Sahibə Qafarova Çinin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Çinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

Lim10.az xəbər verir ki, görüşdə Sahibə Qafarova Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərdiyini, siyasi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib. O, bu gün ölkələr arasında münasibətlərin özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyevin Çinə dövlət səfərinin əhəmiyyəti qeyd olunaraq, iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi olduğu vurğulanıb.

Görüşdə parlamentlər arasında əlaqələrin ölkələr arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılaraq, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Birgə Bəyanatda parlamentlər arasında əməkdaşlığa dair məsələlərin əks olunduğu ifadə edilib.

Çin səfiri Azərbaycanda diplomatik fəaliyyəti dövründə digər sahələrlə yanaşı, qanunvericilik orqanları arasında da əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini bildirib.