTİN QARŞISINDA ƏNGƏL OLAN PROBLEMLƏR.
RÜŞVƏT VƏ KORRUPSİYA
Qeyd etdim ki, inqilabi yolla, ən sərt cəza tədbirləri ilə rüşvətin qarşısını almaq mümkün deyil. Rüşvətin qarşısının alınması yalnız davamlı hüquqi islahatlar, idarəetmədə şəffaf mühitin təmini sayəsində baş verə bilər. Və bunlarla yanaşı vətəndaşların zehniyyətində də “islahatlar” getməlidir. Azərbaycanda insanların zehniyyətində dəyişiklik nə qədər ki, baş verməyib, rüşvətin kökünü kəsmək mümkün olmayacaq. Rüşvətin qarşısının alınmasında zehniyyətin önəminə iki misalla aydınlıq gətirmək fikrindəyəm.
1-ci misal. Azərbaycanda rüşvətin açıq-aşkar gerçəkləşdiyi qurumlardan birinin də avtomobillərin texniki baxışdan keçdiyi idarənin olduğu ilə fikrimcə, hər kəs razılaşar. Şəxsi avtombili olanlar yaxşı bilir, bu idarəyə avtomobili aparmadan belə texniki baxışdan keçmək mümkündür. Təbii ki, rüsumdan əlavə verilən rüşvətin sayəsində. Yuxarıda qeyd olundu ki, rüşvət əməliyyatında iki tərəf olur və onların hər ikisi qanuna əsasən cinayətin iştirakçısı sayılır. İndi yazacaqlarımı diqqətlə oxuyun. Azərbaycanda fərdi minik avtomobillərinin sayı təxminən 1 milyona yaxındır. Deyək ki, bu avtomobillərin- ən yuxarı həddi götürürəm, 80 faizinin texniki durumu qənaətbəxşdir. Qalan 20 faiz avtomobilin vəziyyəti bərbad olduğundan texniki baxışdan keçməsi mümkün deyil. Və məhz buna görə də avtomobil sahibi rüşvət verməklə avtomobilini texniki baxışdan keçirir. Qanuna görə o idarənin texniki baxışa məsul əməkdaşları və rüşvətlə iş aşıran 200 min avtomobil sahibi cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu öz yerində. Məsələyə digər tərəfdən baxın. Avtomobilinin texniki durumu bərbad olan o 200 min vətəndaş nədən qəza risqinə önəm vermədən avtomobilini nasaz vəziyyətdə idarə edir? Sualın biri bu. İkincisi isə, odur ki, texniki nasaz vəziyyətdə maşını idarə edənlərin fikrinizcə, neçə faizi piyadalar, digər sürücülər üçün potensial təhlükə yaratdıqlarının və ekologiyaya zərər vurduqlarının fərqindədir? Bir sual da əlavə edirəm. Alman, ingilis və ya digər bir Avropalı texniki nasaz vəziyyətdə olan avtomobillə yola çıxarmı? Təbii ki, onlar əsla bunu etməz. Və ən önəmlisi adlarını saydığım o millətlərin avtomobil sahiblərinin boğazına qurğuşunu əridib töksən də nasaz avtomobilini rüşvət verib texniki baxışdan keçirməz. Bax, zehniyyətin önəmi budur.
2-ci misal. Bakıda və rayon mərkəzlərində beş və doqquzmərtəbəli yaşayış evlərinin birinci mərtəbələrinin təxminən üçdə biri, və zirzəmilər qeyri-yaşayış “statusu” alaraq obyekt kimi fəaliyyət göstərir. Yaşayış evinə qeyri-yaşayış statusu almanın mexanizmindən bu ölkədə yalnız uşaqlar bixəbərdir. Qalanları bilir ki, İcra hakimiyyətlərinə rüşvət vermədən bu əməliyyat gerçəkləşə bilməz. Və ən ilginci odur ki, mövcud qanunlar yaşayış evlərinin obyektə çevrilməsinə imkan vermir. Dövlətin Mənzil Məcəlləsi var və bir maddəsində yazılmayıb ki, yaşayış evinin istinad divarları sökülə bilər. İndi gözünüzün önünə o 5 və 9 mərtəbələrin birinci mərtəbələrini və zirzəmilərini işğal etmiş obyektləri gətirin. Hökumətin aidiyyatlı qurumlarına sərf etmədiyindən o obyektlərin statistikası yəqin ki, aparılmır. Yəni, nə qədər yaşayış evinin qeyri-yaşayış statusu aldığını konkret rəqəmlərə göstərmək mümkün deyil. Ancaq bu rəqəmin minlərlə deyil on minlərlə olduğunu təxmin etmək olar. Yaşayışın-qeyri yaşayış statusu alma əməliyyatı İcra Hakimiyyətləri ilə bitmir. Texniki İnventarizasiya Büroları da var və o bürolardan kupça almaq üçün vətəndaş təxminən İcra Hakimiyyətində verdiyi rüşvət qədər də burada xərcə düşməlidir.
Bu məsələdə də iki sual ortaya çıxır. 1-ci sual: Aidiyyatı olan dövlət qurumları gözləri qarşısında gerçəkləşən bu cinayət əməliyyatının qarşısı nədən almır? İkinci sual da odur ki, dünyanın hansı ölkəsində vətəndaş rüşvət verib obyekt yaratmaq üçün yaşadığı evin istinad divarını sökər? Yaxın keçmişdə qardaş Türkiyədə dəhşətli zəlzələni xatırlayırsınız yəqin. Orada yerlə-yeksan olan evlərin böyük bir qisminin 1-ci mərtəbələri obyekt kimi fəaliyyət göstərirdi.
Kəsəsi, nə qədər ki, zehniyyətimizdə “islahat” gerçəkləməyib rüşvət meydanda at oynadacaq.
Düşüncə dəyişikliyinin vətəndaşların rüşvətə olan “sevgisini” necə azaltdığına bir misalla aydınlıq gətirək. 33 il, yəni, bir qərinə əvvəl sürücülərin təxminən 90 faizi avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamırdı. Bəziləri yekəxanalıqdan, digərləri məsuliyyətsizlikdən, üçüncüləri biveclikdən bunu edirdi. O vaxtlar da kəmər taxılmadığı halda müəyyən olunmuş cərimələr var idi. Və hörmətli əhalimiz də buna görə maşın saxlanıldıqda “el qaydası” ilə işi yoluna qoyurdu.
Bu gün, şəxsi müşahidəmdir, sürücülərin bəlkə də 90 faizi təhlükəsizlik kəmərini bağlayır. Yaxınlarda bir yol polisi əməkdaşından kəmərlə bağlı cərimələrin hansı durumda olduğunu xəbər aldım. Cavabı o oldu ki, əvvəlki illərlə müqayisədə indi nadir hallarda kəmərdən istifadə etməyən sürücülərə rast gəlir. Nədən kəmər problemini toplum həll etməyə nail oldu? Cərimələrin yüksək olması bir yana, əsas odur ki, insanlar təhlükəsizlik kəmərinin bağlanmasının fəsadlarını zehniyyətcə dərk etdi. Bu dərketmə eyni zamanda rüşvət ağacının çox kiçik olsa da budaqlarından birinin kəsilməsinə səbəb oldu.
Dövlət təşəkkül tapdıqca, formalaşdıqca, qanunlar təkmilləşdikcə və ən başlıcası vətəndaş Dövləti öz evi, Dövlət büdcəsini öz büdcəsi kimi dərk etdikcə, rüşvət geri çəkilir.
Rüşvətin “aciz durumda” qaldığını daha bir misalla diqqətinizə çatdırım. ASAN xidmətin yaranmasına qədər ayrı-ayrı dövlət qurumlarında gerçəkləşən rüşvət olaylarını xatırlayın. Mənzil İstismar sahəsindən 2 nömrəli forma, yaşayış haqqında arayış alarkən, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu əldə edərkən və sair hallarda verdiyimiz rüşvətləri yada salın. ASAN xidmət fəaliyyətə başladıqfan sonra belə işlərdən yana rüşvət tələb edən varmı?
HAŞİYƏ-Dünyanı dərk edəndən Azərbaycanda dövlət məmurlarının rüşvətlə nəfəs aldığını gördüm. Rüşvət sayəsində qurulan səltənətlər gördüm. Rüşvətlə qazanılan pulların törətdiyi cinayətləri gördüm. Fəqət rüşvəti sona qədər rahatlıqla yeyən olmadı. Belə bir deyim var, haram bir qapıdan girər, ancaq iki qapıdan çıxır. Nə deməkdir bu? O deməkdir ki, haram yolla əldə olunan, ya, adamın öz burnundan, ya da, övladlarının burnundan gəlir. Min təəssüflər ki, xalq olaraq bu ibrətamiz deyimidən ibrət götürmürük. Etiraf etməliyik, artıq toplum olaraq rüşvətə o qədər alışnmışıq ki, onu ləyaqətsizlik kimi yox, önəmli dəyər kimi qəbul edirik. Rüşvət almaq iqtidarında olan məmurun dövlətə dürüst xidmət göstərməsi, yəni, ondan asılı olan işləri vətəndaşdan rüşvət tələb etmədən yerinə yetirməsi tam bir nonsensdir. O hala gəldik ki, rüşvət almayan vəzifə sahibinə toplum “axmaq və ya səfeh” ayaması taxır. Dəyərli oxucu, sizlərdən kimsə rüşvət almayan bir müdirə, rəisə, sədrə, direktora, nazirə, hakimə, prokurora... rast gəldimi? Açıq yazıram və tam əminəm ki, əksəriyyət bu iddiaya şəkk etməz. Azərbaycanda rüşvətin yuva salmasında ən böyük “zəhməti” olan vəzifə İcra Hakimiyyətinin başçısı vəzifəsidir. Elə bir rayon yoxdur ki, orada İcra hakmimiyyəti başçısı dövlətdən aldığı maaşla dolansın. Məhkəməyə çıxarılan icra başçılarının əməlləri barədə mətbuatda yazılanlara oxumaqla “onların hansı yuvanın quşu” olduğunu çox asan müəyyən etmək olur. Prezident İlham Əliyev nə deyirdi?
“Son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır...”
Diqqət etdinizmi, Prezident kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır, deyir. O, sıradan bir vətəndaş deyil, Dövlət başçısı olduğu üçün və tutduğu məqama sayğı əlaməti olaraq yumşaq tərzdə ifadələr işlədir. Xalq dilində “vicdansızlıq” ifadəsinin tərcüməsi ləyaqətsizlik və şərəfsizlikdir...
30 kəndi olan bir İKS rayonu göz önünə gətirin. O rayonda İcra başçısı 30 kəndə nümayəndə, 30 məktəbə direktor, 30 kəndə baş həkim, bağça müdiri və sair təyin edir. Rayon mərkəzindəki vəzifələrin başına “seçdiyi” adamları gətirir. Və rüşvət epidemiya kimi yayılmağa başlayır. Mərkəzdən “qara maskalılar” gəlir və başçı qandallanır. Sonra yeni İcra başçısı təyin olunur. Və başlayır yerinə təyin olduğu başçının ölənlərinə rəhmət oxutdurmağa. Heç olmasa, təkcə bir İcra başçısını nişan verə bilərsinizmi ki, adam təyin olunandan sonra rayonda rüşvətin qarşısı az da olsa alınıb? Deyək ki, Dövlət ucdantutma o rayondakı rüşvətxor vəzifə sahiblərini həbsxanaya göndərdi. Onların yerinə Hollandiyadan, Almaniyadan, ya da Yaponiyadan kadr gətirəsi deyil ki. Yeni təyin olunan da bu torpağın havasını udur, suyunu içir, başqa sözlə gedənlərlə gələnlər eyni zehniyyət sahibidir.
Başqa bir sualım var. Toplum olaraq uşaqlarımızın hansı ixtisasa sahib olmasını istəyirik? Başda hüquqşünas gəlir, deyilmi? İnsanlara hüquqi yardım göstərən vəkil olmasını arzulayırıq? Xeyr!!! Prokuror, müstəntiq, məhkəmə olması keçir ürəyimizdən. Nədən? Çünki o vəzifələrdə işləyənlər rüşvətlə yaxşı qazanır. Sonra uşaqlarımızın hansı peşəni seçməsi üçün çaba göstəririk? Həkim! Nədən? Çünki həkimlərin xəstələrə müştəri göxü ilə baxdığını bilirik. Bilirik ki, həkim asanlıqla səhiyyə mədəniyyətindən yoxsul toplumun “başını piyləyə” bilir...
Əlinizi vicdanının üstünə qoyun və bu suala cavab axtarın. Valideynlərin təxminən neçə faizi övladının universitet diplomu alması üçün tələb olunan rüşvəti oynaya-oynaya verməyə hazırdır? Əliniz vicdanınızın üstündəykən bir suala da cavab axtarın. Daha neçə dövlət qurumuna könüllü olaraq rüşvət vermək üçün vasitəçi axtarırıq?
Düşünün bir, dünyada bizdən sonra neçə toplum var ki, rüşvətə “bal tutan barmaq yalayar” məntiqi ilə yanaşır. Gedin, Qaraçuxurda, Patamdarda, Atatürk prospektində və digər məkanlardakı milyonlarla dollarlıq villalara baxın. O möhtəşəm evlərin sahiblərinin böyük əksəriyyəti “bal tutub barmaq yalayanlardır.”
Rüşvət Azərbaycan xalqının mənəviyyatını məhv edir. Müqəddəs saydığınız birini yüksək vəzifəyə qoyun. Bir il keçməmiş o “müqəddəsin” də o məkanların birində milyonluq villası olacaq.
Ən acınacaqlısı odur ki, rüşvətxorlar toplumun gözünün qarşısında baş verir. Mental patologiya məhz belə olur.
Prezident Əbülfəz Elçibəy rüşvətlə bağlı nə deyirdi? Tankın qarşısında dayananlar rüşvətin qarşısında dayana bilmədilər, deyirdi. Tam bir gerçəklik.
Prezident Heydər Əliyev bir xarici müxbirin vəzifəli şəxslərin rüşvət və korrupsiyaya qurşanması ilə bağlı sualına necə cavab verdi? Etiraf etdi ki, bu həqiqətdir, tədbirlər görülür, amma əmin deyil ki, yeni təyin edəcəyi adamlar rüşvət almayacaq.
Prezident İlham Əliyevin rüşvət və korrupsiya ilə bağlı dediklərinə nəzər salıram. Çox kəskin ifadələr işlədir. Etibar edib yüksək vəzifəyə təyin etdiklərini dönə-dönə xəbərdar edir, qolu qandallanan İcra hakimiyyəti başçılarını xatırladır, xalqın problemlərini həll etməyi tövsiyə edir. Nəticə? Yenə də rüşvət almağa davam edirlər.
DÖVLƏTƏ ƏN AĞIR ZƏRBƏNİ İCRA HAKİMİYYƏTİ BAŞÇILARI VURUR. ONLAR TOPLUMUN DÖVLƏTƏ OLAN İNAMINI SARSIDIR.
Onlar sözün əsl mənasında o kabinetlərdə DÖVLƏTi talan etmək üçün oturur.
DÖVLƏTİN Böyük Zəfərdən sonra imperialist güclərlə qarşı-qarşıya qaldığı bir zamanda onlar sərvət toplamaq üçün hər türlü oyunlardan çıxır. Bu adamlarda zərrə qədər Vətən, Millət və Dövlət təəssübü yoxdur. Olsaydı, heç olmasa, etibar olunan vəzifəni bu ağır dövrdə ləyaqətlə, şərəflə yerinə yetirərdilər.
Sorğu keçirin və dövlətin təməlini dağıdan qurumları müəyyən edin. Tam əminliklə yazıram, toplum İcra hakimiyyəti başçılarını ilk sırada qeyd edəcək.
Onlar vətəndaşa torpaq satır, üstəgəl satdıqları torpaqlarda vətəndaşın ev tikməsi üçün rüşvət tələb edir, yaşayış evlərinin birinci mərtəbəsində, zirzəmilərdə rüşvət qarşılığında qanunsuz qapılar açır. Bunu bu ölkədə bilməyən varmı?
Diqqət edin, görün, şərəfsizlik və ləyaqətsizlik nə həddə çatıb ki, aztəminatlı, kasıb ailələr üçün dövlətin ayırdığı müavinətə əl qoyurlar. Mənəviyyatsızlığın səviyyəsinə fikir verin, həbs olunan icra başçısının seyfindən kasıblar üçün verilmiş müavinat kartları çıxır. Sovet dönəmində belə raykom katibləri onların etdikləri qələtlərin onda birini etmirdi. Hər biri özünü İcra hakimiyyəti başçısı kimi deyil FİRON kimi aparır.
Onlar başçı olduqları rayonda vətəndaşla bir stəkan çay içməyi belə şəninə sığışdırmaz. Kimsə onlardan birinin bir çayxanada camaatla birgə çay içdiyini, sıravi bir vətəndaşın evinə gedərək yaşamı ilə maraqlandığını gördümü?
HAŞİYƏ- Teymurləng bir gün Molla Nəsrəddini yanına çağırır. Molla Nəsrəddin içəri daxil olanda görür ki, Teymurləng uca bir taxtda, qalanları isə, yerdən oturub.
Molla Nəsrəddin Teymurləngə xitabən deyir - Salam, Allah! Teymurləng qayıdır ki, ay kişi mən Allah deyiləm. O zaman Molla Nəsrəddin Salam, Cəbrayıl deyir. Teymurləngdən “mən Cəbrayıl deyiləm” cavabını eşidən Molla Nəsrəddin Teymuləngə yaxınlaşıb “bir halda ki, Allah və Cəbrayıl deyilsən, o zaman nədən əhalinin arasında yox o ucalıqda taxtda oturmusan?” Azərbaycanda İcra hakimiyyəti başçılarının əksəriyyəti özlərini vətandaşdan bir neçə boy üstün görür. Onların qəbulunda olanlar təsdiq edər bunu...
Vəzifədən kənarlaşdırılan İcra başçılarının sahib olduğu sərvət mediada paylaşılır. Bir neçə il əvvəl Qusarda olarkən bir müəllim İcra başçısının ələ keçirdiyi onlarla milyonluq obyekti, yüz hektarlarla torpağı bir-bir sadaladı və dərin bir ah çəkib dedi ki, bir gün bu haram burnundan gələr, inşallah. Gəldi!
Rəsmi statistikaya görə ölkədə kasıbçılıq həddinin altında yaşayan 500 min vətəndaş varsa, Qusar İcra hakimiyyəti başçısı mediada tirajlanan bu sərvəti:
-Qusarda evi ilə qarşı-qarşıya yerləşən hoteli;
-Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binaları;
-6 nömrəli məktəbin yanında hoteli;
-Nərimanov parkında restoranı.
-Bayraq meydanının yaxınlığında 2 hoteli;
-Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini hansı yolla əldə edib? Bir rayonun İcra hakimiyyəti başçısının üzə çıxan sərvətinin dəyərini hesablayın və bunu 67-yə vurun və görün, dövlət büdcəsinin necə talan olduğunu.
İmişli, Kürdəmir, Ağstafa, Neftçala, Yevlax, Biləsuvar, Cəlilabad, Şəmkir… rayon İcra hakimiyyəti başçıları hansı əməllərinə görə həbs olunub?
Təbii ki, hər kəsin cavabı bu olacaq: Talançılığa görə!
Əslində, bütün rayonlarda aşağı-yuxarı demək olar ki, eyni vəziyyətdir. Hər yerdə başçı rayonun ən zəngin adamıdır. Heç bir iş adamı başçıdan varlı ola bilməz. Bu bir nonsens. Əgər kimsə bir rayonda İcra hakimiyyəti başçısının rüşvət almadığını, torpaq satmadığını, tükü çıxmamış yetimin haqqını yemədiyini iddia edirsə, yazsın, gedib o başçıdan üzr istəyəcəm. Azərbaycanda yaşayırıq və Azərbaycan da kiçik bir dövlətdir. Kimin halal, kimin də haram yolla yaşadığını hər kəs gözəl bilir.
O başçıların əksəriyyətinin arvad-uşağı yüz minlərlə dollarlıq lüks avtomobillərə sahib deyilmi? O başçıların əksəriyyəti milyonlarla dollarlıq villalarda yaşamırmı?
Təkrar yazıram İcra hakimiyyəti başçılarının əksəriyyəti DÖVLƏT büdcəsini talan edir. Bu talanın adı öncə Dövlət başçısı İlham Əliyevə xəyanətdir! Prezidentin etibarından sui-istifadə edərək, büdcəni talamanın, rüşvət almanın, saysız-hesabsız bahalı obyektlərə sahib olmanın adı XƏYANƏT deyil, nədir? Bu talan Dövlətə xəyanətdir! Bu talan Millətə xəyanətdir! Bu talan Vətənə xəyanətdir!
Bu qədər bəsit.
Ən ilginc olanı odur ki, İcra hakimiyəti başçılarının əməllərindən rayonda fəaliyyət göstərən dövlət qurumlarının- Respublika prokurorluğun, Daxili işlər nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin yerlərdəki qurumlarının xəbəri olmur. Üstəgəl Prezidentin icra hakimiyyətlərini kurasiya edən köməkçisinin, Prezident Admistrasiyası və Nazirlər Kabinetinin müvafiq qurumları da başçıların cinayətlərini zamanında görə bilmir. Məhz buna görə də cəmiyyətdə haqlı olaraq bu sual səslənir. İcra başçısı dövləti talan edərkən müvafiq dövlət qurumları nədən səssiz qalır?
Yuxarıda yazdım, DÖVLƏT Böyük Zəfərdən sonra çox gərgin bir soyuq savaşla qarşı-qarşıya qalıb. Savaş bitməyib! O diplomatik müstəvidə davam etməkdədir. Bu durumda təzəcə ərazi bütövlüyünü bərpa etmiş bir dövlətin məmuru quldurluq edirsə, ən ağır cəzaya layiqdir...
Ayı 300-400 manatla ilə başa vuran 1 milyondan artıq təqaüdçü, dilənçi günündə yaşayan 500 min vətəndaş bir ovuc quldurun əməllərindən sarsılır…
HAŞİYƏ- 10 ilı yaxın bir müddətdə müxtəlif tibb müəssisəsinin rəhbəri oldum. Dövlətin bir qəpiyinə belə göz dikmədim. Bununla qürur duyuram!
Bu gün də ali məktəbi bitirdikdən sonra təyinatla getdiyim şəhərdə gənc mütəxəssis olaraq dövlətin verdiyi evdə yaşayıram. 1500-ə qədər əməkdaşı olan böyük bir xəstəxananın baş həkimi işləmiş biri kimi deyirəm, oğurlasaydım, Bakıda 10 mənzil ala bilərdim.
Oğurlasaydım, həm də, bunları qələmə ala bilməzdim. Gənc yaşlarında belə mənim üçün DÖVLƏT və qanunlar qırmızı xətt sayılırdı. Sahib olduğum mənəviyyat və qürur Dövləti talan etməyə imkan verməzdi.
Hakimiyyətdə kimin olmasından asılı olmayaraq məmur ordusu hələ ki, rüşvət almaqda davam edir. Heç bir mənəvi dəyəri qəbul etməyən bu yaramazlar 100 dəfə də tövbə edə bilər, ancaq vərdişindən əl çəkməz. Ölüm hökmü ləğv olunub, sabah hökumət qərar versə ki, rüşvət alan məmur Yakutiyaya göndəriləcək, 60 dərəcəli şaxtada üzərinə su tökülərək saxlanılacaq və tövbə etdikdən sonra iş başına qayıdacaq, o zümrə şərtləri qəbul edər, lakin iş başına keçər-keçməz yenə rüşvət alacaq. Rüşvət onların ağ ciyərləri üçün oksigenə barabərdir. Rüşvət olmadığı məqamda onlar bir gün belə o kresloda oturmaz...
Azərbaycanda tutduğu vəzifə rüşvət almaq iqtidarında olan təxminə 5000-ə qədər məqam sahibi var. Elə kreslolar var ki, qısa zaman kəsimində sahibini milyonerə çevirir. O 5000 vəzifəli il ərzində rüşvət sayəsində və dövlət büdcəsindən oğurluq etməklə orta hesabla 1 milyon manat qazansa, bu, toplam 5 milyard manat edir. Başqa sözlə, büdcədən oğurlananlar Azərbaycanın dövlət büdcəsinin təxminən 15 faizi miqdarında olur. 5000 min rüşvətxor bu günkü Azərbaycan əhalisinin 0,05 faizi deməkdir. Nə hasil olur bu rəqəmdən? Hasil olur ki, o 0.05 faiz 99.95 faizin haqqını yeyir, dövlətin rəsmən etiraf etdiyi kasıbçılıq həddində yaşayan 5 faiz əhalini -500 min vətəndaşı səfil durumda yaşadır. O 0.05 faiz 1 milyondan artıq təqaüdçünün, elə o miqdarda da uşağın müavinətının artımının qarşısını alır. Ən dəhşətlisi isə o 0.05 faiz Dövlətin təməlinə sarsıdıcı zərbə vurur...
Təkrar-təkrar qeyd edirəm, xalqın düşüncəsində dəyişiklik baş verməsə, rüşvət və korrupsiyanı inqilabi yolla, radikal metodlarla büsbütün aradan qaldırmaq mümkün olmayacaq. Əlahəzrət “təkamül” adlanan bir məfhum mövcuddur. Qana, genə hopmuş naqislikdən xilas olmaq üçün bğyük zamana ehtiyac var. Sadə bir misalla buna aydınlıq gətirim. Dövlətin 33 yaşı var, və bu 33 ildə şəhər əhalisinin böyük bir qismi hələ də işıqforun qırmızı işığında dayanıb, yaşıl işıq yandıqdan sonra piyada xəttindən yolu keçməyi mənimsəməyib. Nədən ki, şüurən həzm edə bilmir...
Qanunlar davamlı olaraq təkmilləşdirilməli, rüşvətə şərait yaradan “münbit şərait” aradan qaldırılmalıdır. Və ən başlıcası Azərbaycan vətəndaşları öz düşüncəsində dəyişikliyə nail olmaq üçün hərəkət etməlidir.
Dövlətin rüşvət və korrupsiyanın qarşısını almaq üçün qəbul etdiyi önəmli qərarlar və ən əsası Prezident İlham Əliyevin dövləti sarsıdan bu bəlaya qarşı dövlətlə yanaşı cəmiyyətin də iştirakının önəmini vurğulaması, müxtəlif zamanlarda yüksək vəzifə sahiblərinin həbsə atılması ortada ikən, iqtidarın rüşvətə qarşı mübarizə aparmadığını dilə gətirmək obyektivlikdən uzaqdır. Bu mübarizədə arzulanan effektə yalnız dövlətlə cəmiyyətin birgə fəaliyyəti sayəsində nail olmaq mümkündür.
HAŞİYƏ- “Biz İtaliyanı yaratdıq, gəlin indi də italyanları yaradaq.” Nə vaxt yolum Romaya düşür, İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Kamilla Kavurun bu sözlərini xatırlayıram. Nə K. Kavur, nə də, ondan sonra İtaliyanı idarə edənlər görmək istədikləri italyanları yarada bilmədi. Avropanın göbəyində yerləşən və dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İtaliyada korrupsiya bu gün də ən yüksək səviyyədədir. Hətta mafioz qüvvələrin dövlətin bütün strukturlarına sirayət etdiyi İtaliya 1992-93-cü illərdə həyata keçirdiyi “Təmiz əllər” adlanan bir əməliyyatla korrupsiyanın bünövrəsini dağıtmağa nail oldu. Lakin bu əməliyyatdan 20 il keçdikdən sonra İtaliyada korrupsiyanın səviyyəsi yenidən yüksəlməyə başladı. Bir İtaliya sosioloqu bu yüksəlişin səbəbimni belə izah edirdi: Nə qədər ki, biz İtaliyalıların başında pula və sərvətə hərislik var, korrupsiya və rüşvət bizimlə qalacaq...
Eynən İtaliyalılar kimi bizim toplumda da mal-dövlətə və dəbdəbəyə yetərincə hərislik var. Və bu hərisliyimizdən qurtulmaq üçün tək çarə başımızda inqilab edib dürüst(halal) yaşam tərzinə keçməliyik.
Prezident İlham Əliyevin “dəmir yumruğu” sayəsində Azərbaycan bütövləşdi. Artıq o yumruğun Azərbaycanı içəridən dağıdanların başında da sınanması lazımdır. Bir də yazıram, Dövlətinin nadürüst haramzadələrdən xilas olması üçün ilk növbədə xalqın rüşvətə YOX! deməsi gərəkdir.
Bəzi siyasi ekspertlər rüşvətin qarşısını almaq üçün məmurların maaşılarını artırmağı vurğulayır. Sırf infantil düşüncə tərzinin məhsuludur bu. Maaşların artması 33 yaşlı müsəlman ölkəsində deyil, oturuşmuş Qərb dövlətlərində rüşvətin qarşısını ala bilər. Azərbaycanda polisə, hakimə, prokurora, lap belə həkimə prezidentin aldığı miqdarda maaş ver, yenə gözü vətəndaşın cibində olacaq. Mentalitetimizdə yuva salmış hərislik gözütox olmamıza izn vermir. Kimsə “doydum” deyən bir haramzadəyə rast gəldimi? Azərbaycanda hökumət aclığın sərhəddini müəyyən edib. Toxluğuğun sərhəddi isə sonsuzdur...
Bir müxalifət partiyası sədri ilə söhbətmi xatırlatmaq fikrindəyəm. Rüşvətdən söhbət düşəndə 30 ilə yaxın partiya sədri stajı olan bunu dedi: “Prezident olsam, 3 ay müddətində Azərbaycanda rüşvətin kökünü kəsərəm...”
Təkamül nəzəriyyəsindən, cəmiyyətin inkişaf qanunlarından xəbərsiz olan sədrdən soruşdum ki, prezident olsan, rüşvət almayacaq 10 nəfər komanda üzvünün adını deyə bilərsənmi. Dərin fikrə getdi...
Rüşvət bir sosial fəlakətdir. Bu gün cəmiyyətin dürüst və obyektiv vətəndaşlara böyük ehtiyacı var. Millət olaraq Dövlətin bünövrəsini dağıdan bu virusa qarşı dirəniş göstərməyi bacarmalıyıq. İki yol var. Ya, Dövlət və Xalq birgə hərəkət edərək rüşvət və korrupsiyanın kökünü kəsəcək, ya da, rüşvət və korrupsiya Dövləti bərbad vəziyyətə salaraq, Xalqı mənəvi deqradasiyaya məruz qoyacaq. Cümlə vətəndaşların “papağını qarşısına qoyub” bunu ciddi düşünməsi lazımdır.
Birinci 33 ildə Dövlət ən böyük problemi olan ərazi bütövlüyünü bərpa etdi, iqtisadiyyatın davamlı inkişifana nail oldu. Növbə Rüşvət və Korrupsiyanındır. Prezident İlham Əliyevin yaşı və idarəetmə təcrübəsi 10 milyonluq Azərbaycanda cərəyan edən bütün proseslərdən xəbərdar olduğunu deyir. Hərbdə qazanılan Zəfər həm iqtisadi tərəqqi, sosial ədalətin bərqərar edilməsi və xalqın rifahı ilə taclanmalıdır. Xalq qürurunu düşmən tapdağından xilas etmiş İlham Əliyevin “dəmir yumruğunun” Dövlətin təməlini dağıdanların başını əzəcəyi günü gözləyir...