Çin avtomobil istehsalçısı Türkiyədə zavod tikəcək

Çinin avtomobil istehsalçısı "Chery Automobile Co." Türkiyədə 1 milyard dollarlıq elektrikli avtomobil zavodu tikməyi planlaşdırır.
Lim10.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Türkiyə Sənaye Nazirliyinin açıqlamasında bildirilir ki, "Chery"nin Samsun şəhərindəki zavodu ildə 200 min avtomobil istehsal edə biləcək. Bundan əlavə, "Chery" bu zavodda avtomobil hissələri də istehsal etməyi planlaşdırır.
Layihəyə, həmçinin 5 min iş yerinin yaradılması nəzərdə tutulan tədqiqat və inkişaf mərkəzinin yaradılması da daxildir.
"Chery" zavodunun açılışı Türkiyədə Çin avtomobil istehsalçılarının mövcudluğunu genişləndirəcək. Türkiyənin Avropa İttifaqı ilə gömrük razılaşması olduğu üçün ölkə onların məhsullarının Avropaya ixracı üçün mərkəzə çevriləcək. Ötən il "BYD Co." da ölkədə 1 milyard dollarlıq zavod tikmək planını açıqlamışdı.
Keçən il Türkiyədə elektrik avtomobillərinin satışı bütün yeni avtomobil satışlarının 11%-ni təşkil edib.