Baxmut Putinin "Borodino"suna çevrildi

Qəzənfər Həmidoğlu

Rus tankları Rusiyaya girdi...


Baxmut döyüşü yalnız Ukrayna-Rusiya savaşının, XXI əsrin deyil, həm də tarixin ən uzun döyüşü sayıla bilər. 2022-ci ilin 1 avqustundan başlayan döyüş 225 gününü geridə qoyur və mayın sonunda 10-cu ayını tamamlayacaq.
Tarixin ən uzun döyüşü Birinci Dünya müharibəsi zamanı Qərb cəbhəsində Verden yaxınlığında olub. Savaşın ən qanlı qarşıdurması 10 aya yaxın - 1916-cı il fevralın 21-dən dekabrın 18-dək davam etmiş və heç bir taktiki nəticə verməmişdir – cəbhə xətti Verden döyüşü başlayanda harda idisə, orda da qalmışdı. Baxmut döyüşü bu gün-sabah tarixi rekordu qıracaq.
Donetsk vilayətinin rayon mərkəzi olan Baxmut Donbas döyüşləri çərçivəsində
elə bir strateji və taktiki önəm daşımasa da, sonradan tərəflər üçün böyük strateji əhəmiyyət kəsb etdi. Gün keçdikcə Baxmut rus silahının məzarına çevrilir. Mayın 20-də Putinin aşpazı, “Vaqner”in şefi Priqojin şəhəri ələ keçirdiyini bəyan etsə də, Ukrayna Silahlı Qüvvələri (USQ) Baxmuta nəzarətini itirmədiyini bildirir.
Baxmutda daş daş üstə qalmayıb, şəhər darmadağın, dəlmə-deşik olub. USQ orda rus ordusunu ətçəkən maşından keçirir. Amma Putin gözünü Baxmuta dikib: qafasına yerləşdirib ki, Baxmut yeni Borodinodur və savaşın taleyi orda həll olunur. Adam tarixə “Baxmut fatehi” kimi düşmək istəyir. Hətta, sərhədyanı Belqorod, Bryansk və Kurskə hücumlar belə gözünə görünmür.
Mayın 22-də Ukraynadan Rusiya ərazisinə – Belqorod vilayətinə Ukrayna tərəfindən vuruşan Rusiya vətəndaşlarından ibarət Rus Könüllü Korpusunun (RKK) və “Rusiyaya Azadlıq” legionunun bir neçə silahlı qruplaşması tanklarla daxil olub. Rusiya hakimiyyəti Ukraynadan Belqoroda diversiya-kəşfiyyat qruplarının girdiyini etiraf edib. Belqorodun bir sıra yaşayış məntəqələrində kəskin toqquşmalar gedir.
Ukrayna Prezidenti ofisinin müşaviri Mixail Podolyak Kiyevin baş verənləri “maraqla izlədiyini”, amma bu işin onlara “birbaşa dəxli olmadığını” bildirib: “Rusiyanın istənilən “voyentorq”unda tank satılır, gizli partizan dəstələri isə Rusiya vətəndaşlarından ibarətdir”.
Rusiyanın telegram-kanalları Belqorodda baş verənləri “deversantları tələyə salmaq” əməliyyatı kimi təqdim etməyə cəhd göstərirlər. Bu gedişlə ruslar sonda belə “tələ”ni Qızıl meydanda qurmağa qədər də gedə bilərlər...