"İmarət"ə aid eksklüziv kadrlar üzə çıxdı - VİDEO

Ağdam şəhərində yerləşən “İmarət” kompleksinə aid eksklüziv kadrlar üzə çıxıb.

Lim10.az xəbər verir ki, kadları videojurnalist İsgəndər Qənbərov lentə alıb.

Görüntülərdə Qarabağ işğaldan azad edildikdən sonra ilk dəfə çəkiliş qrupu “İmarət” stadionuna daxil olmazdan əvvəl  çəkilib.

Jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən ANAMA əməkdaşları ərazidə mina olub-olmamasını yoxlayıblar.

Kadrlarda həmçinin bir sıra tarixi türbə və qəbiristanlıqlar da gözə çarpır.

Qeyd edək ki, işğaldan azad edildikdən sonra sözügedən ərazidə Prezidentin sərəncamı ilə Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
Xatırladaq ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. 

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş digər xanların qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşib. 

Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bədnam qonşularımız tərəfindən dağıdılıb.

Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

1952-ci ildə tikilən və 1993-cü ilədək fəaliyyət göstərən “İmarət” stadionunun ərazisi də sözügedən kompleksə daxil edilib.

1993-cü ilin iyununda Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən yeni "İmarət" stadionunun təməli qoyulub. Stadionun tikintisinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.

Billurə