Üçtərəfli görüş simvolik olacaq, Zelenski hakimiyyətdən gedə bilər

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini mümkün hesab edir. O, bu barədə “Truth social” şəbəkəsindəki səhifəsində yazıb.

Lim10.az xəbər verir ki, bu görüşün baş tutub-tutmayacağı barədə politoloq Kənan Novruzov Musavat.com-a açıqlama verib. O hesab edir ki, Alyaskada ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüş göstərdi ki, əslində üçtərəfli müzakirə formatı da mümkündür: "Hər halda nə Putin, nə də Zelenski buna etiraz edər. Əks halda səhv etmiş olarlar.

Əslində Alyaskadakı görüş də göstərdi ki, həm müharibə, həm də danışıqlar Qərblə Rusiya arasında gedir. Daha doğrusu, ABŞ ilə Rusiya arasında".

Ekspert onu da qeyd edib ki, Şərqi Avropada proseslərin inkişafı daha çox ABŞ- Rusiya münasibətlərinin dinamikasından asılıdır: "
Fikrimcə, mümkün üçtərəfli görüş simvolik xarakter daşıyacaq. Həmin görüşün həlledici olacağını düşünmürəm. Doğrudur, üçtərəfli sammitdən sonra hansısa nəticələr əldə oluna bilər. Amma onlar artıq həmin görüşə qədər razılaşdırılacaq. Xüsusilə də ABŞ- Rusiya təmaslarında.

İndi ən çətin məsələ Trampla Putinin razılığa gəlməsi ilə bağlıdır. Əgər bunu bacarsalar, qalan məsələlər həllini tapacaq.

Nəzərə almaq lazımdır ki, Kiyev bu gün xeyli dərəcədə Vaşinqtondan asılı vəziyyətdədir. Bu isə o deməkdir ki, ABŞ-nin Ukraynaya təsir imkanları kifayət qədər çoxdur. Əgər Ağ Evlə Kreml razılığa gələ bilsələr, Tramp Zelenskini aradan götürə də bilər. Bu ehtimal getdikcə artır.

Əlbəttə, Zelenski də reallıqları anlayır. Odur ki, Avropa ilə əlaqələri gücləndirməklə həm də öz təhlükəsizliyini təmin etməyə çalışır. Düşünürəm ki, mümkün üçtərəfli görüş sadəcə o vaxta qədər əldə olunmuş nəticələrin elan olunması və ABŞ-nin Ukrayna ilə Rusiya arasında guya balanslı davranmağı, bərabərhüquqlu yanaşmağını göstərməsi baxınından səciyyəvi ola bilər. Hərçənd Zelenski özü də başa düşür ki, Kiyev və Moskvanın imkanları fərqlidir. Hər halda artıq Rusiya- Ukrayna müharibəsində yeni mərhələ başlanır. Və, məncə, “sular durulmazdan” əvvəl “fırtına” olacaq".