“2024-cü ildə suvarma mənbələrindən 9 milyard 256 milyon kub metr su götürülüb, təsərrüfatlara 6 milyard 710 milyon kub metr su verilib. Qalan 2 milyard 500 milyon kub metrə yaxın su itkiyə gedib”.
Lim10.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisdə ictimai dinləmə zamanı deyib.
O qeyd edib ki, 1 milyon 430 min hektar suvarma sahəsinin təqribən 790 min hektarı öz axını ilə, 642 min hektarı isə mexaniki üsulla su ilə təmin edilib.
"Hazırda anbarlarda 18 milyard 760 milyon kubmetr su ehtiyatları toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 576 milyon kubmetr çoxdur. Bu il 1 milyon 524 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulur", - deyə bildirib.
Aslanov onu da əlavə edib ki, azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması üçün smeta hazırlanıb: “Bu məqsədlə tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının, eləcə də Ağdam, Ağdərə, Kəlbəcər və digər azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanıb. Onların tikintisinə başlanacaq”.
Rafiq Aslanov eyni zamanda sudan qənaətlə və səmərəli istifadənin çox vacib olduğunu da dilə gətirib: “Əhalinin su təminatında problemlərinin qarşısının alınması üçün görülmüş kompleks tədbirlər nəticəsində respublikada su anbarlarında 2024-cü ildə 4,3 milyard artıq su toplanıb. 1 milyon 431 min hektar kənd təsərrüfatı təyinatlı torpaqlar suvarma suyu ilə təmin edilib. Hazırda anbarlarda toplanan su ehtiyatlarına əsasən deyə bilərik ki, əkin sahələrinin suvarılmasında problem olmayacaq. Türyançay su anbarının layihə smeta sənədləri hazırlanıb. Su Komissiyası tərəfindən bu məsələlər aydınlaşdırılır. Qərar qəbul olunduğu halda Türyançay su anbarının tikintisi həyata keçiriləcək”.
Mürtəza
Lim10.az