Rusiya XİN "Tramp marşrutu" layihəsinin detallarını öyrənmək niyyətindədir

Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Tramp Marşrutu" layihəsinin (Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - red.) detallarını öyrənmək niyyətindədir.
Lim10.az "Report"a istinadla xəbər verir ki, bu barədə avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
"Tramp marşrutu"na gəlincə, biz öz mövqeyimizi sonraya saxlamışıq. Rusiya XİN layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, bu detallar hələ açıqlanmayıb. Bu halda Cənubi Qafqazda regiondan kənar qüvvələrin cəlb edilməsi sülh gündəliyinin irəliləməsinə kömək etməli, yeni problemlər və yeni ayırıcı xətlər yaratmamalıdır", - o qeyd edib.
Fadeyev qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qərarların hazırlanması və qəbul edilməsi zamanı bir sıra amillər, o cümlədən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Ermənistanın Sünik vilayətində Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.