Qref: Rusiya iqtisadiyyatı durğunluğa girib

Rusiya iqtisadiyyatı hakimiyyətin gözlədiyindən daha sürətlə zəifləyir.

Lim10.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, nazirliyin baza proqnozu daha da pisləşdirilərək yenidən nəzərdən keçiriləcək.

Eyni mövqeni forumda “Sber”in rəhbəri German Qref də səsləndirib. O, 2025-ci ilin ikinci rübündə ölkə iqtisadiyyatının faktiki olaraq “texniki durğunluq” mərhələsinə daxil olduğunu vurğulayıb.

Qrefin sözlərinə görə, iyul və avqust aylarında ÜDM artımı “sıfıra yaxınlaşma əlamətləri” göstərib. Əsas tormozlayıcı amil isə Mərkəzi Bankın yüksək faiz dərəcəsidir. “Sber”in proqnozuna əsasən, ilin sonuna faiz dərəcəsi təxminən 14% olacaq, lakin iqtisadi canlanma üçün 12% və daha aşağı səviyyə tələb olunur.

“Sonradan iqtisadiyyatı dirçəltmək onu soyutmaqdan xeyli çətin olacaq. Ümid edək ki, Mərkəzi Bank iqtisadiyyatın resessiyaya keçməsinə yol verməyəcək”, — deyə Qref bildirib.