Kuklaçılar Türkiyəyə festivala gedir

Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri Türkiyəyə festivala gedəcəklər.

Lim10.az xəbər verir ki, 21 aprel-12 may tarixlərində IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı keçiriləcək. 

Məlumata görə, kuklaçıların səfər müddəti isə 21-26 aprel tarixlərini əhatə edəcək. 

Qeyd edək ki, sənət bayramı Türkiyənin iki böyük şəhərini əhatə edəcək. 23-25 aprel tarixlərində Ankara, 26-27 aprel tarixlərində İstanbulda baş tutacaq festival marafonu 28-30 aprel tarixlərində Bakıda, 2-4 may tarixlərində Özbəkistanda davam edəcək. Tədbirin builki bağlanış mərasimi 9-12 may günlərinə təsadüf edəcək və Şimali Kipr Türk Respublikasında olacaq.

Bildirilir ki, builki festivalda iştirakçıların sayı və nümayiş etdiriləcək tamaşa proqramı kifayət qədər genişdir. Bu baxımdan, kukla sənətçiləri hər iki şəhərdə müxtəlif məkanlarda milli kukla sənətimizi layiqincə təqdim etməyə çalışacaqlar. Səfərə 10 nəfərlik heyətlə yola düşəcək kuklaçılar Türkiyəli teatrsevərlərə “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim edəcəklər.

Milli kukla personajlardan ibarət birhissəli aktın səhnələşdirmə və quruluşçu rejissoru Saida Haqverdiyeva, tərtibatçı rəssamı İqbal Əliyevdir.

Milli musiqi və rəqslərlə zəngin səhnə işində obrazları aparıcı kukla aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandıracaqlar.

Həmidə İbrahimova