Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlib.
Lim10.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
"Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Hazırda ölkələr arasında həyata keçirilən iqtisadi layihələr müzakirə olunacaq, mən xüsusilə bərpa olunan enerji məsələlərini və ölkələrimiz arasında həyata keçirilən bir sıra meqa layihələri qeyd etmək istərdim”, - Pataradze bildirib.
Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.