Pakistanın Azərbaycandakı səfiri: "Qarşımızda dayanan heç bir çətinlik keçilməz deyil"

Pakistanın Azərbaycandakı səfirliyində bu ölkənin Milli Gününün 85-ci ildönümü münasibətilə tədbir keçirilib.
Lim10.az xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Bakıdakı Pakistan icmasının üzvləri, Azərbaycan vətəndaşları iştirak ediblər.
Ölkənin Milli Günü münasibətilə əvvəlcə dövlət bayrağı qaldırılıb və himn səsləndirilib.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin çıxış edərək, Baş nazir Məhəmməd Şahbaz Şərifin Milli Bayram münasibətilə müraciətini səsləndirib:
"Pakistan hakimiyyəti qazanılan müsbət nəticələrlə kifayətlənməyib, daha böyük uğurlar əldə etməyə çalışacaq. Təbii ki, bu nəticələrin əldə olunması üçün güclü iradənin və davamlı səylərin göstərilməsi, eləcə də qarşıda duran məsələlərə kollektiv yanaşma tələb olunur. Ölkəmizin malik olduğu nəhəng potensial, həyata keçirilən düzgün siyasət və milli vəhdət nəticəsində ölkəmiz iqtisadi cəhətdən daha da çiçəklənməyə nail ola, sosial ədaləti təmin edə və dünya ölkələri arasında özünə layiqli yer tuta bilər. Qarşımızda dayanan heç bir çətinlik keçilməz deyil. Mən əminəm ki, yalnız qətiyyət, gərgin fəaliyyət, eləcə də vahid yanaşma nəticəsində biz daha güclü, çiçəklənən və mütərəqqi bir Pakistan dövlətinin formalaşmasına nail ola bilərik".
Diplomat ölkəsinin son dövrlərdə əldə etdiyi uğurlardan da bəhs edib:
"Bu müvəffəqiyyətlərin daha da artırılması üçün dövlət səviyyəsində göstərilən səylər davam etdiriləcək."
Mərahim Nəsib