Tramp-Putin razılaşmasında 5 detal: dünyanın bölünməsi

Alyaskada Trampla Putin arasında baş tutan görüşü bir daha sübut etdi ki, hədəf heç də dünyada bəşəri dəyərləri, insanlığı qorumaq deyil, dünyanın böyük güclər arasında axıdılan qanlar hesabına amansızcasına bölüşdürülməsidir.   

Tarix təkrarlanır, sadəcə hər dövrün öz şərtlərinə uyğun şəkildə.

Rusiya-Ukrayna müharibəsi də, dünyanın yenidən bölünməsi və yeni dünya düzənin şəkilləndirilməsində bazarlıq predmetidir.  

Görüşdən hasil olan ilkin nəticələr:

- ABŞ dünyanın arbitri rolunda çıxış etmək üçün şər imperiyası olan Rusiyanın çökdürülməsində maraqlı deyil;
- ABŞ Avropanı öz təsir daisərində saxlamaq üçün Rusiyadan faydalanır və bunun üçün də Avropanı danışıqlar prosesindən maksimum dərəcədə kənarda saxlayır;
- ABŞ Rusiyadan Çinə qarşı istifadə etməyə çalışır;
- Yaxın Şərqin yenidən şəkilləndirilməsi və İran məsələsi;
- ABŞ geosiyasi maraqları ilə yanaşı geoiqtisadi maraqlarının, xüsusən də Arktikada təmin olunmasını istəyir. Tərəflər bu məsələdə müəyyən mənada Alyaska görüşündə ilkin razılığa gəliblər.

Onu da qeyd etmək lazımdır ki, görüşdə Cənubi Qafqazın, Orta Asiyanın da yer aldığı Mərkəzi Avrasiya coğrafiyasındakı ABŞ-nin geosiyasi, geoiqtisadi maraqları, tərəflərin birgə əməkdaşlıq formullarının perspektivləri, logistik layihələrin təhlükəsizliyinin təminatı kimi məsələlər də yer alıb.

Alyaska görüşünün təfərrüatları üçünsə zamana ehtiyac var. Tərəflər tədricən görüşdə müzakirə edilən və əldə edilən razılşamaların detallarını açıqladıqca proseslərin hansı istiqamətdə inkişafı barədə aydın mövqe ortaya çıxacaq. Lakin bircə onu qeyd etmək olar ki, Alyaska görüşü Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması üçün atılan növbəti cəhd idi. Trampın da bəyan etdiyi kimi bu, Kiyev və Avropadan asılı olacaq məsələdir. Avropa və Kiyev Alyaska görüşündə əldə olunan razılaşmaların detalları barədə məlumat aldıqdan sonra mövqe sərgiləyəcəklər. Şərtlərin Kiyev və Avropanın maraqlarına uyğun olacağı ehtimalı azdır. Olsa da belə, bunun necə həyata keçirilmə mexanizmi bəlli deyil.

Proseslərin gedişini isə Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi bir fikiri yenidən təkrarlamaqla dəyərləndirə bilərik. “Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. 

Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyisə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir”, - Prezident İlham Əliyev qeyd edib.  

Alyaska görüşündən çıxan nəticə Prezident İlham Əliyevin 4 ay bundan öncə səsləndirdiyi fikri bir daha təsdiqlədi. Atəşkəsin və sülhün əldə olunması kompromislər tələb edir. Tərəflər bəyan etdikləri şərtlərdən geri çəkilməyincə nə atəşkəsdən, nə də sülhdən danışmaq mümkündür.