Polşalı həkimlər Saakaşvilini müayinə edəcək

Polşadan olan həkimlər Mixail Saakaşvilini tibbi müayinədən keçirmək üçün Gürcüstana gəliblər

Polşanın bir qrup həkimi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb, Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Giorgi Çaladze 5 həkimin Gürcüstana gəldiyini dəqiqləşdirib. Onun sözlərinə görə, onların missiyasının şərtləri məhdud deyil - onlar ölkədə lazım olan qədər qalacaqlar. “Novosti-Georgia” yazır ki, tibbi hesabat məxfi olacaq, o, Aİ ölkələrinə veriləcək.

M.Saakaşvilinin tibbi müayinəsi ilə bağlı danışıqlar bir neçə ay idi - Polşa hakimiyyəti hələ 2023-cü ilin martında həkimləri göndərməyə hazır olduqlarını bildirsə də, Gürcüstan uzun müddət buna razılıq vermədi.

“Altı aylıq gecikmədən sonra hökumət nəhayət həkimlərə Mixail Saakaşvilini xəstəxanada ziyarət etməyə icazə verdi. Həkimlər onun vəziyyətini öyrənəcək və nəticə çıxaracaqlar”, - keçmiş prezidentin vəkili Dito Sadzaqlişvili AFP-yə bildirib.

Mixail Saakaşvili 2021-ci ilin payızından həbsdədir. Gürcüstan məhkəmələri tərəfindən bir neçə iş üzrə qiyabi hökm oxunan Saakaşvili sərhədi qanunsuz keçərək ölkəyə qayıtdıqdan sonra həbs edilib.

Həbsdə olan siyasətçinin vəkilləri dəfələrlə Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşdiyini bildiriblər. 2022-ci ilin may ayından siyasətçi Tbilisidəki Vivamed klinikasındadır. Məhkəmə iclasları zamanı 20 həkim Saakaşvilinin vəziyyətinin son dərəcə ağır olduğunu bildirib. 2023-cü ilin fevralında Saakaşvilinin 67 kiloqram çəkisi olduğu bildirilirdi. Həbs olunmazdan əvvəl onun çəkisi 116 kiloqram, boyu 195 santimetr idi.