Almaniyada 66 yaşlı qadın 10-cu uşağını dünyaya gətirdi

Almaniyanın paytaxtı Berlində "Berlin Divarı Muzeyi"nin direktoru olan 66 yaşlı Aleksandra Hildebrandt 10-cu uşağını dünyaya gətirib.
Lim10.az "Telegraf"a istinadən xəbər verir ki, Filip adlanan oğlan uşağının 3550 qram çəkisi və 50 sm boyu var.
Qadın uşağı səkkizinci qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib ki, həkimlər bunu unikal hal adlandırırlar.
Aleksandra ilk dəfə 21 yaşında ana olub. 53 yaşından sonra isə daha 8 uşaq dünyaya gətirib. Hazırda o, 12 yaşlı əkizlər Elizabet və Maksimilian, 10 yaşlı Aleksandra, 8 yaşlı Leopold, 7 yaşlı Anna, 4 yaşlı Mariya və 2 yaşlı Katarinanı tərbiyə edir. Qadının böyük uşaqları isə 45 yaşlı həkim Svetlana və 36 yaşlı mediator Artyomdur.
"Əgər mən bu yaşımda uşaq bezlərini dəyişə bilirəmsə, niyə də olmasın?", - deyə qadın zarafat edir.
O, bütün ailənin bir masa ətrafında toplaşa biləcəyi anları səbirsizliklə gözlədiyini deyir. Ər-arvad artıq uşaqlar üçün köhnə evin kiçik olduğunu nəzərə alaraq yeni geniş ev alıblar.
Həkimlər Hildebrandtın yaşına baxmayaraq, əla fiziki vəziyyətini qeyd edirlər. Qadın bunu sağlam həyat tərzi ilə əlaqələndirir: Düzgün qidalanma, gündəlik üzmə və qaçış, həmçinin pis vərdişlərdən imtina.