Kredit tarixçəsi pis olanların nəzərinə

Bəzi vətəndaşların kredit tarixçəsinin pis olması onlara maliyyə məsələlərində ciddi çətinliklər yaradır.

Lim10.az  xəbər verir ki, iqtisadçı Elman Sadıqov metbuat.az-a açıqlamasında kredit tarixçəsinin hansı səbəblərdən pisləşməsindən və bunu düzəltməyin yollarından danışıb.

O bildirib ki, kredit tarixinin pisləşməsi, adətən kreditin məbləğinin və ya faizlərinin bir hissəsinin və ya hamısının gecikdirilməsi, yəni vaxtında ödənilməməsi halında baş verir:

"Kredit tarixində ən pis vəziyyət isə odur ki, kredit üzrə qalıq məbləğ ödənilmədən qalır.

Məsələn, şəxs 10 000 manat kredit götürüb, lakin bu məbləği tam və ya qismən, məsələn, 5-6000 manatını ödəməyib və bu məbləğ vaxtı keçmiş borc kimi qalır. Əgər bu məsələ məhkəmə çəkişməsinə çıxarılıbsa, bu, kredit tarixinin daha da pisləşməsinə səbəb olur".

E.Sadıqovun sözlərinə görə, şəxs özü kredit götürməsə belə, zamin durduğu şəxsin kreditində gecikmə yaranması da onun kredit tarixinin pisləşməsinə gətirib çıxarır:

"Yəni kredit tarixi yalnız şəxsin öz öhdəlikləri ilə deyil, zamin olduğu şəxsin məsuliyyətsizliyi ilə də pozula bilər. Buna görə də zamin durarkən çox diqqətli olmaq lazımdır. Çünki kredit tarixi pisləşən vətəndaşa qarşı banklarda bir inamsızlıq yaranır. Güvən itir və bu itmiş güvəni bərpa etmək üçün vətəndaşa bir şans verilməlidir. Lakin bəzi hallarda banklar bu şansı verməkdən çəkinirlər. Çünki əgər verilən bu şans özünü doğrultmasa, yəni vətəndaş yenidən kredit ödənişində gecikmələrə yol verərsə, bu dəfə banklar əlavə təzyiqlərlə üzləşirlər. Belə hallarda "nə üçün kredit tarixi pis olan vətəndaşa yenidən kredit verdiniz?" sualı ilə qarşılaşırlar. Bu irad bəzən məhkəmə tərəfindən, bəzən isə birbaşa bankın rəhbərliyi tərəfindən də ifadə oluna bilər. Banklar vətəndaşlara yaxşı niyyətlə yeni bir şans yaratmağa çalışırlar. Hər hansı bir kredit məbləği təklif edərək vətəndaşın borcunu qaytarmasına şərait yaradırlar. Amma əgər həmin kredit də vaxtında ödənilməzsə, bu, artıq vətəndaşın kredit tarixində çox ciddi mənfi təsir yaradır. Eyni zamanda bu hal bank üçün də mənfi bir hal kimi qiymətləndirilir. Məhz buna görə banklar kredit tarixi pis olan vətəndaşlara kredit verməkdən çox zaman çəkinirlər".

İqtisadçı bunu düzəltmək üçün ilk növbədə kredit tarixçəsinin hansı səbəbdən pisləşdiyinin araşdırılmalı olduğunu qeyd edib:

"Məsələn, vətəndaş 6000 manat və ya 5000 manat kredit götürüb və bu kredit üzrə ödənişlərdə gecikmələr olubsa, bu onun kredit tarixini mənfi təsirləndirə bilər. Belə hallarda vətəndaş ilkin mərhələdə daha kiçik məbləğdə, məsələn, 1000, 1500 və ya 2000 manat kredit götürməli və bu kreditin ödənişini vaxtında, hətta mümkünsə, vaxtından əvvəl həyata keçirməlidir. Heç bir gecikməyə yol verilməməlidir. Daha sonra növbəti mərhələlərdə vətəndaş tədricən kredit məbləğini artıraraq, 2500-3000 manat və daha yüksək məbləğlər üçün müraciət edə bilər. Lakin bu zaman da ödənişlərdə heç bir gecikmə baş verməməlidir. Çünki bircə dəfəlik gecikmə belə kredit tarixinin yenidən kəskin şəkildə pisləşməsinə və gələcəkdə uzun müddət kredit alma imkanının itirilməsinə səbəb ola bilər".

E.Sadıqov diqqətə çatdırıb ki, kredit tarixində problem olan vətəndaşlar daha az məbləğli kredit üçün müraciət etməli, həmin kredit üzrə ödənişləri gecikmədən və tam şəkildə, mümkün qədər vaxtından əvvəl həyata keçirməlidirlər. Bu vacib məqam onların kredit tarixini tədricən yaxşılaşdırmağa imkan verəcək:

"Kredit tarixi bir günə, bir aya və ya bir ilə yaxşılaşmır. Əksinə, illərlə yaradılmış müsbət kredit tarixçəsini bir neçə ay ərzində məhv etmək mümkündür. Amma itirilmiş etibarı bərpa etmək və bankların inamını yenidən qazanmaq olduqca çətin və uzunmüddətli bir prosesdir. Kredit kartlarından istifadə zamanı da xüsusilə ehtiyatlı olmaq lazımdır. Çünki bu kartlar vasitəsilə aparılan alış-verişlərdən sonra ödəniş müddəti keçərsə, əlavə faizlər tətbiq olunur. Belə hallarda borcun ödənilməsi daha da çətinləşir və nəticədə kredit kartı üzrə də ciddi gecikmələr baş verir. Bu gecikmələr isə birbaşa kredit tarixçəsinə mənfi təsir göstərir. Həmçinin, kredit kartı borcunun sonradan annuitet əsaslı, yəni normal kreditə çevrilməsi də mümkündür. Lakin bu prosesin özü də kredit tarixini təsirləndirə bilər. Çünki artıq ortada gecikmiş kredit faktı var".

İqtisadçı bir daha vurğulayıb ki, bu səbəbdən vətəndaşlar, ilk növbədə, kreditin gecikməməsinə çalışmalı, zamin durarkən ehtiyatlı olmalı və kredit tarixində problem olan şəxslər yalnız kiçik məbləğlər üçün müraciət etməlidirlər. Həmin krediti vaxtında və ya vaxtından əvvəl ödəyərək bankın verdiyi şansdan maksimum səmərə ilə istifadə etməlidirlər. Çünki bu, demək olar ki, onların kredit tarixini yaxşılaşdırmaq üçün yeganə çıxış yoludur.