Fransalı nazirin evində axtarış aparılıb

Fransa polisi korrupsiya araşdırması ilə əlaqədar mədəniyyət naziri Raşida Datinin mənzillərində və ofisində, həmçinin Parisin 7-ci dairəsinin meriyasında axtarışlar aparıb.

Lim10.az xəbər verir ki, bu barədə "Nouvel Obs" jurnalı Fransa Milli Maliyyə Prokurorluğuna (PNF) istinadən məlumat yayıb.

İstintaq 2025-ci il oktyabrın 14-də "aktiv və passiv korrupsiya, nüfuz alveri, dövlət vəsaitlərinin mənimsənilməsi, bu cinayətlərdən əldə edilən gəlirlərin qanunsuz dövriyyəsi və yuyulması" maddəsi ilə başlayıb.

Müstəntiqlərin fikrincə, Dati Avropa Parlamentinin üzvü olduğu 2009-2019-cu illər arasında "GDF Suez" şirkətindən 299 min avro "haqq" alıb, lakin Avropa Parlamentinə vəsaitin alınması barədə bəyannamə təqdim etməyib.

İddialara görə, istintaq gizli aparılıb. Bu arada, jurnal bu ilin iyununda xəbər vermişdi ki, hazırkı nazir 2010 və 2011-ci illərdə də "GDF Suez"dən pul alıb və bu, ödənişlərin işləndiyi hüquq firmasının sənədlərinə istinadən olub.

Jurnal qeyd edib ki, yeni təhqiqat 2026-cı il seçkilərində Paris merliyinə namizədliyini irəli sürməyi planlaşdıran Dati üçün əlavə maneə yarada bilər.

2021-ci ildə Datiyə qarşı 2009-2011-ci illərdə "Renault-Nissan"ın o vaxtkı baş direktoru Karlos Qona konsaltinq xidmətləri göstərməkdə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə daha bir cinayət işi açılıb.

Datinin özü avtomobil konserni rəhbərinin maraqları üçün lobbiçilik etmək ittihamlarını rədd edir və şirkətin beynəlxalq bazarlarda, xüsusən də Yaxın Şərqdəki fəaliyyəti ilə bağlı yalnız məsləhətlər verdiyini iddia edib.

Qeyd olunub ki, bu xidmətlərə görə "Renault-Nissan" alyansının Niderland filialı vasitəsilə 900 min avro alıb. Müstəntiqlər hesab edirlər ki, o, konsaltinq fəaliyyəti ilə məşğul olmayıb, əksinə, "milli və Avropa siyasi liderləri arasında" şirkətin maraqları üçün lobbiçilik edib. Bu istintaq üzrə məhkəmə iclasları 2026-cı ilin sentyabrına təyin edilib.