Bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində imzalanmış ticarət sazişi Sloveniya və Azərbaycan iqtisadiyyatlarının rəqəmsallaşdırılmasının müxtəlif istiqamətlərində əməkdaşlığın inkişafına təkan verəcək.
Lim10.az xəbər verir ki, bu barədə “SPIRIT Slovenia” agentliyinin beynəlmiləlləşmənin təşviqi sektorunun rəhbəri Tanya Drobniç (Tanja Drobnič) Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu zamanı bildirib.
Onun sözlərinə görə, Sloveniya və Azərbaycan arasında xidmət və məhsulların geniş spektrinin həyata keçirilməsi imkanı mövcuddur.
"Ölkələrimizin sənayesinin rəqəmsallaşdırılması birgə inkişaf üçün böyük fürsətdir. Bu gün Sloveniyanın “Kontron” şirkəti ilə Azərbaycanın “Bestcomp” şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumu, şübhəsiz ki, hər iki ölkənin iqtisadiyyatlarının rəqəmsallaşdırılması sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi yolunda mühüm addım olacaq", - T.Drobniç vurğulayıb.