Myanma zəlzələsi Yaponiyada daha böyük miqyasda təkrarlana bilər: Alimlər həyəcan təbili çalırlar

Myanmada baş verən dəhşətli zəlzələdən sonra Yaponiya hökuməti həyəcan təbili çalır. Mütəxəssislərin fikrincə, yaxın 30 il ərzində Yaponiyanın əsas Honsyu adasından cənub-şərqdə yerləşən Nankay çökəkliyində 8-9 bal gücündə güclü zəlzələ baş verə bilər.

Lim10.az-ın xəbərinə görə, bu barədə NHK telekanalı məlumat verir.

Məlumata görə, bu təbii fəlakətin nəticələri, həqiqətən, apokaliptik olacaq. Belə ki, proqnozlara görə, 298 minə qədər insan fəlakətin qurbanına çevriləcək.

Nankay çökəkliyi dünyada ən təhlükəli seysmik zonalarından biridir. Tarixi məlumatlar göstərir ki, burada zəlzələlər qorxuducu müntəzəmliklə - təxminən hər 100-150 ildə bir dəfə baş verir. Bu bölgədə 8.1-8.4 bal gücündə sonuncu güclü zəlzələ 1946-cı ildə baş verib və 1 300-dən çox insanın həyatına son qoyub. Alimlər xəbərdarlıq edirlər ki, növbəti "böyük silkələnmə" hər an baş verə bilər.

Zəlzələnin birbaşa qurbanlarından başqa, mütəxəssislər daha 52 min insanın ikinci dərəcəli nəticələrdən - torpaq sürüşmələri, yanğınlar və sunamilərdən öləcəyini proqnozlaşdırırlar. Təbii fəlakətin bütün Yaponiyada 2.35 milyondan çox tikilini məhv edəcəyi gözlənilir.

Qeyd edək ki, Nankay çökəkliyində zəlzələ təhlükəsi ilə bağlı hələ bir neçə ay əvvəl və növbəti 30 il ərzində belə bir zəlzələnin baş vermə ehtimalını 80% nisbətində dəyərləndirmişdi.

Xatırladaq ki, martın 28-də Myanmada 7.7 və 6.4 bal gücündə iki zəlzələ qeydə alınıb. Onlardan birinin episentri Mandalay şəhərindən 31 km şimal-qərbdə yerləşib. Myanmada ölənlərin sayı 1 700-ə çatıb, 3 400-dən çox insan yaralanıb və 300 nəfər itkin düşmüş hesab edilir. Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb.