Tovuzda evdə günlərlə tənha buraxılan uşağın son durumu AÇIQLANDI

2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Bu barədə Lim10.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, martın 17-də saat 21:20-də 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib:
"Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib".
"Tovuzun Yuxarı Öysüzlü kəndində valideyni tərəfindən evdə tənha buraxılan uşaq uzun müddət ac qaldığına görə orqanlarında müəyyən problemlər yaranıb, hazırda vəziyyəti ağırdır".
Bunu Lim10.az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, azyaşlıda bağırsaq keçməzliyi yaranıb:
"Uşaq hazırda reanimasiyada müalicə alır. Həkimlər onun vəziyyətinin yaxşılaşması üçün çalışırlar. Onlar uşağa yaxşı baxırlar, 24 saat nəzarətdə saxlayırlar. Həkimlə danışdım, azyaşlının vəziyyəti ağır olduğu üçün bu yaxınlarda xəstəxanadan buraxılması gözlənilmir".
"1 yaş 2 aylıq uşaq 5 kiloqramdır. Hazırda onu körpə yeməkləri ilə qidalandırırlar", - deyə K.Ağazadə qeyd edib.
Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Aləmdə Nəsib