ABŞ geoloji xidməti (USGS) tərəfindən aparılan və "Nature” jurnalında dərc edilən yeni tədqiqat Yellouston supervulkanının gələcəkdə baş verə biləcək dağıdıcı püskürməsinin yalnız ABŞ-a deyil, bütün dünyaya təsir göstərə biləcəyini ortaya qoyub.
Lim10.az Qaynarinfo-ya istinadən xəbər verir ki, alimlər elektromaqnit vizuallaşdırma üsullarından istifadə edərək Yellouston kalderasının altında qaya qatının elektrik keçiriciliyini ölçüb və qismən ərimiş zonaların yüksək dəqiqlikli üçölçülü xəritəsini tərtib ediblər.
Araşdırma nəticəsində məlum olub ki, vulkanın maqmatik sistemi vahid deyil – o, əsasən bərkimiş qabığın içində yerləşən müxtəlif ərinti boşluqlarından ibarətdir. Bu zonalarda ərimə payı 2%-dən 30%-dək dəyişir. Ən iri maqma ehtiyatı kalderanın şimal-şərqində cəmlənib – burada 400–500 kub kilometr həcmində riyolit maqması mövcuddur. Bu miqdar 1,3 milyon il əvvəl baş vermiş Mesa Falls püskürməsinin həcmini üstələyir.
Alimlərin sözlərinə görə, maqmanın əsas istilik mənbəyi mantiyadan qalxan bazalt intruziyasıdır. Bu proses ərinti zonalarının tədricən böyüməsinə şərait yaradır və gələcəkdə bu boşluqların birləşərək irimiqyaslı püskürmə riskini artıra biləcəyi istisna edilmir.
Son 2,1 milyon ildə Yelloustonda üç böyük püskürmə (Huckleberry Ridge, Mesa Falls, Lava Creek) baş verib. Onların arasında orta interval təqribən 735 min il təşkil etsə də, alimlər bildirirlər ki, bu, sabit dövrlülük kimi qiymətləndirilə bilməz. Klmatoloq Markus Stoffel və həmkarları dünya üzrə 2100-cü ilədək VEI 7 və ya daha yüksək gücdə püskürmə baş vermə ehtimalını 16% olaraq dəyərləndiriblər.
Tədqiqatçılar qeyd edirlər ki, supervulkan püskürməsi bir neçə mərhələdən ibarət ola bilər: əvvəlcə kiçik, lokal partlayışlar baş verir, sonra isə zonalar arasında əlaqə yarandıqda proses sürətlə güclənir. Riyolit maqması yüksək dərəcədə qazlı və çox viskoz olduğundan dəqiqələr ərzində stratosferə qalxan kül sütunları formalaşa bilər. Püskürmə zamanı yaranan piroklastik axınlar saatda 300 kilometrdən artıq sürətlə hərəkət edərək 100 kilometr radiusdakı əraziləri məhv edə bilər.
USGS mütəxəssisi Larri Mastinin modelləşdirməsinə əsasən, kül qatının təsiri ABŞ-ın mərkəzi və şərq bölgələrinə qədər çata bilər. Çikaqo, San-Fransisko və Vinnipeqdə 3 sm qalınlığında kül yığılması ehtimal olunur. Mənbəyə yaxın ərazilərdə külün hündürlüyü bir neçə metrə çata və bu, infrastrukturun dağılmasına, kənd təsərrüfatının tamamilə sıradan çıxmasına səbəb ola bilər.
Ən böyük qlobal təhlükə isə mexaniki dağıntılar deyil, stratosferdə yaranacaq sulfat aerozollarıdır. Vulkan püskürməsi zamanı havaya atılacaq kükürd dioksid günəş şüalarını əks etdirərək sürətli iqlim soyumasına gətirib çıxara bilər.
Tarixi nümunələr də mövcuddur: 1991-ci ildə Filippində Pinatubo vulkanının püskürməsi nəticəsində dünya temperaturu təqribən 0,5 dərəcə aşağı düşmüşdü və bu təsir iki ilə yaxın davam etmişdi. Yellouston miqyasında püskürmə isə qlobal temperaturu orta hesabla 4 dərəcə, Şimali Amerikanın bəzi bölgələrində isə 10 dərəcə və daha artıq azalda bilər. Soyuma mərhələsinin 15–20 il davam etməsi gözlənilir.
Alimlərin fikrincə, belə ssenari bir neçə qitədə kənd təsərrüfatının çökməsinə, torpaq və suyun ağır metallar – arsen, kadmium, civə ilə çirklənməsi səbəbindən ekoloji və sağlamlıq böhranına yol aça bilər.
Mütəxəssislər bildirirlər ki, qlobal miqyasda vulkan risklərinin idarə olunması hələ də kifayət qədər inkişaf etməyib. Yelloustonun yaxın zamanda püskürməsi qaçılmaz olmasa da, belə bir hadisə baş verdiyi təqdirdə dünya iqlimi, ərzaq təhlükəsizliyi, infrastruktur və insan həyatı ciddi şəkildə təhlükə altına düşəcək.