Bakının Bayırşəhər adlanan hissəsində tarixi abidə statusu almış yaşayış binasının söküldüyü iddia edilir.
Lim10.az xəbər veri ki, bu barədə memar Abdul Hüseynov məlumat yayıb.
O, qeyd edib ki, məşhur Azərbaycan memarı Məşədi Mirzə Qafar İsmayılovun layihəsi ilə 1887-ci ildə tikilmiş yaşayış binası sökülür:
“Bayırşəhər tarixi ərazisində, L.Tolstoy küçəsi, 89 ünvanında söküntü işləri aparılır. 3749 inventar nömrəli bina memarlıq abidəsidir. Bu da o deməkdir ki, abidənin statusuna məhəl qoyulmur (ev reyestrdən çıxarılmayıb) və qanunsuz olaraq söküntü işləri aparılır!”
Memar əlavə edib ki, ərazidə söküntü yə dair məlumat stendi yoxdur.
Məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Lim10.az -ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bina daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil.
Söküntüyə dair məlumat stendinin olmamasına gəldikdə isə qurumdan bildirilib ki, bina abidə olmadığı üçün Dövlət Xidmətinin səlahiyyətə aid məsələ deyil.
Mövzu ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə də sorğu göndərilib.
Billurə Yunus