Rekordlar kitabına düşməsə də, əsl rekordçu oldu

Hindistanın Madhya Pradeş ştatında yerləşən Panna Pələngləri Qoruğu bu ayın əvvəlində qeyri-adi bir vida mərasiminə şahidlik edib. Asiya qitəsinin bilinən ən yaşlı fili olan Vatsala 100 ildən artıq ömrünün sonunda dünyasını dəyişib. Fillər arasında bu qədər yaşlı fərdlərin mövcudluğu olduqca nadir hadisə sayılır.

Lim10.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Vatsala həyatı boyunca ətrafındakıların sevgisini qazanmış, illər ərzində baxıcıların və digər fillərlə birgə böyüyən balaların gözündə bələdçi fiqura çevrilmişdi. Qoruqda uzun müddət çalışan baxıcılar onun itkisini dərin hüznlə qarşılayıblar.

Hindistan Meşə Xidmətləri əməkdaşı Anupam Şarma sosial mediada etdiyi paylaşımda "Pannanın 100 yaşını keçmiş matriarxı Vatsalaya vida edirik. Onun zərif varlığı onu tanıyan hər kəsin yaddaşında silinməz iz qoydu” sözlərini qeyd edib. Paylaşımda həmçinin Vatsalanın illər ərzində həyata keçirilən xilasetmə əməliyyatlarına və balaların böyüdülməsinə verdiyi töhfələr də vurğulanıb.

Vatsalanın həyat hekayəsi olduqca maraqlıdır. Onun Kerala meşələrində doğulduğu və gənclik illərində yük daşımaq üçün istifadə edildiyi məlumdur. 1972-ci ildə, təxminən 50 yaşında ikən Madhya Pradeşə gətirilmiş və 1993-cü ildə Panna qoruğuna yerləşdirilmişdi. Heç vaxt cütləşməmiş və zamanla bölgənin sevilən dişi liderlərindən birinə çevrilmişdi. Dişsiz olub, lakin bu hal nə davranışlarına, nə də sosial münasibətlərinə təsir göstərməmişdi.

2020-ci ildə keçirdiyi katarakt nəticəsində görmə qabiliyyətini itirsə də, Pannadakı həyatına sakit gəzintilərlə davam edib. Sadiq baxıcısı Maniramın rəhbərliyində təbiətdə vaxt keçirməkdə davam edib. Maniram yerli qəzetə verdiyi açıqlamada "O, sanki bir nənə idi. Balalara qayğı göstərər, onları qoruyardı, amma erkək fillərlə həmişə məsafə saxlayardı” deyib.

Bu məsafə bəzən onun üçün təhlükəli olub. 2003 və 2008-ci illərdə Ram Bahadur adlı erkək filin hücumlarına məruz qalıb. Xüsusilə ilk hücum ağır nəticələr doğurub – qarın nahiyəsində yırtıqlara səbəb olub və doqquz ay davam edən müalicə ilə sağala bilib.

Vatsalanın doğumu ilə bağlı rəsmi sənəd olmadığı üçün Ginnesin Rekordlar Kitabına daxil olmaq mümkün olmayıb. Çünki XX əsrin əvvəllərində doğulan fillər üçün doğum qeydləri aparılmırdı. Hazırda sənədləşdirilmiş ən yaşlı fil unvanı 2003-cü ildə 86 yaşında vəfat edən Tayvanda yaşamış "Lin Vanq” adlı fila məxsusdur.

Ümumilikdə, böyük quru və su canlılarının kiçik növlərə nisbətən daha uzun ömürlü olduğu məlumdur. Qrenlandiya köpəkbalığı, qütb balinası, Qalapaqos tısbağası və insan bu qəbildən nümunələrdir. Lakin bu qayda həmişə keçərli deyil. Məsələn, mağara salamandraları və ev tısbağaları kimi bəzi kiçik növlər uzunömürlülükləri ilə bu ümumi meyldən kənara çıxırlar.

Maraqlısı odur ki, böyük canlılarda daha çox hüceyrə olduğu üçün onlar nəzəri olaraq xərçəng və hüceyrə pozulmalarına qarşı daha həssas olurlar. Buna baxmayaraq, bu canlılar orqanizmlərini qorumaq üçün xüsusi təkamül mexanizmləri inkişaf etdiriblər. Alimlər bu mexanizmlərin necə işlədiyini daha dərindən anlayaraq insan ömrünü uzatmaq üçün faydalı ipuclarına çatmağı ümid edirlər.