Ermənistan Ərdəbildə xərçəng xəstəliyi yayır


İyulun 7-də Xudafərin körpüsü yaxınlığında Araz çayı qırağında İran sərhədçiləri tərəfindən həbs edilən 6 güneyli fəal sərbəst buraxılıb.

Mustafa Əvəzpur, Rəhim Sasani, Sədullah Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Noruzi adlı fəalların 28 saat dindirildikdən sonra sərbəst buraxıldıqları bildirilir.

Yaxınlarının bildirdiyinə görə, fəallar Ermənistanın Araz çayını çirkləndirməsi və nəticədə Araz qırağı bölgələrdə xərçəng xəstəliyinin yayılmasına etirazlarını bildirmək üçün Araz sahilində aksiya keçirmək niyyətində olublar.

Qeyd edək ki, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilib.

Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində xərçəng xəstəliyinin sürətlə yayılmasından sonra bir neçə millət vəkili və yerli rəsmilər hökumət qarşısında məsələ qaldırıb. 

Yerli əhali və ekofəalların çoxsaylı etirazlarından sonra Parsabad və Biləsuvar şəhərlərinin İran parlamentindəki nümayəndəsi Şəkur Purhüseyn məsələ ilə bağlı açıqlama verib.

O, Ərdəbil bölgəsində "xərçəng sunamisi"nin baş verdiyini və bunun təhlükəli səviyyəyə çatdığı barədə xəbərdarlıq edib.

"Baş verənlər sübut edir ki, Ermənistanın sənaye tullantıları səbəbindən Araz çayında ağır metalların çox olması xərçəng xəstəliyinin yayılmasına səbəb olub",- millət vəkili bildirib.

Mayın 1-də isə Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə Ərdəbilin xərçəng xəstəliyinin sürətlə yayılmasına görə İran əyalətləri arasında ilk yeri tutduğunu söyləyib. (Gunaz)